Top.Mail.Ru
ARAŞDIRMAbanner

Ermənistan seçkilərinə ÜMUMİ NƏZƏR – Hakimiyyət Qarabağ klanının ƏLİNƏ KEÇƏ BİLƏRMİ? / ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

İyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri bizim də diqqətimizi çəkir. Azərbaycanlılar üçün əsas məqam Ermənistanda kimin hakimiyyətə gələcəyi yox, daha çox 44 günlük müharibədən sonra 10 noyabr sazişinə əməl edilməsidir.

Mən məsələni bir az da açıqlayım: Azərbaycan hökuməti və ümumilikdə cəmiyyət Zəngəzur dəhlizinin açılmasını gözləyir. Doğrudur, 10 noyabr sazişində konkret “Zəngəzur dəhlizi” adlı ifadə yox, regiondakı kommunikasiya əlaqələrinin bərpasından söhbət gedir. Bundan əlavə, Ermənistana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov da Ermənistanlı həmkarı Ara Ayvazyanla görüşündə bir daha kommunikasiya əlaqələrinin qurulmasını vurğuladı.

Ermənilər Zəngəzur dəhlizinə qarşı total isterika sərgiləsələr də, bu ideya təkcə onlardan asılı deyil. Zəngəzur dəhlizi mövzusu dörd dövlət – Azərbaycan, Türkiyə, Rusiya və Ermənistanın maraqları baxımından, vacibdir.

Bu gün Ermənistanın ikinci prezidenti Robert Köçəryanın İrəvandakı “Azadlıq” meydanında keçirdiyi mitinqi izlədim. Belə ki, Köçəryanın koalisiyasında daşnak İsxan Şagatelyan və Baha Hakopyan var.

Qeyd edim ki, Köçəryanın mitinqindəki fəallıq bundan əvvəl Vazgen Manukyan və onun ətrafındakı 17 müxalif təşkilatın etiraz aksiyalarından nisbətən coşquludur. Lakin, mən burda Köçəryana hər cür siyasi dəstəyi əsirgəməyən Rusiya faktorunu kənara qoya bilmərəm. Rəsmi Kremlin minimum məqsədi Köçəryan və onun koalisiyasının Ermənistan Milli Assambleyasında ana müxalifət olması, maksimum isə Robertin hakimiyyətə ikinci qayıdışını təmin etməkdir.

Lakin, Ermənistandakı ictimai-siyasi mühiti analiz edən ruslar indiki situasiyada Köçəryanın qələbə qazanacağına spektik yanaşır.

Rus siyasiləri onun fərqindədir ki, Qarabağ klanının üzvü Köçəryanın erməni cəmiyyətindəki reputasiyası elə də yaxşı deyil.

Sadə ermənilər Köçəryanı, hətta onun xələfi keçmiş prezident Serj Sərkisyanı oğru, bandit kimi tanıyırlar. Ən azından, ciddi sayda erməni Qarabağ klanının hakimiyyətində korrupsiyanın, dövlət büdcəsinin tarumar edildiyini unutmayıb. Zənnimcə, Rusiya iqtidarı, prezident Putin də revanşistlərin iqtidar olma ehtimalının zəif olduğunu qəbul edib.

Rus və politoloqlar hesab edir ki, 44 günlük müharibədən qərbyönümlü Paşinyan “ağır dərs” alıb və bundan sonra onun siyasi müqqədəratının Rusiyadan asılı olduğunu dərk edib.

Azərbaycanlıların isə əsas qayğısı Köçəryanın hakimiyyətə gələcəyi təqdirdə, 10 noyabr sazişinə əməl edib-etməməsidir.

Hesab edirəm ki, Köçəryan maksimum halda 10 noyabr razılaşmasını, Zəngəzur dəhlizi məsələsini bir müddət gecikdirə bilər. Bəli, məlum razılaşmanın bir tərəfi də Rusiyadır. Belə olan təqdirdə, Putinin göstərişindən Köçəryanın yayınması mənə inandırıcı gəlmir. Üstəlik, regionda nəqliyyat dəhlizinin bərpası həm də Rusiyanın şimal-cənub, şərq-qərb geopolitik hədəflərinə də uyğun gəlir.

İndi Ermənistanda aktiv seçki mərhələsidir. Siyasi koalisiyalar və ictimai təşkilatlar 132 nəfərlik Ermənistan parlamentində təmsil olunmaq üçün populist bəyanatlar verirlər. Fikrimcə, erməni siyasətçilərin 10 noyabr sazişinin bəndlərinə vaxtaşırı etirazları və revanşist hissləri seçki dövrü üçün hesablanıb.

Bəzi ekspertlər hesab edir ki, Köçəryan daşnak İsxan Şagatelyan ilə eyni koalisiyada təmsil olunursa, seçkini qazanacağı təqdirdə (buna cüzi ehtimal verirəm) 10 noyabr sazişinə qarşı çıxacaq və 3- cü Qarabağ müharibəsinə başlayacaq. Əvvala, ermənilər həmişə olduğu kimi, Rusiyanın icazəsi olmadan, riskə gedəcək xalq deyillər. Biz bunu ermənilərin yaxın siyasi tarixindən bilirik.

Digər tərəfdən, Dağlıq Qarabağda yeni müharibənin alovlanmasında Qərb də maraqlı deyil. ABŞ-ın yeni prezidenti Baydenin də bunda maraqlı olacağını zənn etmirəm. Cozef Baydenin saxta soyqırımı tanıması ermənilər üçün təsəllidən başqa bir şey deyil.

Mən həmişə hesab etmişəm ki, Ermənistanın müqəddəratı elə həmişə Rusiyadan birbaşa asılı qalmaqda davam edəcək. Eyni zamanda, Qərb də Ermənistanın Rusiyanın arxa baxçası olduğu reallığı ilə çoxdan barışıb.

Bütün bunları dərindən analiz etdikdə görürük ki, Ermənistanda hətta revanşistlərin iqtidara gələcəyi təqdirdə belə, müharibə ehtimalı olduqca zəifdir. Yəni, erməni cəmiyyətində dərin məğlubiyyət acısı var. Bu baxımdan, Ermənistan üçün yenidən müharibəyə başlamaq intihar ola bilər.

***

Qayıdaq bu günki mitinqdə Köçəryanın çıxışına.

Robert Köçəryan həm keçmiş prezidentlər Levon-Ter Petrosyana, həm də Serj Sərkisyana müraciət edərək dedi ki, gəlin seçkiyə vahid blok halında olmasa da, ittifaq şərtilə gedək.

Köçəryan dedi ki, sabiq prezidentlər ittifaq halında seçkiyə qatılsalar, o, bundan məmnun qalar. Hərçənd, Petrosyan bundan əvvəl Köçəryana birlikdə seçkidə iştirak etməyi təklif etmişdi. Necə deyərlər, Robert əvvəlcə naz edirdi. Lakin, Köçəryan bu gün istədiyi izdihamı görməyincə, geri addım atdı. Görünür, hər üç keçmiş prezident Paşinyana qalib gəlməyəcəklərinin fərqinə varıb.

Görək, Petrosyan və Sarkisyanın Robert Köçəryanın bu təklifinə münasibəti necə olacaq?

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button