Top.Mail.Ru
ARAŞDIRMAbanner

Putinin Brüssel görüşündən ƏVVƏLKİ ADDIMI: Kreml vasitəçilik rolunu Aİ-YƏ VERMİR – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının prezidenti Şarlz Mişelin təşəbbüsü ilə dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə görüşəcəyi müsbət addımdır.

Bu, həm də ona görə müsbət dəyərləndirilməlidir ki, Cənubi Qafqazda bir-biri ilə yola getməyən iki ölkə arasında müzakirələr Rusiyanın monopoliyasından çıxa bilər və Kremlə möhtac olmadan tərəflər arasında alternativ təmas, ünsiyyət imkanları yarada bilər.

Biz bilirik ki, 44 günlük müharibədən sonra Rusiya özünü Cənubi Qafqazda, xüsusilə Azərbaycan və Ermənistan arasındakı proseslərdə tək, əvəzolunmaz və alternativsiz “güc” kimi göstərir. Yəni, Rusiya Dağlıq Qarabağ ərazisinə öz “sülhməramlı” kontingentini dislokasiya etməklə, əslində, problemi növbəti soyuq fazaya keçirib.

Elə bu həftə və ondan qabaq da Azərbaycan və Ermənistan arasında baş verən qanlı insidentlərdə də Kremlin birbaşa olmasa da, dolayı yolla barmağı var.

Doğrudur, biz deyə bilərik ki, Türkiyə artıq Cənubi Qafqazdadır. Ancaq bir həqiqəti də unutmamalıyıq və etiraf etməliyik ki, Türkiyənin Cənubi Qafqazda mövcudluğu Kremlin cızdığı çərçivədən kənara çıxmır. Üstəlik, hər iki ölkənin qərblə problemləri var və bu, onları Qarabağ probleminin indiki durumunda daha həssas olmağa sövq edir.

Digər tərəfdən hesab edirəm ki, Brüsseldə Əliyev və Paşinyan arasında Şarlz Mişelin təşəbbüsü ilə baş tutacaq görüşdən rəsmi Moskvanın xəbəri var və tərəflər də Rusiya hökumətini məlumatlandırıblar. Bir məsələ də həqiqətdir ki, Rusiya hər şeyə rəğmən, Azərbaycan və Ermənistan rəhbərlərinin birbaşa görüşünü heç bir vəchlə istəməzdi.

Rusiya maksimum səy göstərir ki, problem onun inhisarından çıxmasın və tərəflər arasında hər hansı qarşılıqlı diplomatik görüş, təmas baş tutacaqsa, bu, yalnız onun patronajlığı altında reallaşsın.

Bir pozitiv məqamı da vurğulayım ki, Şarlz Mişelin Əliyev və Paşinyanla telefon danışığında sərhəd xəttində toqquşmaların qarşısının alınması üçün iki ölkənin müdafiə nazirlərinin birbaşa əlaqə yaratması haqqında müştərək razılaşma əldə edilib.

Dəfələrlə vurğuladığım kimi, Azərbaycan və Ermənistan arasında hərbi eskalasiyanın dərinləşməsi Avropa İttifaqının starateji maraqları ilə üst-üstə düşmür. Bu, hər şeydən əvvəl Aİ üçün humanitar problemdir. Zatən Aİ uzun illərdir Yaxın Şərqdə, Ukraynada baş verən problemlərdən də öz nəsibini alıb.

Güman edirəm ki, dekabrın 15-də Brüsseldə baş tutacaq Əliyev-Paşnyan görüşündə sərhədlərin demarkasiya-delimitasiya məsələsi də əsas müzakirə mövzularından biri olacaq. Hər halda, Aİ-də sərhədlərin müəyyən edilməsi və cızılmasında öz texniki imkanlarını tərəflərə təqdim edə bilər.

Bundan əlavə, Aİ Azərbaycandakı erməni əsirlərinin qaytarılmasında və mina xəritələrinin verilməsində də təşəbüskarlıq göstərə bilər.

Son olaraq onu da deyim ki, Rusiya Federasiyasının xarici işlər Naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında dedi ki, onlar çox yaxın tarixdə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli görüşün baş tutması üçün çalışırlar. Hərçənd, Lavrovun da vurğuladıgı üçtərəfli görüş noyabr ayının ilk ongünlüyündə keçirilməli idi.

Görünür, rəsmi Kreml çalışır ki, Azərbaycan və Ermənistan hərbçiləri arasındakı təmas xəttində hərbi eskalasiya halları o qədər ciddi hal alsın ki, tərəflər son mərhələdə birbaşa rəsmi Moskvanın cızdığı konfiqurasiyadan çıxa bilməsinlər.

Proqnozum odur ki, Rusiya qarşıdakı 1-2 həftə ərzində üçtərəfli görüşü təşkil edərək, Aİ-yə göstərməyə çalışacaq ki, hər şey mənim nəzarətimdədir və sizin vasitəçi, təşəbbüskar olduğunuz görüş daha çox formal xarakter daşıyacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button