Top.Mail.Ru

CƏMİYYƏT

Azərbaycan hotellərində fantastik Yeni il QİYMƏTLƏRİ

Yeni ilin gəlməsinə bir aydan bir az çox vaxt qalıb. Hər il olduğu kimi, bu il də bayramda çoxları ölkə daxilində və ya xaricində istirahət günləri planlaşdırırlar. 

Xaricə gedənlər olsa da, ən çox ölkə ərazisində istirahətə üstünlük verilir. 

Vətəndaşlarımız, əsasən, Quba, Qusar, Qəbələ, Şəki, Zaqatala, Balakən rayonlarına üz tuturlar.
Təbii ki, regionlarda fəaliyyət göstərən hotellər Yeni il bayramı ərəfəsi qiymətlərdə artım edirlər. 

Oxu.Az-ın əməkdaşı regionlarda fəaliyyət göstərən bir neçə hotellə əlaqə saxlayıb. Sorğuya cavab olaraq bildirilib ki, bayramda iki gün üç dəfə qidalanma, qala gecə daxil, iki nəfərlik otaq qiyməti – 1190-1900 manat təşkil edir. 

İndiki qiymətlə müqayisə etsək, Yeni il bayramında hotellərin qiymətində 5-10 dəfəlik artım olacaq. 

Məsələ barədə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Oxu.Az-a danışıb.

Onun sözlərinə görə, hər il olduğu kimi, Yeni il bayramı təxminən bir həftə sürən istirahət günlərilə müşayiət olur:

“Bu səbəbdən Yeni ilin gəlişini qeyd etmək məqsədilə insanlar müxtəlif turizm və istirahət fəaliyyətlərinə qatılırlar. Azərbaycan vətəndaşları, əsasən, regionlara üz tuturlar. Onu da qeyd etmək lazımdır ki, xaricə turlarla bağlı müxtəlif təkliflərin olmasına rəğmən, uçuş qiymətləri pandemiyadan sonra hələ də yüksək həddə qalır”.

O qeyd edib ki, regiondakı hotellərin bronlaşdırma faizi haqqında fikir söyləmək hələ tezdir:

“Düşünürəm ki, 1-1,5 həftə sonra rəqəmlər nisbətən bəlli olar. Bu il qış turizm təkliflərinin sayı artıb, xüsusilə ekoturizm fəaliyyəti daha geniş təqdim edilir. Fürsətdən istifadə edərək hər kəsə daha tez tərpənib, bronların aparılmasını, özlərinə uyğun hotellərin və turizm təkliflərinin seçilməsini tövsiyə etmək istərdim”.

Sədr əlavə edib ki, bu il ölkəmizdə Yeni il bayramı daha möhtəşəm keçiriləcək:

“Rusiyadan və digər MDB ölkələrindən ölkəmizə üz tutan əcnəbilərin sayı artmaqdadır. İlin sonuna 1,4 milyon əcnəbinin ölkəni ziyarət etməsi proqnozlaşdırılır”.

İlhamə Əbülfət

Bənzər yazılar

Back to top button