
Ermənistan hələ də öz işğalçı siyasətinə haqq qazandırmaqla yanaşı, dövlət olaraq terrorçuluğu da davam etdirir. Belə olduğu halda Azərbaycan BMT-nin qətnamə və qərarlarını tək başına icra edərək, beynəlxalq hüququ bərpa edir. Bu gün Azərbaycan öz ərazisini bərpa etməklə yanaşı, regiona yeni düzən gətirir. İşğal edilmiş əraziləri Ermənistan tək başına işğal etməyib və uzun illər problemin həll edilməməsinin səbəbi də həmin qüvvələrin himayədarlığının nəticəsidir.
Son zamanlar haqqında danışılan yeni dünya sisteminin qurulması əlbəttə ki, dünya gücləri tərəfindən aparılır. Yeni sistem ilk başlanğıcda beynəlxalq hüququn bərpası və sülhün təmin olunması kimi görsənir. Bununla yanaşı demək olar ki, yeni sistemdə hansı xalqların dövləti olacağını və onların sərhədlərini kimin qoruyacağını “yeni sistem” rəhbərliyinin qərar verəcəyini deyə bilərik. Çox zaman dövlətlərin sərhədləri müəyyən edilən zaman beynəlxalq güclər öz nüfuzlarını saxlamaqdan ötəri mübahisəli ərazilər yaradırlar. Buna misal olaraq Pakistan-Hindistan, Çin-Hindistan və digər dövlətlərin ərazilərini göstərmək olar. Bu formalı mübahisə və münaqişələr dünya güclərinin bir növ varlığını saxlayır.
Belə ki, qonşu ölkələr arasında mübahisə və münaqişə varsa, dövlətlər məcburən silahlanmağa üstünlük verir. Bununla da hegemon ölkələrin silah sənayesi inkişaf edir. Həmçinin müharibə edən ölkələr beynəlxalq güclərdən dəstək almağa çalışır. Belə olduğu halda hegemon dövlətlərin varlığı təsbit olunmuş olur. Böyük güclərin öhdəlik və cavabdehliyi qarşılıqlı anlaşma formasındadır və yeni bir gücün yaranmasını qəbul və həzm edə bilmirlər. Demək olar ki, hazırda beynəlxalq münasibətlər qanuna və hüquqa deyil, irqi, dini və çox vaxtda hegemon ölkə başçıların şəxsi münasibətlərindən aslıdır. Bu səbəbdən də günümüzdə kifayət qədər münaqişə və problemlər mövcuddur.
Sadaladığımız bu çatışmazlıqları nəzərə alaraq deyə bilərik ki, artıq yeni dünya düzəninə ehtiyacımız var. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş və bu gündə uğurla İlham Əliyev tərəfindən aparılan “Balanslaşdırılmış xarici siyasət” adı verilmiş Azərbaycanın xarici siyasətinin baza sütunu müttəfiq və qardaş ölkələrlə olan əlaqələri genişləndirmək, böyük güclərlə isə qarşılıqlı maraqlar çərçivəsində davam edən siyasət özünü tam doğrultmuşdur. Bu əməkdaşlıq və münasibətlər əslində yeni dünya sisteminin bir parçasıdır. Eyni zamanda qeyid etmək lazımdır ki, bu gün güc mərkəzlərinin haqqında danışdığı yeni sistemin formalaşıb yaranmasında Azərbaycan dövlətinin xüsusi rolu və çəkisi vardır. Artıq ölkəmiz regionun lider dövlətidir. Azərbaycansız regionda heç bir beynəlxalq iqtisadi lahiələr qurulmur. Çünki regionun gücü Azərbaycandır. Bunu nə qədər tez ermənistan və himayədarları başa düşsə, onların da xeyirinə olar. Hər bir şeyin zamana ehtiyacı var.
Zaman bizim xeyirimizədir. Qələbə bizimdir!
“Kainat” Analitik İnformasiya Mərkəzi