Top.Mail.Ru
CƏMİYYƏT

Komandirlərin heyran qaldığı “Suqovuşan Canavarı” TƏLTİF SİYAHILARINDA YOXDUR

Azərbaycanın Qarabağ uğrunda apardığı Vətən müharibəsi Zəfər paradı ilə taclandırıldı.

Ən kiçik rütbəli hərbçilərimizdən tutmuş, Ali Baş Komandanımıza qədər hər bir döyüşçümüz öz üzərinə düşən missiyanı məharətlə yerinə yetirdi.

Həmin igidlərdən biri də Ramiq Hatəm oğlu Abdulovdur.

O, 1976-cı il Oktyabrın 27-də Yardımlı rayon Bozayran kəndində anadan olub. Ramiq 3 illik möhlət hüququndan imtina edərək 1996-cı ildə ilk hərbi xidmətinə Hərbi Dəniz Qüvvələrində hərbi dənizçi kimi başlamışdır.

Hərbiyə olan eşqi onu daha böyük uğurların dalınca aparır. 1999-cu ildə Gizirlik kursuna daxil olan Ramiq təhsilini bitirdikdən sonra, yəni 2000-ci ildən etibarən Gizir kimi Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayır.

Vətən müharibəsi başlayanda Abdulov Ramiq Bölük baş çavuşu idi. Bildiyimiz kimi bu vəzifənin icrası əsasən arxa cəbhədə həyata keçirilir. Lakin, bundan imtina edən igidimiz komandirlərin təkidinə baxmayaraq ön cəbhəyə yollanır.

İlk döyüş günü 12 azərbaycan əsgərinə qarşı hazırlanmış xain erməni təxribatının qarşısını qəhrəmancasına alaraq, əsgər qardaşlarının həyatını xilas edir. Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edir və xüsusi qəhrəmanlıqları ilə fərqlənir. Ön cəbhədə gedən aktiv döyüşlər zamanı göstərdiyi şücayətə görə komandirləri tərəfindən “Suqovuşan Canavarı” ləqəbi alır.

Taboru qorumaq məqsədilə daim ən irəli gedən Ramiq diqqət və bacarığı sayəsində bir çox düşmən hiyləsini üzə çıxarır və ərazi təhlükəsizliyini təmin edir. Bu sayədə, qısa zamanda digər hərbi hissə komandirlərinin də rəğbətini qazanır.

Müharibə bitdikdən sonra hərbi qənimətlərin daşınması üçün yaradılan Təxliyyə qrupunun rəhbəri də Ramiq Abdulov seçilir. Qrupu ilə bərabər yüksəkliyə yollanan Ramiq 72 qumbara atan mərmisi, 3 ədəd AKM – 7, 62 silahı və həmin silahın onlarla mərmisini ələ keçirərək geri dönür.

44 günlük müharibə dövründə xəbər saytlarında və sosial şəbəkələrdə trend halına gələn Ramiqin igidliyi ilə fəxr edən milyonlarla azərbaycanlı var.

Qarabağ zəfərinə həsr edilmiş medalların verilməsi zamanı təqdim olunan siyahılarda Abdulov Ramiq Hatəm oğlunun adının olmaması ictimaiyyət tərəfindən təəssüf hissi ilə qarşılanıb. Lakin, hər bir Azərbaycan vətəndaşı göstərilən qəhrəmanlıq nümunələrinə lazımi qiymət veriləcəyinə inanır və ümid bəsləyir.

Əkbər Sadıyev

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button