Top.Mail.Ru
ARAŞDIRMAbanner

İran xarici siyasətinin ölkəni uçuruma aparan TAKTİKASI: “Dəli adam” NƏZƏRİYYƏSİ NƏDİR? – ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

Əvvəlcə qeyd edim ki, “Dəli adam” nəzəriyyəsinin patenti amerikalılara aiddir və mənası “çılğın, təhdidkar davranaraq, qarşı tərəfdən özü üçün gərəkli imtiyazlar almaq” deməkdir.

ABŞ-ın yeni prezidenti Cozef Bayden İranla nüvə razılaşmasını yenidən canlandırmaq üçün bəzi həmlələr edir. Yəni, Bayden sələfi Trampın evangelist neokonların və yəhudi lobbisinin təsiri altında 4 il yürütdüyü sərt İran siyasətini yeni məcraya daşımaq niyyətindədir. Hər halda, Bayden İran siyasətində kardinal dəyişikliklərə getməsə də, bəzi fərqli addımlar atmaq istəyir. Təbii ki, bunu zaman göstərəcək.

İran, ona qarşı ağır iqtisadi sanksiyalara rəğmən, beynəlxalq münasibətlərdə “gəlir-ziyan” prinsipini gözardı edərək, ABŞ-a qarşı ideoloji mübarizəsini davam etdirməkdə qərarlı görünür.

Belə ki, rejim regional müdaxilələri qızışdırmaq, BƏƏ-yə hücum etmək, İsraili xəritədən silmək kimi populist və aqressiv üslubunu daha da artırır. Bundan başqa, rejim rəqiblərini nüvə silahı yaratmaqla, daxildəki müxalifəti əzməklə, İranı beynəlxalq təcridə məruz qoyaraq ölkəni daha da çıxılmaz vəziyyətə düçar edir.

Ortaya maraqlı sual çıxır: rejim Qərbə qarşı niyə bu qədər aqressiv siyasət izləyir?

Biz bu suala cavab axtararkən, ikinci sual da aktual mahiyyət daşıyır:

Beynəlxalq münasibətlərdə “gəlir-ziyan” prinsipinə hörmət etməyən islam respublikası qlobal arenada siyasi aktyor kimi qəbul oluna bilərmi? Və yaxud İran beynəlxalq münasibətlər sistemində “Dəli dövlət” olaraqmı qəbul olunmalıdır?

“Dəli adam” nəzəriyyəsi

Riçard Nikson ABŞ-ın 37-ci prezidenti idi. Nikson, Makiavellinin “dəli kimi davranmaq” nəzəriyyəsindən öz siyasətində istifadə edirdi. 1969-cu ildə Nikson adminstrasiyası şimali Vyetnamın liderləri ilə bacara bilmirdi və müharibəni dayandırmaq üçün yol(lar) axtarırdı. Nikson, Henri Kissincerin vasitəsi ilə Sovet İttifaqı və Şimali Vyetnama xəbər göndərdi ki, mən nüvə silahı istifadə etməklə, hər yola baş vura bilərəm.

Görürsünüz, Nikson tipik makiavelist siyasətçi idi: məqsədə nail olmaq üçün hər yol mübahdır.

O vaxt, Ağ Evdə işləyən bir amerikalı siyasətçi demişdi ki, bu, Niksonun “Dəli adam” teoriyasının tətbiqidir. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, dəli kimi davranış sərgiləmək və təhdidkar olmaqla, qarşı tərəflə diplomatik bazarlıq gücünü artıraraq bəzi imtiyazlar, üstünlüklər əldə etmək mümkündür.

Qeyd edim ki, Tomas Şellinq, Daniel Ellsberq kimi məşhur amerikalı strateqlər Riçard Niksondan əvvəldə “Dəli adam” nəzəriyyəsinə uyğun nəzəriyyələr səsləndirmişdilər.

Şellinqin müəllifi olduğu “oyun nəzəriyyəsi” diplomatiya və müzakirələr prosesində siyasi liderlərin üstünlük verə biləcəkləri rasional üsullardan biridir.

Elsberqə görə isə, bəzən şantajçı dövlət əvvəlcə qarşısındakı dövlətə bəzi tələblər irəli sürür. Əgər, bu tələblər qəbul edilməzsə, müharibə təhdidini işə salır. Biz buna “basqı diplomatiyası”-da deyə bilərik.

Siyasi psixoloqlar və beynəlxalq münasibətlər üzrə politoloqlar vurğulayırlar ki, Adolf Hitler, Nikita Xruşov, Səddam Hüseyn, Müəmmər Qəzzafi, Mahmud Əhmədinejad, hətta Donald Tramp kimi siyasi liderlər vaxtaşırı özlərini dəli kimi göstəriblər. İngilis dilində “dəli” sözü “crazy”, “stuped”, “insane”, “irrational” kimi tərcümə olunur. Bu nəzəriyyənin mənası odur ki, bir dövlət və yaxud lider normal tələblərdən yayınır, gəlir-ziyan prinsipinə əsaslanan standart və məqbul davranışlardan uzaqlaşır, nəticəsi cəmiyyət üçün ağır ola biləcək qərarlardan geri çəkilmir.

Məsələn, Nikita Xruşov 1958-ci ilin noyabrında qərb dövlətlərinə ultimatum verərək demişdi ki, Berlindən çəkilməsəniz, şəhəri məhv edəcəm. Ancaq qərb dövlətləri Xruşovun bu təhdidinə boyun əyməmişdilər. Bax bu, Xruşovun “Dəli adam” nəzəriyyəsi idi. Eyni taktika ilə Səddam Hüseyn və Müəmmar Qəzzafi də ABŞ-ı kimyəvi qırğın silahları yaratmaqla təhdid etmişdilər.

İranın son 40 ildəki xarici siyasətini analiz edərkən, “Dəli adam” nəzəriyyəsini görməmək mümkün deyil.

İran rejimi birmənalı olaraq tələb edir ki, ABŞ bütün iqtisadi sanksiyaları aradan qaldırmalıdır. İran öz dövlət ideologiyası ilə Qərb rasionalizminə müqavimət göstərir. Halbuki, qərb düşüncəsi və nəzəriyyələrinə görə, rasionallıq dövlətlər arasındakı münasibətlərdə hakim gəlir-ziyan prinsipinə əsaslanır. Bu, onu göstərir ki, İran diplomatiyadan kənardır və rejimin davamlılığından vaz keçmək istəmir. Rejimin əsas tələbi islam inqilabının qazanclarını qoruyub saxlamaqdır.

Tehran görsə ki, Qərb rejimin davamlılığına qarant verir, o zaman güzəştlərə gedəcək.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button