Top.Mail.Ru

bannerMÜSAHİBƏ

Kremlin ermənisi Xankəndidə: Harutyunyan Paşinyana MEYDAN OXUYUR – MÜSAHİBƏ

“Harutyunyanın hələ istifadə müddəti bitməyib…”

“Paşinyan məlumu elan edib…”

“Rusiya gələcəkdə hər hansı problem çıxarmasa, azərbaycanlı əhalini bu ərazilərə köçürmək mümkündür…”

Loading...

Qarabağda baş verən son hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi və torpaqlarımızdakı qanunsuz terrorçu tör-töküntüləri Dəmir Yumruq vasitəsilə çatdırılan mesajların mahiyyətini dərk etməyib. Paşinyanın açıqlamalarında müəyyən əhliləşmə hiss edilsə də, erməni xislətinin dəyişməz olaraq qaldığı və arxa pərdədə məkrli planların oynanıldığı hamıya məlumdur.

Digər tərəfdən özünü qondarma “Artsax”ın saxta prezidenti elan etmiş Arayik Harutyunyan müzəffər Azərbaycana və sahibi Ermənistana qarşı çıxmaqdan çəkinmir. Biabırçı məğlubiyyətə uğramış ordu və Ali Baş Komandan İlham Əliyevin qarşısına çıxmağa cəsarət edə bilməyən, hansısa qaranlıq padvalda kapitulyasiya aktına imza atmış Baş nazir bir adama necə bu qədər cəsarət verə bilər?

Bundan əlavə, Azərbaycanda öz tarixi, qədim və ata-baba yurduna qayıtmaq üçün səbrsizlənən onminlərlə qaçqın və məcburi köçkün var. Onlar evlərinə nə vaxt qayıdacaqlar? Rusiya sülhməramlıları erməni ailələrin Qarabağa köçürülməsi məsələsini ciddiyə aldığı qədər, azərbaycanlı ailələrin də taleyinə məsuliyyətlə yanaşacaqmı?

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev KAİM.az-ın bu barədə suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

  • Arayik Harutyunyan öz müqəddəratını necə görür? Baş verən hadisələr fonunda Azərbaycanla mübarizə aparacaq, yoxsa qaçış planı qurmaqdadır?

Bildiyiniz kimi, Arayik Harutyunyan Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli müqavilədən sonra bəyan etmişdi ki, “Artsax”ın rəhbəri vəzifəsindən və siyasətdən gedəcək. Lakin, bir il ötməsinə baxmayaraq, Harutyunyan nəinki vəzifədən getmək, əksinə öz kreslosunda möhkəmlənməkdədir. Şübhəsiz ki, o, buna tək qərar vermir. Harutyunyanın vəzifədə qalması indiki məqamda Rusiyanın da maraqlarına cavab verir. Harutyunyan indi Ermənistandan daha çox Rusiyaya işləyir. Hətta bu adamın ictimaiyyətə son müraciətinə diqqət etsək görərik ki, o, sanki Kremlin Qarabağdakı maraqlarını müdafiə edir və rus sülhməramlılarının bölgədə qeyri-müəyyən müddətə qalmasını açıq-aydın dilə gətirir.

Fikrimi belə tamamlamaq istərdim ki, Arayik hazırda Qarabağda Rusiyanın istifadə etdiyi ermənidir və Kreml bu adamla hələ bir müddət də işləyəcək. Doğrudur, Paşinyan separatçıların keçmiş liderlərindən general Samvel Babayanın əli ilə Harutyunyanı devirmək istədi, ancaq alınmadı. Harutyunyan bunları görür və Paşinyana meydan oxuyur. Rusiya arxasında olmasaydı, Harutyunyanın Paşinyana meydan oxuması qeyri-mümkün olardı. Harutyunyan Rusiyanın maraqlarına hələ ki, cavab verir və bu, o deməkdir ki, Arayik heç yerə qaçmayacaq. Hətta buna cəhd etməyə cürəti çatacağına inanmıram. Yəni, Harutyunyanın hələ istifadə müddəti bitməyib.

