Top.Mail.Ru

ARAŞDIRMAbanner

Gürcüstanda seçki nəticələri ELAN EDİLDİ: Cənubi Qafqazın ən güclü MÜXALİFƏTİ… – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Keçən dəfə yazmışdım ki, Rusiya və Qərb Gürcüstanda Bdzina İvanişvili personası üzərində balans qurmağı bacarıblar. Ancaq bu, Saakaşvili iqtidarının qərb üçün hər hansı bir disbalans yaratdığı mənasına gəlmir. Saakaşvili və onun Vahid Milli Hərəkat Partiyası (VMHP) öz siyasi strategiyasında birmənalı olaraq, Avroatlantik məkana inteqrasiyanı hədəf olaraq qəbul etmişdi.

Təsadüfi deyil ki, bu siyasi strategiya rəsmi Moskvanı həmişə narahat edib. Mən hətta Azərbaycanın keçmiş prezidenti və Xalq Cəbhəsi hakimiyyətini də bu kontekstdə nümunə kimi göstərmişdim. Bəli, Əbülfəz Elçibəy hökuməti həm milliyətçi, həm də qərbərəst idi. Və bu, nə İranı, nə də Rusiyanı qane edirdi. Əlbəttə, mən Gürcüstan və Azərbaycan siyasəti arasında müəyyən oxşarlıqlar, hətta müəyyən paralellik apara bilərəm. Lakin bir məqamı da vurğulamalıyıq ki, Gürcüstan və Azərbaycan Cənubi Qafqazda yerləşsələr də, fərqli xüsusiyyətlər az deyil.

Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin ikinci turunda da oliqarx Bdzina İvanişvilinin nəzarətində olan hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 20 bələdiyyədən 19-nu qazandı. Görünən odur ki, Saakaşvilinin oktyabrın 1-də ölkəsinə qayıdışı müxalif elektoratı iqtidara qarşı mobilizasiya etsə də, yekun qələbəyə çevirə bilmədi.

Açığı deyim ki, mən Saakaşvilinin qurucusu olduğu, Nika Melianın sədrlik etdiyi VMHP-nın qalib gəlməsindən yana idim. Belə ki, bu il Avropa İttifaqının vasitəçiliyi ilə Gürcüstanın hakim partiyası “Gürcü Arzusu” ilə müxalifət arasında imzalanan müqaviləyə görə, əgər bələdiyyə seçkilərində hakim partiya 43%-dən aşağı nəticə göstərsəydi, 2021-ci ilin yazında ölkədə növbədənkənar parlament seçkisi keçiriləcəkdi. Halbuki, hakim partiya (GAP) daha sonra bu razılaşmadan geri çəkildi. Dünən keçirilən bələdiyyə seçkilərinin ikinci turuna görə, gələn il Gürcüstanda növbədənkənar parlament seçkiləri baş tutmayacaq. Buna rəğmən, deyərdim ki, Cənubi Qafqazın ən güclü müxalifəti hazırda Gürcüstandadır. Digər tərəfdən, onu da vurğulayım ki, Cənubi Qafqazın ən güclü iqtidarı da Gürcüstanda deyil.

Gürcüstanda siyasi polarizasiya özünün kuliminasiya nöqtəsinə çatıb. Bu o deməkdir ki, gürcü müxalifətinin İrakl Qaribaşvili hökumətinin üzərində ictimai nəzarət funsiyası zəifləməyəcək, daha artacaq və çevik olacaq.

Dünən keçirilən bələdiyyə (sakrebulo) seçkilərinin böyük şəhərlərdəki nəticələri

Gürcüstan MSK-nın son məlumatlarına görə, 20 bələdiyyəyə keçirilən seçkinin ikinci turunda hakim “Gürcü Arzusu” partiyası 19 sakrebuloda qalib gəlib.

Tbilisi
Kaxa Kaladze(GAP)-55.6%
Nika Melia(VMHP)-44.4%

Kutaisi
Losep Xakaleşvili(GAP)-51.64%
Xatia Dekanoidze(VMHO)-48.36%

Batumi
Arxil Çikovani(GAP)-48.98%
Giorgi Kirtadze(VMHP)51,02%

Rustavi
Nino Latsabidze(GAP)-53.72%
Davit Kirkitadze(VMHP)-46.28%

Poti
Beka Vaçaradze(GAP)-57.35%
Giqi Uqulava(VMHP)-42.65%

Bundan əlavə, Telavi, Tianeti, Kareli, Xaşuri, Tsaqeri, Bagdati, Tskaltubo, Ozurgeti, Senaki, Martvili, Xobi və Zuqdidi kimi şəhərlərdə də hakim “Gürcü Arzusu” partiyası qalib gəlib.

Beynəlxalq təşkilatlar seçkidə müəyyən qanun pozuntularının olduğunu qeyd etsələr də, ümumilikdə gürcü müxalifəti və iqtidarı ilə işləməkdə davam edəcəklərini deyirlər. Hazırda Avropa İttifaqı üçün əsas prioritet Gürcüstanın Ukrayna və Moldova ilə birlikdə siyasi islahatları davam etdirməsi və ittifaqa namizəd üzv olmasıdır. Avropa İttifaqı şübhəsiz ki, Mixail Saakaşvilinin azad olunması üçün iqtidara təzyiq göstərməkdə davam edəcək.

Zənnimcə, Gürcüstan siyasətində son illər dərinləşən sərt polarizasiyanı ancaq Saakaşvilini azad etmək və qərbin tələb etdiyi siyasi islahatların həyata keçirilməsi ilə həll etmək olar.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button