Top.Mail.Ru

bannerMÜSAHİBƏ

“Rusiya Ermənistandan HƏRBİ İNFRASTRUKTURUNU yığışdıracaq” – “Azərbaycanın mövqeyi…” – MÜSAHİBƏ

Tofiq Zülfüqarov: “Ermənistanın Qərbə yolu birmənalı olaraq Türkiyədən keçir”

“Azərbaycanla Türkiyə arasında müttəfiqliyin gücləndirilməsi tendensiyası davam edəcək”

“Ukrayna və Gürcüstan strateji silahların yerləşdirilməməsi şərtilə NATO-ya qəbul oluna bilər”

Loading...

Türkiyə və Ermənistan arasında əlaqələrin qurulması prosesinə başlanılıb. Bununla paralel olaraq Moskva Qərb dünyasını keçmiş SSRİ məkanına “burnunu soxmamağa” razı salmaq üçün hərbi-siyasi gedişlər edir, yanvarın birinci yarısında Rusiya ilə NATO Şurası arasında danışıqlar başlayacaq. Bu danışıqların MDB məkanına, eləcə də İrəvan-Ankara əlaqələrinə necə təsir edəcəyi hələlik bəlli deyil. Həmçinin, nüvə dövlətləri birgə bəyanat yayaraq, nüvə silahının yalnız müdafiə məqsədi daşıdığını elan edib.

KAİM.az xəbər verir ki, “AzPolitika.info” dünya gündəmi üçün aktual olan bu mövzuları sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edib:

– Tofiq müəllim, hələ müharibədən əvvəl bildirmişdiniz ki, Nikol Paşinyan düşünülmüş şəkildə müharibə baş verməsi üçün addımlar atır, çünki bundan sonra ölkəsini Qərbə doğru aparmaq üçün daha münasib şərtlər əldə edə bilər. Artıq bu proqnozlar özünü doğruldur. Bəs, indiki vəziyyəti necə qiymətləndirirsiniz və hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini gözləmək olar?

– Bəli, mən müharibədən əvvəl belə proqnozlar vermişdim. Açıq qeyd edirdik ki, Ermənistan üçün yeni proseslər başlayacaq. Bu da onunla əlaqəli idi ki, Ermənistanın dövlətçiliyi Rusiya təsiri altında 30 il ərzində tam deqradasiyaya uğrayıb. İlk növbədə bu, özünü demoqrafik baxımdan göstərirdi. Görünürdü ki, bu ssenari davam edərsə, Ermənistan dövlət kimi iflas edəcək. Müharibə başlamamışdan bu görünürdü. O dövrdə təkcə Paşinyan deyil, erməni ictimai elitası da belə qənaətə gəlirdi ki, onların gələcəkdə inkişaf modeli Qərb modeli olmalıdır. Çünki onlar yaxşı anlayırdı ki, Rusiya elə iqtisadi gücdə deyil ki, Ermənistana böyük investisiya, yeni texnologiyalar gətirsin, orada iş yerləri açılsın və nəticə olaraq da insanlar ölkəni tərk etməsin. Ermənistanda bu proses artıq gedirdi, amma onu sürətləndirən 44 günlük müharibə oldu. Hələ müharibədən əvvəl, Tovuz hadisələri zamanı qeyd edirdim ki, Rusiya ermənilərin köməyinə gəlməyəcək, ən azı ermənilər istədiyi şəkildə onlara kömək etməyəcək. Bu da baş verdi. Rusiya da anlayırdı ki, ermənilərin köməyinə gəlsə də, gəlməsə də İrəvanda Qərbə meyl davam edəcək. Bu baxımdan proseslər gedir və indi biz, bunun növbəti mərhələsini müşahidə edirik.

Əsas tendensiya ondan ibarətdir ki, Ermənistan qonşuları ilə olan problemləri hansısa şəkildə həll etməyə çalışacaq, konfrantasiya vəziyyətindən çıxmaqla inkişafa şərait yaratmaq üçün addımlar atacaq. Aydın məsələdir ki, bu tendensiyada Qarabağ kimi işğalçı layihələrə və ya “soyqırım” kimi saxta mövzulara artıq yer qalmır. Qərbə gedən yol isə birmənalı olaraq Türkiyədən keçməlidir. Bu, təkcə siyasi baxımdan deyil, coğrafi baxımdan da aydındır ki, istənilən iqtisadi təsir Türkiyə tərəfindən olmalıdır. Yəni ilk növbədə türk kapitalı Ermənistana girməyə qadirdir. Bu baxımdan qeyd etdiyimiz tendensiya gedir və yaxın gələcəkdə daha da güclənəcək. Bütün bunlar nəticə etibarı ilə bizim xeyrimizə olan proseslərdir.

