bannerMÜSAHİBƏ

Müzəffər Ordumuzun qəhrəmanlığından doğan şuşalıların Şuşa sevinci – Müsahibə

8 Noyabr Alınmaz qala, Qafqazın Mirvarisi adlandırılan qədim Azərbaycan şəhəri Şuşa Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində işğaldan azad edildi. 30 illik torpaq həsrətinə son qoyuldu. 92-ci ildə doğma tormaqlarından məcburi köçkün düşən şuşalılar indi torpaqlarının azad olunmasının sevincini yaşayırlar.

Şuşalıların sevincini sözlə ifadə etmək çətin olsa da müsahiblərimiz sevinclərini KAİM.az bölüşüblər.

Keçmiş döyüşçü Məmmədov İbrahim deyir ki, 28 ildə bir dəfə də olsun Şuşanı unutmayıb- “28 il! Hər keçən günü Qarabağsız Şuşasız yaşadım. Amma bir gün belə ümidsiz yaşamadım. Şuşaya köç edəcəyik dedim. Bizi Qarabağa aparan bir yol var idi. Döyüş yolu, səngər yolu. Bəziləri artıq Qarabağ yoxdur deyib əl yelləyib keçdilər. Amma mən bunu şübhə etmədim. Şuşa bizim nəfəs yolumuz, başımızın tacıdır! Mən 28 ildə 1 gün belə Şuşanı unutmadım. Vətən heç unudularmı? İnşallah bir gün mütləq və mütləq hamılıqla və elliklə doğma Şuşaya dönəcəyik deyərək yerlilərim arxa durdum. Bu nisgil, bu həsrət bitdi! Şuşada Qarabağda hələ çox gözəl günlər görəcəyik, qurub yaradacağıq. Böyük qələbə münasibəti ilə xalqımızı ürəkdən təbrik edirəm”

1992-ci ildən Şuşa həsrəti ilə yaşayan Qarabağ qazisi Şünasi Babayev qeyd edir ki, indi cəbhədə olmadığı üçün çox təəssüflənirəm – “Mən Milli Qəhrəman Rəmbərov adına batalyon həm də Şuşa polisi ilə döyüşə çıxırdım. Şuşa polis şöbəsini rəisi fəallığıma görə məni Qaybalı postuna rəis təyin etdi. Bir neçə gün sonra ermənilər postumuza qəfil hücum etdi. Orda ağır yaralandım, Şuşa xəstəxanasından Bakıya göndərildim Oğlum İkinci Qarabağ müharibəsində yaralanıb, özüm isə səhhətimlə bağlı cəbhədə olmadığım üçün çox dilxoram.

Bu gün illərdir gözlədiyimiz hadisə baş verdi, sevincimin həddi-hüdudu yoxdur. Bu hissi ifadə etməkdə acizəm. Ən böyük arzumuz, istəyimiz odur ki, o torpaqlara qayıdaq. Ona görə də adam ancaq torpaq uğrunda öz övladını qurban verməyə hazır olar. Mən hərbiçi atası kimi bundan qürur hissi keçirirəm. Özümün və oğlumun şəhid olması üçün artıq hazır idik. Oğlum Talış kəndini istiqamətində gedən döyüşlərdə yaralanıb. Bizim üçün Vətən hər şeydən əziz və doğmadır. Müharibənin başlamasına görə biz çox sevinirik, bütün xalq ayaqdadır”

Şünasi Babayev deyir ki, 28 ildir heç bir toyda əl açıb oynamayıb, Hətta övladlarının toyunda belə. Ancaq müqəddəs Şuşanın işğaldan azad olunduğunu xəbərini eşidəndə qol qaldırıb rəqs edib.

Xaricdə yaşayan Azərbaycanlılarda Şuşanın azad olunmasını həsrət və intizarla gözlədiklərini deyirlər.

