Top.Mail.Ru
ARAŞDIRMAbanner

Paşinyanın anti-Rusiya TƏBLİĞATI: Qarabağda Qərbin və İranın QARA DƏST-XƏTTİ – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

İrəvanın Respublika meydanında və ondan əvvəl də Rusiya əleyhinə keçirilən aksiyalarda ermənilər açıq-aşkar bu ölkənin Dağlıq Qarabağdan çıxmasını dilə gətirirlər. Hətta hayeslərin qışqırdığı şüarlardan biri də USA (ABŞ) idi. Fərz edirəm ki, anti-Rusiya etiraz aksiyalarının əsas təşəbbüskarları Ermənistan müxalifəti yox, elə Paşinyan hökumətinin özüdür. Nəzərə alsaq ki, erməni müxalifətinin lideri Robert Köçəryan Rusiya prezidenti Vladimir Putinin “ən sadiq” dostlarından biridir. Bu kontekstə ortaya sual çıxır: Ermənistanda hazırda nə baş verir və bunun sonu nə olacaq?

Bu kontekstdə iki prezumsiyanı irəli sürmək olar:

1) Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyasına hazırdır, lakin o, erməni cəmiyyətini bu prosesə hazırlamaqda çətinlik çəkir.

Doğrudur, Kəlbəcər və Laçın rayonları arasında baş verən eskalasiyadan sonra Armen Qriqoryan bəyan etdi ki, onlar sərhədlərin demarkasiya və delimitasiyasına hazırdırlar. Halbuki, Ermənistan hökuməti həm demarkasiya və delimitasiya mövzusundan, həm də Zəngəzur koridoru məsələsindən yayınırdı. Məhz bu səbəbdən Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin Moskvadakı görüşü baş tutmurdu. Biz bilirik ki, hər üç ölkənin baş nazir müavinləri arasındakı işçi komissiya 8 dəfə görüşüb və müəyyən razılıqlar da əldə olunub. Buna baxmayaraq, erməni tərəfi demarkasiya və delimitasiya məsələsini müzakirə etməyə bir halda razılıq verir ki, yekun mərhələdə Dağlıq Qarabağın statusu məsələsinə toxunulmasın.

Hesab edirəm ki, Azərbaycan tərəfi ermənilərin bu şərti ilə əsla razı olmamalıdır. Çünki, hazırda erməni cəmiyyəti Dağlıq Qarabağ məsələsində güzəştə getmək istəmir. Onlar bilir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, bu, həm də ermənilərin Dağlıq Qarabağdan nəhayət birdəfəlik əl çəkməsidir.

Göründüyü kimi, Paşinyana ən böyük təzyiq elə daxildəndir. Yəni, bu pressinq təkcə keçmiş prezident Robert Köçəryanın tərəfdarlarından deyil, həm də Paşinyanın öz elektoratı tərəfindən də müşahidə olunur.

Mən təxribatı yeni müdafiə naziri Suren Papikyanın “özfəaliyyəti” olduğu və ya Ermənistan ordusundakı rusyönümlü genralitetin əməli olduğundan daha çox elə baş nazir Paşinyanın qərarı olduğu qənaətindəyəm. Nikol Paşinyan bütövlükdə Ermənistandakı daxili auditoriyanı gələcəkdəki hər hansı müqavilənin imzalanmasına da hazırlaya bilərdi. Görünür, Paşinyan daxili auditoriyanı hazırlamaqda uğursuzdur. Hələ ki, ümumi mənzərə belədir.

2) Ermənistanın baş naziri Nikol Paşinyan NATO-nun tədbirinə dəvət olunub. ATƏT-in Minsk Qrupunun iki üzvü ABŞ və Fransa bu hərbi alyansın üzvləridir.

Üstəlik, Ermənistan hökuməti bir müddətdir ki, Minsk qrupunu yenidən Dağlıq Qarabağ konfliktinin həllinə çəkmək istəyir. Rusiya isə ATƏT-in Minsk qrupunu bundan sonrakı prosesdə yalnız humanitar problemlərin həllində görmək istəyir. Ermənistanda 44 günlük müharibədən sonra Rusiyaya qarşı o qədər aqressivlik müşahidə olunmaqdadır ki, onlar nə Zəngəzur koridorunun realizə edilməsini istəyirlər, nə də Rusiya ordusunun Baş Qərərgahındakı sərhədlərlə əlaqəli arxiv sənədlərinin açılmasında maraqlıdılar.

Bütövlükdə erməni cəmiyyəti ondan ehtiyyat edir ki, arxiv sənədlərinin açılması nəticəsində daha başqa əraziləri də (təbii ki, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi də bura aiddir) Azərbaycana təhvil verməli olacaqlar.
Ermənilərin bir məqsədi də budur ki, Dağlıq Qarabağın yekun statusu, əhalinin öz müqəddaratını (self determinasiya) təyin etməsini BMT TŞ-nın müzakirəsinə çıxarıb keçmiş DQMV ərazisini beynəlxalq nəzarətə verməkdir. Ermənilər düşünür ki, bu prosesdən sonra bölgədə öz müqəddəratını təyin etmək üçün referendum keçiriləcək və nəticəni Azərbaycan tərəfi də tanımağa məcbur olacaq.

Bu insanlar elə zənn edir ki, dünya erməniçiliyin üzərində fırlanır. Yəni, həm erməni siyasi isteblişmenti, həm xalqın böyük hissəsi, həm də diaspor Rusiyaya inanmırlar və bu səbəbdən də düşünürlər ki, ABŞ və Fransa kimi qlobal güclərin sayəsində Dağlıq Qarabağa yiyələnə biləcəklər.

Ermənilərin bu məsələ də müəyyən dərəcədə haqlı olduğunu deyə bilərik. Bilirik ki, uzun illərdir elə ATƏT-in Minsk Qrupunun üzvləri ABŞ, Rusiya və Fransa əslində Ermənistanın haqsız mövqeyini müdafiə ediblər.

Son olaraq onu da deyək ki, İran da sərhəddə baş verən eskalasiyaya rəsmi münasibət bildirib.

Tehran hadisələrdən dərin narahatlıq keçirdiyini bəyan etməklə yanaşı, tərəfləri beynəlxalq hüquqa uyğun olaraq bir-birinin dövlət sərhədlərinə hörmət etməyə çağırıb. İş ondadır ki, İran yaxşı bilir ki, sərhədi pozan Azərbaycan yox, onun strateji müttəfiqi Ermənistandır.

Digər tərəfdən, 30 ildir elə beynəlxalq hüququn Ermənistan tərəfindən pozulduğunu guya İran bilmirdi. Sanki az qala üç dekada ərzində Azərbaycan ərazisindən keçməklə və beynəlxalq hüququn subyekti olmayan “Artsax” ilə ticarət edən İran olmayıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button