Top.Mail.Ru
ARAŞDIRMAbanner

​İrəvanın Çin “arzusu”: Ermənistan Rusiyadan qurtularaq… – ŞƏRH

Еrmənistan Zəngəzur dəhlizinə görə narahatdır. Prezident İlham Əliyevin “Ermənistan istəsə də, istəməsə də, Zəngəzurdan dəmir yolu çəkəcəyik” açıqlaması İrəvanda geniş müzakirələrə səbəb olub. Ermənistanda bu gün Qarabağ mövzusundan çox, Zəngəzurun gələcək taleyindən danışırlar.

KAİM.az Azadinfo.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O, bildirib ki, Ermənistandakı müxtəlif qruplar son zamanlar Rusiyanı tənqid etməyə başlayıblar:

“Onların fikrincə, Rusiya Ermənistanı Azərbaycandan qorumur. İrəvan çox istəyərdi ki, Rusiyanın həm Zəngəzurda yeni hərbi bazası olsun, həm də rusiyalı sərhədçilər Azərbaycanla sərhəddə yerləşsinlər. Çünki özlərinin buna nə gücü, nə də maliyyəsi çatır. Moskva prinsip etibarilə İrəvana “yox” deməyib. Ancaq Moskva baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hər istədiyini anında yerində yetirməkdən də uzaqdır. Buna görə də Ermənistandakı bəzi siyasətçilər son günlər Rusiyaya əvəz axtarmağa başlayıblar. Bu sırada əsas adı çəkilən dövlət Fransadır.

Paris birmənalı ermənipərəst mövqe tutub. Fransa Prezidenti Emmanuel Makron ermənilərə dəstəyini müxtəlif formalarda göstərir. Ancaq Fransa bölgədən uzaqdır və Rusiyanın Ermənistandakı hərbi bazalarını əvəz etmək kimi fikri yoxdur.

Ermənistanın bəzi qərbpərəst siyasətçiləri ara-sıra ABŞ-ın da adını çəkirlər. Yəni ABŞ Rusiyanın Ermənistandakı hərbi bazalarını əvəz etsin. Bu da xülyadan başqa bir şey deyil. Əlbəttə, Amerikada ermənipərəst mövqedən çıxış edənlər az deyil, ancaq onlar Ağ Ev və Pentaqonu Ermənistanda hərbi baza yaratmağa məcbur edə bilməzlər. Həm də bu Amerikanın prinsiplərinə ziddi olar. Amerika nə qədər ermənilərə dəstək versə də, Ermənistan Rusiyanın formalaşdırdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Birincisi, Ermənistan hakimiyyəti Amerikaya hərbi baza istəyi ilə bağlı Vaşinqtona müraciət etsə, İrəvan Moskvadan alacağı zərbənin miqyasını hesablamaq məcburiyyətində qalacaq. İkincisi, Gürcüstan ABŞ-a Ermənistandan daha yaxın strateji müttəfiqdir, Pentaqonun heç bu ölkədə hərbi bazası yoxdur, halbuki, Tiflis bunu çoxdan istəyir”.

Politoloq deyib ki, Ermənistanda Rusiyanı əvəz edəcək üçüncü ölkəni də “tapıblar” – Çin:

“Erməni saytlarından birinin redaktoru yazıb ki, Ermənistana Zəngəzurda Çinin hərbi bazası lazımdır: “Çinin hərbi bazası Rusiyanın hərbi bazasını əvəz etməyəcək. Çinin hərbi bazası Rusiyanın hərbi bazasıyla qonşuluqda yerləşməlidir. Belə bir praktikadan Qətər dövləti də istifadə edir. Bu ölkədə ABŞ-ın 1, Böyük Britaniyanın 1, Türkiyənin 2 hərbi bazası var”.

Erməni saytının redaktoru Çinin Ermənistanda hərbi bazasının varlığını bu şəkildə izah edib: “Birincisi, İran öz sərhədində Rusiya ilə yanaşı yalnız Çinin hərbi bazasının yaradılmasına müsbət yanaşa bilər. Misal üçün, ABŞ və Fransa Ermənistanda hərbi baza yaratmaq istəsə, bu, İranın narazılığına səbəb olacaq, Tehranla İrəvan arasındakı münasibətlərdə gərginlik olacaq. İkincisi, Çinin Ermənistanda hərbi baza yaratması Çin-İran-Ermənistan-Gürcüstan dəmir yolunun tikintisini sürətləndirə bilər. Üçüncüsü, İran Çinlə 25 illik strateji saziş imzalayıb. Çin İrana milyardlarla dollar investisiya qoyacaq. Çin həmin investisiyaların təhlükəsizliyini təmin etmək üçün İranın ətrafının da təhlükəsizliyini gücləndirmək məcburiyyətindədir.

Dördüncüsü, Çinin Ermənistanda hərbi bazası Rusiyanın da maraqlarına uyğundur, Moskva və Pekin Türkiyənin bölgədəki maraqları əleyhinə birgə fəaliyyət göstərəcəklər”.

Erməni redaktorun təxəyyülü güclüdür. Çinin hərbi qüdrəti artsa da, o, başqa dövlətlərdə hərbi bazalar yaratmır. Çin yalnız ətrafında hərbi qüdrətini artırır və okeanlarda iddia etdiyi adalarda hərbi bazalar yaradır. Digər tərəfdən Çində onu da anlayırlar ki, Ermənistanda hərbi baza yaratsa, Azərbaycanla və Türkiyə ilə əməkdaşlığı zərbə vuracaqlar və bu Pekinin maraqlı olduğu “İpək yolu” layihəsinə mənfi təsir edəcək. Digər tərəfdən Ermənistanın Çinlə hərbi ittifaq yaratması ideyası Hindistanın xoşuna gəlməyəcək. Onsuz da İrəvanda hindlilərin əfsanəvi lideri Mahatma Qandinin heykəlinin yandırılması unudulmayıb.

Buna baxmayaraq, Ermənistan rəsmilərinin və diplomatlarının Çinin İrəvandakı səfiri ilə tez-tez görüşmələri müəyyən suallar doğurur. Misal üçün, Çinin Azərbaycandakı səfiri Ermənistandakı səfiri qədər fəal deyil”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button