Fransada yaşayan Şuşada doğulmuş musiqiçi Təranə Monbarbut bildiriki ki, Parisdə yaşadığı müddətdə Qarabağı, Şuşanı təbliğ edib. Parisdə keçirilən konsertlərində Şuşanın dağları”, “Ay Laçın”, “Sarı gəlin”, “Salam verək” kimi ifalarla Qarabağ həqiəqtlərindən məlumarlandırmağa çalışıb. Təranə Monbarbut Şuşadan çıxarkən 11 yaşı olub.

Müsahibimiz bizimlə qısa bir xatirəsin bölüşüb- “ 28 il öncə Şuşadakı evimizdən çıxarkən pioninomun üstün örtdüm ki, toz olmasın. Oyuncaqlarım, xatirələrim hamısı orada qaldı. Evimizdən çıxanda elə bilirdik ki, geri qayıdacağıq. Düşünmürdük ki, 28 il gözləməli olacağıq. Ümid yaşadır. Artıq uşaqlıq xaturələrimiz olduğu Şuşa azaddır. Rəfiqələrimizlə söz vermişik ki, Şuşaya gedən kimi gizlənqaç oynayacağıq. Oyunlarımıza qaldığımız yerdən davam edəcəyik. Ermənilər 28 il öncə bizim uşaqlığımızı məhv etdilər”

Şuşadan 11 yaşında ayrılan Kərimova Samirə həmin qorxu, həyacan dolu anları belə xatırlayır – “11 yaşında olsam da həmin dəhşətli günlər hələ də yaddaşımdadır. İnsanların qorxusu, evlərimizin dağıdılması, uşaqların qışqırtısı yaşadığımız o acı dolu günləri unutmaq çətindir. İllərdi biz bu qorxu dolu xatirələrlə yaşayırıq. Doğmalarımızı itirməyimiz, qaçqınlıq dövrü, evimizi qoyub çıxmaq çox ağır idi. O zaman uşaq olsamda indi Şuşaya getsəm evimizi, məktəbimizi gözü

bağlı taparam. Bakıda məskunlaşmağımıza baxmayaraq övladlarımızın burada doğulmasına baxmayaraq onlara öz ata baba torpaqlarından danışmışıq. Unutmağa qoymamışıq. Artıq biz öz torpağımıza qayıdırıq. Alçaq düşmən görsün ki, soyuqda evindən çıxardılan balaca qızın indi övladı Vətən keşiyində dayanır. 11 yaşında Şuşadan çıxan mən indi 3 övladımla, ailəmlə birlikdə Şuşaya gedəcəm. Yoldaşım və oğlum da hazırda ön cəbhədədir. Biz qorxmaz, şərəfli xalqıq. Bu gün ki, fəxr dolu hisslərimizi Ali Baş komandanımıza və cəsur əsgərlərimizə borcluyuq.

Şuşadan olan digər müsahibimiz müəllimə Sevda Səfərli Şuşa sevgisini belə ifadə etdi – “Azərbaycanımın gözü aydın! Mənim bir şuşalı kimi bir müəllim kimi 30 ilin Şuşa həsrətlisi kimi ürəyim doludur. Tarixlər şahidi Şuşam əsrlər boyu alınmaz qala kimi şöhrət tapmışdır. Mən Şuşa həsrətimi , sevgimi şeirlərimə köçürmüşəm. Şagirdlərimə Şuşanın tarixindən, əsrarəngiz təbiətindən, incəsənətindən, görkəmli şəxslərindən hər zaman danışmışam ki, qoy Şuşamız unudulmasın. Mənim Şuşaya həsr etdiyim “Şuşa bayatıları” , “Şuşaya getməyim gəlir”, “Vətənə bağlı gül” , “Vətənim mənim” , “Dağıdılmış abidənin fəryadı” kimi Şuşa nisgilli neçə-neçə şeirim var”

 

Prezidentimizin sözü iklə desək:”Əziz Şuşa biz qayıdırıq, biz səni dirçəldəcəyik!”

 

 

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button