Top.Mail.Ru
ARAŞDIRMAbanner

Brüssel görüşünün MAHİYYƏTİ: Cənubi Qafqaz Rusiyanın caynağından QURTULACAQ MI? – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Görürəm və təəssüf edirəm ki, bəzi azərbaycanlılar dekabrın 15-də Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşünə elə “məna”, “əlahiddə əhəmiyyət” yükləyirlər ki, adamın matı-mutu quruyur.

Aİ Şurasının prezidenti Şarlz Mişelin bu təşəbbüsü təqdirəlayiqdir və müsbət dəyərləndirilməlidir. Amma və lakin bəzi azərbaycanlılar, daha doğrusu, politika nəzəriyyəsindən, beynəlxalq münasibətlər, geopolitika, geostrategiya haqqında heç bir məlumatı olmayan tiplər deyir ki, yox e, ə kişi, Rusiya getdi və problemi qərb həll edəcək.

Yadınızdadırsa, 2020-ci fevralın 15-də Münxen Təhlükəsizlik Konfransında Əliyev-Paşinyan görüşü keçirilmişdi. İki lider biraz tarixdən danışmışdılar. Xüsusilə, Nikol Paşinyanın Qafqaz bürosu sözünü “Kukeyşn büro” kimi səhv tələffüz etməsi dillər əzbəri olmuşdu. Ancaq bizim mövzumuz Paşinyanın rus və ingilis dili səviyyəsi yox, Brüsseldə baş tutacaq görüşdə gözləntilərimizdir.

Varmı hər hansı pozitiv gözlənti?

Gəlin bir şeyi qəbul edək ki, az qala 200 illik tarixi olan azərbaycanlı-erməni qarşıdurmasının anatomiyasını ruslardan yaxşı bilən yoxdur. Çünki bu iki xalq arasında ədavəti yaradan, onların arasına kin-küdurət, düşmənlik toxumunu səpən çar Rusiyasıdır. Bu gün Rusiya Federasiyası öz geopolitik çıxarları üçün uyğun bildiyi məqamda problemi qızışdırır, sonra da aranı sakitləşdirir.

Konfliktologiya elmində “crisis management” adlı bir sahə var. Bu, “böhranların idarəedilməsi” deməkdir. Rusiya, ABŞ və başqa imperialist dövlətlər bu işi peşəkar şəkildə bacarırlar.

Əzizlər, mən Brüsseldə keçiriləcək Əliyev-Paşinyan zirvəsinin əleyhinə deyiləm. Fərz edirəm ki, Azərbaycan və Ermənistan arasındakı problemlərin həlli istiqamətində alternativ fürsətlər nə qədər çox olarsa, bu, bizi Rusiyanın təsir arealından, radiusundan bir qədər də uzaqlaşdırar.

Məsələn,könül istərdi ki, Əliyev-Paşinyan görüşü elə Cənubi Qafqazın daxilində, Tbilisidə keçiriləydi. Hərçənd, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin bu istiqamətdə təklifi də olmuşdu. Bilmirəm, bu təklifi Azərbaycan və Ermənistan rəhbərləri necə qarşıladı, ancaq Qaribaşvilinin təşəbbüsü baş tutsaydı, tərəflər arasında silsilə xarakterli görüşləri keçirmək olardı. Müəyyən bir müddətdən sonra Gürcüstanın da daxil olması ilə üçlü mexanizm qurula bilərdi. Nümunə olaraq, baltikyani respublikalar kimi bir ittifaq yarada bilərdik. Düzdür, bu, asan deyil, ancaq Cənubi Qafqazı problemlərdən, siyasi kataklizimlərdən xilas etməyin yolu yuxarıda adlarını çəkdiyim bu üç ölkə arasında funksional mexanizmin qurulması olardı.

Brüsseldə keçiriləcək görüşə gəldikdə, bu, rutin bir zirvə olacaq. Hətta mən bunu Aİ-nin “şorbada mənim də duzum da olsun” niyyəti kimi də interpritasiya edirəm. Lakin iş ondadır ki, bu şorbanı bişirən də, ona duzu əlavə edən də Rusiyadır. Qəddar Putini aşbaz kimi düşünün. Bu adamın kefi istəyəndə şorbanın duzunu çox da edir, bəzən onu şit edir. Obrazlı desəm, birdə görürsən, elə bir şorba bişirir ki, aləmi qatıb qarışdırır. Çünki Rusiya bu problemi özü yaradıb, özü idarə edir, istəsə özü də bitirər. Ancaq istəmir, yəqin ki, istəməyəcək də. Cənubi Qafqazı Rusiyanın caynağından nə ABŞ, nə də Avropa İttifaqı ala bilər.

Cənubi Qafqazın Rusiyadan qurtuluşunun bir yolu var: Azərbaycan, Gürcüstan və Ermənistan birlikdə üçlü mexanizm yaradıb problemlərini öz aralarında konsensus yoluyla həll edə biləydilər. Biz buna şərti “Qafqaz Evi” də deyə bilərik.

Könül istərdi ki, Rusiya ümumiyyətlə parçalanaydı. O zaman daha tarixi fürsət ələ keçmiş olardı. Qafqaz bizim evimizdir, evimizi özümüz təmir edib onun içində yaşamalıyıq.

Kaş ki…

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button