Top.Mail.Ru

CƏMİYYƏT

Mütəxəssis: “Autizmli uşaqların sevgiyə və təhsilə çox ehtiyacı var” – MÜSAHİBƏ + FOTO

Bakıdakı reabilitasiya mərkəzlərinin birində uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər böyük səs-küy yaratdı. Bu hadisə autizm sindromlu uşaqların tərbiyə olunma metodunu, onlara qarşı davranış qaydalarını yenidən gündəmə gətirdi.

Sözügedən mövzu ilə bağlı türk mütəxəssis, uşaq və yeniyetmə psixiatriya mütəxəssisi, uzman həkim Nəcməddin Dəmir “Kaspi” qəzetinə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Nəcməddin bəy, autizm hansı səbəblərdən yaranır və diaqnozu necə qoyulur?

– Autizm aşkarlanması mümkün olan inkişaf pozuntularından biridir. Yaranmasına erkən uşaqlıq dövründə beyindəki anatomik, fizioloji dəyişikliklər, genetik faktorların səbəb olduğu düşünülür. Bundan əlavə, ananın gec yaşda hamilə qalması nəticəsində yaranması ən çox rast gəlinən faktorlardanır. Vitamin əskikliyi, hamiləlikdə ananın keçirdiyi infeksiyalar, ağır dərmanlar qəbul etməyin də autizmə səbəb olduğu müəyyən edilib. Diaqnoza gəldikdə isə simptomları erkən uşaqlıq dövründə başlayır, sosiallaşmada problemlər, təkrar davranışlarla özünü göstərir. Bu uşaqlar göz təmasını qura bilmir, bədən dilini, jestləri anlamaqda, hisslərini göstərməkdə çətinlik çəkirlər. Daha qabarıq formada olan pozuntuları valideynlər özləri də görə bilərlər. Erkən dövrdə isə bunu mütəxəssislər aşkarlayır. Ümumiyyətlə, uşaqlarda autizm şübhəsini yarada biləcək “qırmızı bayraqlar” adlandırılan əlamətlər toplusu var. Uşaqlar mümkün qədər erkən müayinə olunmalıdır. Autizm diaqnozunu qoyduqda, uşağın psixiatrik qiymətləndirməsi çox vacibdir. Ailə və uşaqla ayrı-ayrılıqda görüşürük. Uşağın valideynlərlə ünsiyyətini izləmək üçün  videogörüntüləri tələb olunur, öz yaş qrupunda olan uşaqlarla münasibətləri öyrənilir. Diqqət etdiyimiz nüans 9-30 ay arasında uşaqların davranışlarıdır. Məsələn, autizmli uşaq gülümsəməyə cavab verməz və ya bunu nadir hallarda edər. Başqalarının diqqətini öz oyuncağına çəkməz. Ümumiyyətlə, sevgisini paylaşmaz. Belə uşaqla münasibətə girmək çox çətindir. Məsələn, onlarda uşaqların tez-tez etdiyi sağollaşmanı bildirən “bay-bay etmə”, “öpüş göndərmək” kimi davranışlar olmur. Bundan əlavə, bu diaqnozu qoymaq üçün tibbi testlər edirik. 

– “Qırmızı bayraqlar” adlandırılan əlamətlər hansılardır?

– 12 ayadək uşaqlar adlarını çağıranda reaksiya vermir, işarələri anlamır, evdə və ya çöldə hər hansı obyekti barmaqla göstərmirlər. Onların xəyal dünyaları olmur. Autizmli uşaqlar tək oynamağa meyillidirlər. Başqaları haqqında maraqlanmır və onların nə hiss etdiklərini dərk edə bilmirlər. Danışıq və dil bacarıqlarında çatışmazlıqlara, sözləri tez-tez təkrar etmə hallarına rast gəlinir. Yoldakı səslərə, iyə, dada, hisslərə qarşı qeyri-adi reaksiya verirlər. Bu uşaqlar depressiyaya meyilli olurlar. Uşaq özünə qapalı olur, həyəcanını, sevincini və emosional hisslərini bölüşməkdə çətinlik çəkir.

– Belə uşaqlarla ünsiyyət qurmağın çətin olduğunu bildirdiniz. Reabilitasiya mərkəzlərində və məktəblərdə onlarla davranış necə olmalıdır?

