Top.Mail.Ru
ARAŞDIRMAbanner

Kreml Paşinyanı SÜLH SAZİŞİnə hazırlayır: Rusiya ABŞ və Fransanı prosesə ŞƏRİK ETMƏK İSTƏMİR

Rusiya prezidenti Vladimir Putin üçtərəfli anlaşmaların icrasının Ermənistan üçün əhəmiyyətini erməni baş nazirə anlada bilib; ABŞ və Fransa isə həmsədrlər adından “yeni sənəd”in anonsunu verməklə, regiona qayıtmaq üçün son cəhdlərini edirlər…

Cənubi Qafqazda geopolitik gərginlik hələ də qalmaqdadır. Bu regionda 30 il mövcud olmuş problemlərin böyük bir hissəsi ötən il həll edildi. Azərbaycan ordusu münaqişəni BMT-nin 4 qətnaməsinin tələbləri çərçivəsində nizamlamağa nail oldu.

Ancaq bəzi problemlər hələlik öz aktuallığını qoruyub, saxlamaqdır. Həmin problemlərin nizamlanması isə indi daha çox müzakirələr və diplomatik manevrlər sayəsində həll edilə bilər. Və artıq bu önəmli mərhələnin başladılmasına da ciddi hazırlığın aparıldığı müşahidə edilir.

Məsələ ondadır ki, Cənubi Qafqaz böhranının köklü həllinin vaxtının çatdığını artıq bu regionda maraqları olan beynəlxalq siyasi iradə mərkəzləri də anlayır. Xüsusilə də, Rusiya bu regionda inkişaf mərhələsinin başladılmasında əsas maraqlı tərəf rolunda çıxış etməyə çalışır. Çünki Kreml həlli vacib məsələlər nizamlanmazsa, regiondakı maraqları təhlükə altında qalan kənar qüvvələrin Cənubi Qafqazda yenidən gərginliyi artıra biləcəklərinin fərqindədir.

cqafff-unnamed.jpg (26 KB)

Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri çərçivəsində ortaya çıxan bəzi nəticələr böyük anlaşmanın o qədər də uzaqda olmadığını düşünməyə əsas verir. Düzdür, erməni baş nazir Rusiya prezidenti Vladimir Putinlə görüşə “regionda münaqişə tam nizamlanmayıb” eyhamı ilə başlamışdı. Ardınca isə Rusiyanın Cənubi Qafqazda sabitliyin əsas qarantı olduğunu vurğulamışdı. Və Kremlin qarantorluq missiyasının ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti daxilində olduğuna işarə etmişdi.

Təbii ki, erməni baş nazirin bu “söz oyunu” hiyləgər manevr xarakteri daşıyırdı. Böyük ehtimalla Ermənistan baş naziri “münaqişənin davam etdiyinə” eyham vurmaqla, ilk növbədə rəsmi İrəvanın öz iddialarına sadiq qaldığını qabartmağa çalışırdı. Bu, rəsmi İrəvanın ola biləcək danışıqlarda əvvəlki status-kvoya bağlı iddialarla daxil olmaq niyyətini sezdirilməsi kimi də qəbul edilə bilər.

Digər tərəfdən, onun Rusiyanın “sabitlik təminatçısı rolu”nu Minsk Qrupu həmsədrlərinə şərik etmək cəhdi də keçmişə dönüşün mümkün olub-olmayacağının yoxlanılması təsiri bağışlayır. Çünki, heç kimə sirr deyil ki, son illərdə həmsədrlərin regionda cərəyan edən proseslərə heç bir təsiri və aiddiyyat yoxdur. Bu missiyanı hazırda Rusiya demək olar ki, təkbaşına yerinə yetirməyə çalışır. Və bu missiyaya kənar güclərin, o cümlədən də həmsədrlərin şərik edilməsinə açıq-aşkar müqavimət göstərir.

Təbii ki, erməni baş nazirin bu hiyləgər “söz oyunu” Kreml sahibi tərəfindən çox diplomatik şəkildə cavablandırıldı. Prezident V.Putin baş nazir N.Paşinyana imzalanmış üçtərəfli anlaşmaların mövcudluğunu xatırlatdı. Və onunla həmin sənədlərin icrası ilə bağlı məsələləri müzakirə etmək niyyətində olduğuna eyham vurdu.

Belə anlaşıldı ki, Kreml sahibi erməni baş nazirə “qırmızı cizgilər”in əhatə dairəsinə qayıtmağın vacivliyinin mesajını verdi. Yəni, N.Paşinyana anladıldı ki, Cənubi Qafqazda bütün məsələlər, xüsusilə də, uzunmüddətli sabitliyə əngəl olan problemlərin həlli birmənalı şəkildə üçtərəfli anlaşmaların icrasına bağlıdır. Və bu sənədlərin tələblərindən kənara çıxmağa da qətiyyən ehtiyac yoxdur.

