Top.Mail.Ru
CƏMİYYƏT

“TƏBİB ləğv edilməli, Ramin Bayramlı isə həbs olunmalıdır” – Hafiz Hacıyev

Son günlər TƏBİB-in fəaliyyəti ilə bağlı narazılıq artmaqda davam edir. Bir çox xəstələr xəstəxanalarda yer tapmadığını, onlara ayrılan pulsuz dərmanların apteklərə qoyulub satıldığını iddia edir. Hətta müəyyən pul qarşılığında xəstəxanalara yerləşdirmə hallarının da olduğu bildirilir.

Bununla bağlı KONKRET.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, TƏBİB bu gün kimlərinsə gəlir mənbəyinə çevrilən qurumdur: “Düşünürəm ki, TƏBİB təcili ləğv edilməli və rəhbəri həbs olunmalıdır. Bu gün bu qurumun fəaliyyəti cənab prezidentin apardığı siyasətin tam əksinədir. Xalqla dövlət arasında böyük uçurum yaradırlar. Bu gün Azərbaycanda səhiyyənin daha bərbad vəziyyətə düşməsində TƏBİB-in böyük rolu oldu. Çünki əvvəl bilinirdi ki, Səhiyyə Nazirliyi bir işə yaramasa da, bir yerə müraciət edirsən”.

Partiya sədri vurğulayıb ki, camaat bu gün pis vəziyyətdə qalıb: “Səhiyyə Nazirliyinə zəng edirsən, deyir TƏBİB-ə zəng elə. TƏBİB də Səhiyyə Nazirliyinin üzərinə atır. Düşünürəm ki, onlar bu yolla Azərbaycan xalqının hissiyyatı ilə oynayırlar. Ramin Bayramlı vaxtı ilə dövlətin və dövlət başçısının əleyhinə çıxan partiya mənsubu olub. Düşünürəm ki, TƏBİB təcili ləğv edilib, böyük yoxlamalara başlanılmalıdır. O zaman hər kəs görəcək ki, bu qurum nə qədər yeyintiyə yol verib. Bu qurum ancaq xalqı çaşdırmaqla məşğuldur. Bu gün TƏBİB yaxşı işləri öz adına çıxır, neqativ halları isə Səhiyyə Nazirliyinin üzərinə atır”.

Hafiz Hacıyev TƏBİB-in dərman alveri ilə məşğul olduğunu da söyləyib: “Camaatı çox incidirlər. Koronavirus xəstələri üçün ayrılan pulsuz dərmanları apteklərə qoyub satdırırlar. Məhz buna görə də bu qurum təcili ləğv edilməli, bu günə kimi fəaliyyəti yoxlanılmalı və Ramin Bayramlı həbs edilməlidir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button