– Amma Rusiya keçmiş SSRİ məkanını özünün təsir dairəsindən çıxmasına dözmür, hətta bu səbəbdən Ukrayna və Gürcüstanın NATO-ya yaxınlaşmasını əsas gətirərək, Qərbə təzyiq edir. Bunun fonunda Ermənistanın Qərbə doğru irəliləməsi, Türkiyə ilə əlaqələrini genişləndirməsi nə dərəcədə realdır?

– Birincisi, anlamalıyıq ki, dünyada əsas qarşıdurma ABŞ və Çin arasında olacaq. Mən əsasən iqtisadi və siyasi qarşıdurmanı nəzərdə tuturam. Rusiyanın hərbi baxımdan dünyada böyük güc olması Çin və ABŞ-ı vadar edir ki, Moskvanı öz tərəfinə çəksin. Rusiya da bu məqamı öz xeyrinə istifadə etməyə çalışır. Moskvanın irəli sürdüyü istək ondan ibarətdir ki, güclü və strateji zərbə imkanlarına malik olan silahlar Rusiya sərhədlərinə yaxınlaşmasın. Söhbət bəlkə də Ukrayna və Gürcüstanın NATO üzvlüyündən deyil, daha çox strateji silahların onun sərhədləri yaxınlığında yerləşdirilməməsinə dair öhdəlikdən gedir. Əsas meyar ondan ibarətdir ki, nüvə başlığı daşıyan strateji silahlar neçə dəqiqəyə Rusiya paytaxtına çata bilər. Sözügedən silahların Rusiya sərhədlərinə yaxınlaşması sözsüz ki, NATO-ya ciddi strateji üstünlüklər verir. Ruslar da anlayır ki, NATO-da belə güclü silaha malik olan ölkə ABŞ-dır. Ruslar başa düşür ki, ABŞ indi bu mövzunu həll etməyə, öhdəlik götürməyə hazırdır. Bu səbəbdən də Moskva indiki məqamda belə tələblər irəli sürür.

İkincisi, coğrafi mənada götürsək postsovet ölkələrinin sərhədlərindən Moskvaya məsafə çox qısadır. Bu da ruslar üçün strateji təhlükə yaradır. Mən ehtimal edirəm ki, ABŞ tərəfi ola bilsin ki, Rusiya ilə danışıqlar zamanı strateji baxımdan müəyyən öhdəliklər götürəcək. Daha dəqiq desək, nüvə silahı daşıyan strateji raketlərin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsində razılığa gələcək. Bununla da ABŞ Rusiyanın neytrallığını əldə edərək, Çin mövzusu ilə məşğul olmağa başlayacaq. Məsələnin əsas mahiyyəti bundan ibarətdir. Əminəm ki, burada problem hansısa ölkələrin NATO üzvlüyündən daha çox strateji silahların yerləşdirilməsi ilə bağlıdır. Proses belə təəssürat yaradır ki, ABŞ bu mövzuda danışıqlar aparmağa və razılaşmağa hazırdır.

– Rusiya və NATO Şurası arasına aparılacaq danışıqların MDB məkanındakı dövlətlərə hansısa təsirləri olacaqmı?

– Baxır, biz hansı istiqamətdə təsirləri nəzərdə tuturuq. Əgər ideologiyanı götürsək, görərik ki, Rusiyada olan ideologiya aşağı-yuxarı digər ölkələrdə də mövcuddur. Halbuki, vahid kommunizm ideologiyası yoxdur. Yəni MDB məkanında oxşar modellər var. Digər tərəfdən, strateji zərbə vasitələri olmadıqda Pribaltika ölkələrinin NATO-ya üzv olması hər hansı problem yaratmır. Bu baxımdan Ukrayna və ya Gürcüstanın NATO-ya üzvlüyü nisbi xarakter daşıya bilər. Yəni strateji silahların yerləşdirilməməsi müqabilində onların hərbi alyansa üzvlüyü məsələsi öz həllini tapa bilər. Belə görünür ki, tərəflər sonda dil tapa bilirlər. Ehtimal edirəm ki, burada postsovet ölkələrinin maraqları o qədər də əhəmiyyət kəsb etmir.

– Yeri gəlmişkən, bir neçə gün əvvəl nüvə silahına malik beş dövlət birgə bəyanatla çıxış edərək, nüvə silahının yalnız müdafiə məqsədi daşıdığını vurğulayıb. Bu bəyanat hansı zərurətdən yaranıb?

