Top.Mail.Ru
ARAŞDIRMAbanner

Muradov erməni diversantları İrəvana apardı, bəs Bakıya NƏ GƏTİRMİŞDİ? – TƏHLİL

Siyasi ekspert Kamal Əliyev

10 noyabr sazişindən sonra Azərbaycan ordusunun ələ keçirdiyi diversantlar mövzusu əvvəldə yazdığım kimi olduqca həssas məsələdir. Hərçənd, bunun Azərbaycana bir təzyiq vasitəsi olacağını dərk etmək elə də çətin deyil. Ermənilər hazırda bütün platformalarda-AŞPA, BMT və digər beynəlxalq təşkilatlarda “diversant” mövzusunu gündəmdə saxlamaq üçün dəridən-qabıqdan çıxırlar.

Srağagün Azərbaycan tərəfi daha üç diversantı Ermənistana təhvil verdi. Yəni, bu dəfə rus sülhməramlılarının komandanı Rüstəm Muradov Ermənistana əliboş qayıtmadı. Halbuki sonuncu dəfə onun təyyarəsi İravana boş göndərilmişdi. Digər tərəfdən, Yuxarı Qarabağdakı erməni əsgərlərinin Laçın koridoru vasitəsi ilə Ermənistana daşındığı görüntüləri teleqram kanallarında və sosial şəbəkələrdə görürük.

Əvvəldən də dediyim kimi, diversant mövzusu ən çox Rusiyanın işinə yarıyır. Məsələn, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda idi.

Lavrovun səfərindən əvvəl 3 diversantın təhvil verilməsi rus nazirin Ermənistan səfərinə də hesablanmış ola bilərdi. Bununla ruslar ermənilərə demək istəyir ki, siz harda qışqırıb bağırsanız da, diversantların qədəri bizim əlimizdədir.

Doğrudur, biz birmənalı olaraq, diversantların Ermənistana təhvil verilməsini fərqli formada da təhlil edə bilərik. Ancaq ortada inkar edilməyəcək bir həqiqət var:

Azərbaycana qarşı diversant məsələsində ciddi təzyiqlər var. Madam, biz 10 noyabr sazişindən sonra hissə-hissə erməni diversantları təhvil verəcəyiksə, o zaman öz şərtlərimizi də qətiyyətlə ortaya qoymalıyıq.

1-Yuxarı Qarabağ ərazisində bir dənə də olsun erməni və qondarma rejimin əsgəri qalmasın.

2-Qarabağdakı minalanmış ərazilərin xəritəsi Azərbaycan tərəfinə təhvil verilsin.

Araik Arutyunyanın və Balasanyanın silahlı çetesinin Qarabağdan yaxın gələcəkdə çıxacağı mümkünsüz görünür. Hər halda, qondarma rejimin rəsmiləri bunu tez-tez təkrarlayır.

***

Bəli, 10 noyabr sazişinə görə, erməni silahlı yaraqlıları Qarabağı tərk etməli idi. Rusiya 10 noyabr sazişini imzalayan tərəflərdən biridir və erməniləri ən azından nəzarət etdiyi ərazilərdə tərk-silah etməlidir.

Yuxarıda da qeyd etdiyim kimi, Rüstəm Muradovun aprelin 8-də gəldiyi təyyarə boş göndərilmişdi. İndi maraqlıdır, bu dəfə nə oldu ki, 3 erməni diversantını Muradovla İravana göndərdik…

Və yaxud Azərbaycan hakimiyyətinin bu jestinin qarşılığında nə aldıq?

Həmişə dediyim kimi, erməni diversantlar bizim əlimizdə ciddi “kozır”dır. Və biz diversantları hətta masada sonuna qədər öz xeyrimizə istifadə etməliyik. Hətta tələblərimizdən biri də 10 noyabr sazişindən irəli gələn regionda kommunikasiya xəttlərinin açılması olmalıdır. Əlbəttə, burda Zəngəzur koridorunu da nəzərdə tuturam. Lavrov isə dünən Ermənistanda Zəngəzur koridoru ilə bağlı ikibaşlı danışırdı. Görünür, Rusiya Azərbaycandan başqa güzəştlər də qoparmaq istəyir.

Ermənistana təhvil verilən 3 diversant mövzusunda ABŞ-ın da rolunu istisna etmirəm. Belə ki, hadisədən az öncə ABŞ-ın dövlət katibi Entoni Blinken dövlət başçısı İlham Əliyevə zəng etmişdi.

Ehtimal edirəm ki, Blinken Əliyevlə erməni diversantlar mövzusunu da müzakirə edib. Şəxsən mən erməni diversantlar məsələsində dövlətin minimum humanistlik göstərməsini istərdim. Diversantlar məsələsini elə idarə etməliyik ki, sabah ermənilərin “Azərbaycana ciddi təzyiqlər etdik və istəyimizə nail olduq” həyasızlığıyla qarşılaşmayaq. Axı biz ermənilərin xislətini ən azından son 30 ildə dərindən dərk etdik.

Necə deyərlər, pir mənimdir, kəramətinə bələdəm…

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button