Top.Mail.Ru

ARAŞDIRMAbanner

Gülünc ERMƏNİ İDDİASI: Rəsmi Bakı Qarabağa qanunsuz girən siyasətsizdən ÜZR İSTƏMƏLİDİR? – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Fransa prezidentliyinə namizədlərdən biri Valeri Pekress Laçın dəhlizi vasitəsi ilə Xankəndinə daxil olur, daha sonra 44 günlük müharibədə ölən erməni separatçıların məzarlarını ziyarət edir, qəbir daşlarının üzərinə gül qoyur, ancaq biz təkcə Fransa səfirini XİN-ə dəvət edir, bu ölkəyə nota veririk.

Əlbəttə, nota bir diplomatik etiraz metodudur, ancaq bu, təkcə Fransaya verilməməli idi.

Hər halda, Laçın dəhlizində keşik çəkdiyini iddia edən rus sülhməramlılarının icazəsi olmasaydı, Valeri Pekress Dağlıq Qarabağ ərazisinə daxil ola bilməzdi.

Loading...

Rusiya prezidenti V. Putin son Soçi görüşündə deyirdi ki, 53 min erməni Dağlıq Qarabağ ərazisinə qayıdıb. Lakin bir məsələ də hələ açıq qalır ki, 2020-ci il 10 noyabr sazişinə görə Dağlıq Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələri tərksilah edilmir.

Halbuki, ərazidəki qanunsuz erməni çətələrinin tərksilah edilməsini Rusiya sülhməramlıları həyata keçirəcəkdi.

Əvəzində görürük ki, A. Arutyunyanın, Balasanyanın, Babayanın silahlı çətələri indi də “polis” qüvvələri olmaq xülyasındadır. Şübhə etmirəm ki, bu hədəfin arxasında Rusiya dayanır. Rusiya onminlərlə erməninin Dağlıq Qarabağa köçürülməsini bir “uğur” kimi qeyd edir, ancaq azərbaycanlı məcburi köçkünlərin Xankəndiyə, Xocavəndə, Ağdərəyə, Xocalıya köçürülməsi haqqında artıq kimsə danışmır və danışmaq istəmir. Görünür, Rusiya azərbaycanlıların adı çəkilən rayonlara geri qayıtmasına imkan vermək istəmir.

***

Qayıdaq V. Pekressin Xankəndiyə səfər etməsinə.

Doğrudur, rəsmi Bakı artıq bu siyasətçini qara siyahıya salıb. Bu, öz yerində, ancaq V. Pekressi Laçın dəhlizindən buraxan ruslara niyə rəsmi formada etiraz etmirik… Biz niyə görə, öz ərazimizə giriş-çıxışlara nəzarət edə bilmirik?

Deyərdim ki, Pekressin Laçın dəhlizindən əl-qolunu sallaya-sallaya keçməsi həm stəkanı daşıran son damla, həm də bizə fürsət verdi. Bəli, fürsət odur ki, ən azından Laçın dəhlizinə ruslarla birgə nəzarət etmək, sərhəd-buraxılış məntəqəsi yaratmaq şansı qazandıq. Bu istiqamətdə erməniləri razı salmaq bizim yox, Rusiyanın üzərinə düşür. Buyursun, Laçın dəhlizində Azərbaycanın nəzarət etmək haqqını Rusiya ermənilərə başa salsın, onları yola gətirsin. Ermənilər Pekressin Azərbaycanın qara siyahısına salınmasına gülüb deyirlər ki, sabah o, Fransa prezidenti seçilsə, rəsmi Bakı bu qadından üzr istəməli olacaq.

Əslində, mən nə V. Pekressin, nə də E. Zemmurun Fransa prezidenti seçiləcəyinə inanmıram.

Fransada kimin prezident seçiləcəyini 500 min erməni diasporu və ya erməni lobbisi müəyyən etmir. Ona qalsa, sağ populist siyasətçi Mari lö Penin şansı həm Zemmurdan, həm də Pekressdən daha çoxdur. Son rəy sorğularına görə, gələn ilin aprelində Fransada keçiriləcək prezident seçkilərində mübarizə əsasən indiki prezident E. Makron və M. Pen arasında keçəcək. Böyük ehtimalla, son seçkidəki kimi ikinci tura da elə bu iki namizəd qalacaq. Bax, o zaman pekresslərin, zemmurların aldığı nəticələr ikinci turdakı namizədlərə lazım olacaq. Yəqin, gəlin ilin aprelinə qədər E. Makron və M. Pen də Ermənistana baş çəkəcək. Xüsusilə, M. Penin “sülhməramlı” rusların icazəsi ilə Xankəndiyə getməsini istəmiriksə, gec olmadan Laçın koridorunda nəzarəti ələ keçirməliyik.

Əks təqdirdə,daha sonra hər şey gec olacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button