21486912_113_0_2844_2048_1920x0_80_0_0_318dac8c08f964fc1a01033e5b93b6c8.jpg (194 KB)

Maraqlıdır ki, Ermənistan baş naziri N.Paşinyanın görüşdən sonra verdiyi açıqlama Kreml sahibinin öz niyyətinə nail olduğunu göstərir. Belə ki, erməni baş nazir prezident V.Putinlə görüşünün nəticələrini “məhsuldar” adlandırıb. Eyni zamanda, indiyə qədər imzalanmış müqavilələrin reallaşdırılması istiqamətində gərgin işləməyin lazım olduğunu vurğulayıb.

Bu isə o deməkdir ki, Kremldə üçtərəfli anlaşmaların icrasının Ermənistan üçün hansı əhəmiyyəti daşıdığı erməni baş nazirə başa sala biliblər. Əks halda, regionda yarana biləcək gərginliyin Ermənistan üçün hansı təhlükəli çağırışları vəd etdiyini anladıblar. Xüsusilə də, rəsmi İrəvanın “çoxqütblü oyunlar”ının Ermənistanı daha ağır vəziyyətə sala biləcəyi də diqqətdən kənarda qalmayıb.

Maraqlıdır ki, Putin-Paşinyan görüşündən dərhal sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkili yenidən aktuallaşıb. Belə anlaşılır ki, qarşıduran tərəflər arasında daha taleyüklü sənədlərin imzalanmasına hazırlıq başlayıb. Çünki, xarici işlər nazirlərinin biraraya gəlməs heç şübhəsiz ki, rəsmi İrəvanın da baş tutması üçün tələsdiyi Əliyev-Paşinyan görüşünə hazırlıq xarakteri daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin isə konkret və prinsipial nəzticələrinə əmin olmayacağı görüşə həvəs göstərəcəyi qətiyyən inandırıcı görünmür.

Bu baxımdan, son proseslər daha həlledici addımların atılmasına hazırlığın aparıldığından xəbər verir. Hətta Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinə yol aça biləcək yeni sənədin imzalanma ehtimalı da qətiyyən istisna deyil. Və Minsk Qrupu həmsədrlərinin də ciddi şəkildə fəallaşmağa cəhd göstərmələri bunu təsdiqləyə biləcək əlamət sayıla bilər.

Məsələ indadır ki, Fransanın Ermənistandakı səfiri Ann Luis həmsədrlərin də yeni sənəd üzərində işlədiyini açıqlayıb: «Fransa Rusiya və ABŞ-la birgə Qarabağ üzrə uzunmüddətli razılaşmanın imzalanması üzərində işləyir”.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Bu razılaşmanın detalları barədə hələlik danışılmasa da həmsədrlərin daha 30 il davam edə biləcək prosesə ümid bəsləmədikləri qətiyyən şübhə doğurmur. Çünki, həmsədrlərin yenidən Cənubi Qafqazda cərəyan edən proseslərə qoşulmasının özü də ABŞ və Fransa üçün böyük hadisə olardı. Fransa səfirinin açıqlamsının məzmunu da bunu sezdirir: “Sizə deyə bilərəm ki, Nyu-Yorkda böyük irəliləyiş oldu. Biz böyük sevinclə ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birgə iki xarici işlər nazirinin görüşünü təşkil etdik. Bu kiçik addım kimi görünə bilər, ancaq nəhəng addım idi. Ümid edirik ki, buna oxşar digər qərarlar da olacaq”.

Göründüyü kimi, sadəcə, xarici işlər nazirlərinin bir görüşü belə, ABŞ və Fransanı xüsusi olaraq, sevindirir. Çünki fransız səfirin “nəhəng addım” kimi təqdim etməyə çalışdığı bu kiçik addım Minsk Qrupuna prosesə qatılmaq ümidi verir. Halbuki bu dəfə əvvəlki şərtlər daxilində fəaliyyət də mümkün deyil.

Məsələ ondadır ki, Minsk Qrupunun prosesə qatılması ilk növbədə rəsmi Bakının siyasi iradəsinə bağlıdır. Çünki həmsədrlərin “üzərində işlədiyi sənəd” rəsmi Bakını qane etməzsə, zamanın uzadılmasına yönəlik təkliflər gündəmə gətirilərsə, Azərbaycan tərəfinin Minsk Qrupu həmsədrlərini oyundankənar vəziyyətdə saxlayacağı qətiyyən şübhə doğurmur.

Bütün bunları nəzərə aldıqda, Cənubi Qafqazda maraqlı proseslərin başlamaq üzrə olduğunu düşünmək olar. Belə ki, Rusiya üçtərəfli anlaşmaların icrasının vacibliyini qabardır. ABŞ və Fransa isə həmsədrlər adından “yeni sənəd”in hazırlandığının anonsunu verir. Ermənistan isə həm Azərbaycanla təmaslara can atır, həm də üçtərəfli anlaşmaların icrasına qarşı olmadığını sezdirir. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında yekun sülh sazinin imzalanmasına yönəlik prosesin başladıldığı qətiyyən istisna deyil. //musavat.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button