– Ortaya yeni qaydalar gəlməlidir. Əsas gərginlik yaradan məsələ odur ki, nüvə silahına nəzarət sazişi hazırda işləmir. Əvvəl SSRİ ilə ABŞ arasında bağlanan strateji silahlara nəzarət sazişləri qüvvəsini itirib. Problem də odur ki, o vaxt əsas nüvə imkanlarına malik ölkələr Avropada idi və Çinə aid heç bir öhdəlik yox idi. İndi isə oyunçular çoxdur. Dünyada artıq elə an yetişib ki, nüvə silahına dair bütün ölkələrə aid olan hansısa qaydalar ortaya qoyulmalıdır. Bu baxımdan bəzi fövqəldövlətlərin maraqları nizamlanma məsələsində üst-üstə düşür. Hesab edirəm ki, bu proses başlayıb və yanvarda ilk addım olaraq ABŞ və Rusiya arasında strateji təhlükəsizlik mövzusunda danışıqlar başlaya bilər. Aydındır ki, burada Ukrayna və Gürcüstan kimi ölkələrin maraqları bir o qədər önəmli olmayacaq. Ümumi baxış olmalıdır. Bu baxımdan əslində Azərbaycanın da mövqeyi olduqca maraqlıdır.

– Nəyi nəzərdə tutursunuz?

– Postsovet məkanında Azərbaycan yeganə ölkədir ki, NATO üzvü olan dövlətlə – Türkiyə ilə hərbi müttəfiqlik sazişi bağlayıb. Və bu müttəfiqlik barədə öhdəliklər bir çox ölkələr tərəfindən qəbul edilib. ABŞ və NATO bu sazişə etiraz etməyib. Rusiyanın da mövqeyi çox maraqlıdır. Bu suala cavabında Prezident Vladimir Putin deyib ki, bu məsələ Azərbaycanın seçimidir. Bu baxımdan Azərbaycanın vəziyyəti hesab edirəm ki, daha da möhkəm olacaq. Çünki Azərbaycanın mövqeyi həm Qərb, həm də Rusiya tərəfindən qəbul edilib. Bu da zəmin yaradır ki, biz yeni modeldə öz yerimizi bərkidə bilərik.

– Daxil olduğumuz 2022-ci ildə Cənubi Qafqazda hadisələr hansı istiqamətdə inkişaf edəcək, hansı risklər yarana bilər?

– İlk öncə aydındır ki, Azərbaycan öz siyasətini davam etdirəcək. Azərbaycanla Türkiyə arasında müttəfiqliyin gücləndirilməsi tendensiyası və Rusiya ilə balanslaşdırılan, habelə maraqların nəzərə alınması siyasəti davam edəcək. Bu tendensiya artıq görünür. Ermənistana gəlincə isə İrəvan-Moskva əlaqələri daha çox böhranlı vəziyyətdə olacaq və Ermənistan Rusiyadan uzaqlaşaraq qərbyönümlü siyasət həyata keçirəcək. Əlbəttə, müxtəlif hadisələr ola bilər, əks istiqamətə yönəlmiş olayları da istisna etmirəm. Amma ümumi tendensiya Rusiyadan uzaqlaşma olacaq. Bu uzaqlaşmanın nəticəsində mümkündür ki, Rusiya Ermənistandan öz hərbi infrastrukturunu yığışdıracaq. Mən o mövqedəyəm ki, prosesin sonunda bu, mütləq baş verəcək. Çünki hərbi baxımdan Rusiya üçün orada hansısa hərbi infrastrukturun saxlanması məntiqsizdir.

Eləcə də Rusiya-Türkiyə əməkdaşlığının güclənməsi tendensiyası davam edəcək, çünki bunun əsası var. Hesab edirəm ki, bu bölgə üçün əsas təhlükəsizlik sxemi təşkil edən Türkiyə-Rusiya əlaqələridir. Onların “qırmızı xətti” müəyyən etməsi və həm də buna əməl etməsi bölgə üçün müsbət şərait yaradır.

– Bəs, İran faktoru?

– İran mövzusu aktual olaraq qalır. Çünki Vyanada İranla aparılan danışıqlarda irəliləyiş yoxdur. Amma danışıqların getməsi təhlükəsizliyin hansısa elementi kimi qiymətləndirilə bilər. Lakin bu mövzu hələ də gərginliyini və aktuallığını saxlayacaq. Sadəcə, kəskin şəkil almayacaq. Danışıqlar prosesi gedir, mən yaxın gələcəkdə hansısa nəticələr gözləmirəm. Amma prosesin getməsi stabilləşməyə xidmət edəcək.

Rasim Əliyev

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button