– İlk addım olaraq uşağın vəziyyəti qəbul edilməlidir. Uşaqların bu hərəkətləri inad olsun deyə etmədiyi dərk edilməli və təmas buna uyğun qurulmalıdır. Autizmli uşaqlarda təkrarlayıcı hərəkətlər tez-tez olur. Ona görə edilə biləcək rahat hərəkətlər öyrədilməlidir. Uşaqla tez-tez ünsiyyət qurulmalıdır. Ən vacibi bunu edərkən məcburetmə olmamalıdır. Autizmli uşaqlar özlərini ifadə etməkdə çətinlik çəkirlər. Bu səbəbdən uşaq danışmağa həvəsləndirilməlidir. Ünsiyyəti qəbul etməsə belə, bunu normal qarşılamaq lazımdır. Hansısa mövzunu öyrənməkdə çətinlik çəkə bilərlər. Ona görə öyrənmə səviyyələrinə görə davranmaq lazımdır. Səs-küylü yerlər onlar üçün təhlükəlidir. Ona görə də ətrafda sakitlik olmalıdır. Bəzi hadisələrə intensiv reaksiya verərlər, bu, lağ obyektinə çevrilməməlidir. Belə uşaqlar mücərrəd anlayışları başa düşmürlər. Bu səbəbdən sadə dildə danışmaq lazımdır. Uşaqdan nəsə istədiyinizdə, bunu niyə istədiyiniz ona açıqlanmalıdır.

– Bəs ailələr nələrə diqqət etməlidir?

–  Bu uşaqların sevgiyə, dəstəyə və təhsilə çox ehtiyacı var. Ailə adi uşaq kimi davranaraq hərəkətlərinə təəccüblənib, uşağı danlamamalıdır. Uşağın yemək, oyun, yatmaq saatı dəqiq olmalıdır. Çünki onlar dəqiqliyə çox bağlıdır. Bu uşaqlar ev və otaqları ilə də bağlı dəyişiklikləri sevmirlər. Həddindən artıq qəzəblə reaksiya verə bilərlər. Bunu edərkən mütləq onu məlumatlandırmaq, icazə almaq lazımdır. Onlara təzyiqlə deyil, sevgi ilə yaxınlaşmalısınız. Onların ən çox ehtiyacları olan anlayış və sevgidir. Valideyn onu xəstə deyil, fərqli uşaq kimi qəbul etməlidir.

– Bu fərqliliyi normala çevirmək mümkündürmü?

– Autizmin tək müalicəsi təhsildir. Erkən yaşda təhsilə başlanıldıqda, uşağın IQ səviyyəsi yaxşıdırsa, yaşına uyğun inkişafı varsa, düzgün müalicələr tətbiq olunarsa, mümkündür. Aparılan araşdırmalarda, bir çox uşaqda autizm xüsusiyyətlərinin tamamilə yox olduğu müşahidə edilib. Amma erkən diaqnoz və özəl təhsilə erkən başlamaq çox önəmlidir.

– Bəzi insanların iddiasına görə, autizmli uşaqların müalicə üsullarından biri də cəza metodudur. Bununla bağlı nə düşünürsünüz?

– Onlar nəyi, nə üçün etdiklərini anlamaya bilərlər. Belə uşaqlara avtoritar davranışlar, şiddət göstərmək, təhqir etmək, cəza vermək qadağandır. Çünki bu, onların daha da geri addım atmasına, qayğılarının, simptomatik davranışlarının artmasına səbəb olar. Bu uşaqların krizləri və davranış problemləri ikiqat artar. Uşaqlara təzyiq olunanda özünə qapanır və həmin müəllimə reaksiya vermirlər. Yəni artıq o müəllim uşağı öyrədə bilməz. Uşaq müəllimindən zərər yox, fayda görməlidir. Autizmli uşağı hər vəziyyətdə qəbul edib, sevgi göstərməliyik. Onların başa düşən və başa düşdüklərini hiss etdirən valideynlərə, müəllimlərə, dostlara ehtiyacları var.

– Həkim, ümumiyyətlə, cəza və şiddət uşağa psixoloji olaraq hansı zərərləri verir?

– Şiddət və cəza uşaqların iki formada inkişafına səbəb olar. Şiddətə məruz qalan uşaqlar, ya onlara qarşı fiziki zorakılıq edən şəxsi mənimsəyib, onlar kimi şiddətə meyilli olur, ya da o şiddət və zorakılıq qarşısında passivləşər, özünü ifadə edə bilməz, haqqını axtarmaz, nəyisə əldə etmək üçün motivasiyası qalmaz. Autizmli uşaqlar üçün isə bu, ikiqat təhlükədir. Çünki autizmli uşaqlar onsuz da özlərini ifadə etməkdə çətinlik çəkirlər.  Bu vəziyyət onların təhsildən fayda görməsini əngəlləyər, stereotipik davranışlarının artmasına səbəb olar və şiddətə meyilli olarlar. Bu vəziyyət hər cür psixi pozğunluqlara zəmin hazırlayır. Adi dəyişiklik bu uşaqları çətinliyə salırsa, şiddətin onlarda hansı hasarlar yaratdığını özünüz təsəvvür edin.

Bənzər yazılar

Back to top button