  • Paşinyanın son zamanlarda verdiyi açıqlamalar, elan etdiyi bəyanatlar nə dərəcədə səmimidir? Əməllərlə üst-üstə düşməyən sözlər bizə nə vəd edir ?

Bəli, Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatları həm Azərbaycanda, həm də Ermənistanda ciddi müzakirə predmetinə çevrilib. Əvvala, Paşinyan yeni heç nə deməyib və o, sadəcə beynəlxalq sənədlərə, BMT-nin bundan əvvəlki məlum dörd qətnaməsinə istinad edib. Açığı deyim ki, Dağlıq Qarabağda müharibə yeni başlayanda dünya ictimaiyyəti bu konfliktə o qədər də ciddi yanaşmırdı. Əlbəttə, bunun müxtəlif səbəbləri vardı. Ancaq Azərbaycan 1992-ci ilin martında – BMT-yə üzv qəbul olunduqdan sonra bu maraq artdı.

1993-cü ilin aprelində – Kəlbəcərin işğalından sonra elə həmin ay BMT 822 saylı qətnaməsi ilə erməni birləşmələrinin Kəlbəcər və digər işğal olunmuş əraziləri tərk etməsini tələb etdi. Və daha sonra 3 qətnamə də qəbul olundu. Bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu aydın şəkildə göstərilirdi. Yəni, Paşinyan məlumu elan edib.

O ki qaldı Paşinyanın son bəyanatları arasındakı ziddiyyətlərə, bu erməni siyasətinə xas olan əlamətdir. Ermənilər bu gün dediklərini sabah asanlıqla inkar edə bilirlər. Vacib olan budur ki, biz Paşinyanın dediklərinə aldanmayaq və buna adekvat münasibət göstərək. Mən heç vaxt Paşinyanı ağılsız siyasətçi hesab etməmişəm. O, nə danışdığını bilir və özbaşına addım atmır. Sadəcə, hakimiyyətinin ömrünü uzatmaq üçün manevrlər edir. Bu da anlaşılandır.

  • Azərbaycanda Qarabağ və işğaldan azad edilmiş digər rayonlara qayıtmaq üçün tələsən ailələr üçün yaxın zamanlarda şad xəbər gözlənilir? Rəsmi Bakı bu istiqamətdə hansı addımları atır və prosesin sürətlənməsi üçün nə etmək lazımdır?

Azərbaycanlı məcburi köçkünlər Xankəndiyə, Xocalıya, Ağdərəyə və Xocavəndə qayıtmalıdır. Bu, gec-tez baş verməlidir. Mən bunun konkret nə vaxt baş verəcəyini deyə bilmərəm. Harutyunyanın son bəyanatı bu hadisənin baş verməsini çətinləşdirir. Ermənilər hələ də son hadisələrdən nəticə çıxarmayıblar.

Eyni zamanda, mən Rusiyanın da azərbaycanlı əhalinin yaxın gələcəkdə Xankəndi və adını çəkdiyim rayonlara qayıtmasına maraq göstərəcəyini düşünmürəm. Ancaq Azərbaycan tərəfi bu mövzunu həmişə diqqətdə saxlamalı və Rusiya ilə açıq danışmalıdır. Madam ki, ərazidə rus sülhməramlıları var, o zaman sabah o bölgəyə qayıdan azərbaycanlı əhalinin təhlükəsizliyini də ruslar qorumalıdır. Əslində, həmin ərazidə Azərbaycanın yurisdiksiyası təmin olunmalı, daha sonra əhalinin köçü başladılmalıdır.

Təkrar edirəm, Rusiya gələcəkdə hər hansı problem çıxarmasa, azərbaycanlı əhalini bu ərazilərə köçürmək mümkündür. Ancaq bunun tezliklə baş verəcəyinə inanmıram. Təbii ki, siyasi, hüquqi, hətta psixoloji maneələrin mövcudluğunu da unutmamalıyıq.

Kənan Bahadır 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button