Top.Mail.Ru
CƏMİYYƏT

“Mənə qıymırlar, gör başqalarına nə qiymət oxuyurlar?!” – Bahalaşma sənət adamlarına necə təsir edib? + FOTO

Ölkəmizdə ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması davam edir. Gündəmdən düşməyən qiymət artımları müzakirələrə səbəb olub. Qarşıdan hələ Yeni il bayramı gəlir, bu ərəfədə qiymətlərin bir az da qalxacağı gözləniləndir.

Bəs görəsən, bahalaşma məşhurların sənət sahəsinə necə təsir göstərib?

Oxu.Az-ın əməkdaşı bir neçə sənət adamı ilə danışıb.

Xalq artisti, aktrisa Naibə Allahverdiyevanın sözlərinə görə, bahalaşma, hər kəs kimi, ona da təsir edib:

“Bahalaşma bütün dünyada gedir. Bu, qlobal xarakter alıb. Müharibədən çıxmış ölkəyik. Bununla əlaqədardır. Quruculuq işləri gedir. Təbii ki, bahalaşma hər kəsə necə təsir edirsə, mənə də eyni şəkildə təsir edir”.

Aktrisa bahalaşmanın sənət sahəsinə təsir göstərmədiyini söyləyib:

“Sənət sahəmə ziyanı olmadı. Mən teatr aktrisasıyam. İşim də davam edir. Oradan maaş alıram. Mənə elə gəlir ki, bahalaşmanın sonu olacaq. Pensiyalar da, məvaciblər də qalxır. Beş il sonra ən gözəl dövlətlərdən birinə çevriləcəyik. Gələcək nəsil üçün hər şey qurulur. Hər şey qarşıda çox yaxşı olacaq”.

Müğənni Əli Mirəliyev qeyd edib ki, ən çox yağların qiymətində artım var:

“Bu dəqiqə dükandayam. Bir parça məhsul almışam, deyir ki, 10 manatdır. Bahalaşmanın hamıya təsiri var. Hələ mən məşhur adamam. Bəzən mənə qıymırlar, gör başqalarına nə qiymət oxuyurlar?! Hər sahədə olan şəxsə təsir edib. Hər gün yağların qiymətləri qalxır. Hər şey bahalaşır. Bu şəkildə yaşamağa çalışırıq. Bayram yaxınlaşdıqca qiymətlər daha da qalxır”.

Rəqqasə Roza Cəlilova əlavə edib ki, məhsul bahalaşanda maaşlar artırılmalıdır ki, qiymət artımı insanlara təsir etməsin:

“Hələ ki yaşamağa çalışırıq. Həyat çox gözəldir. Pandemiya bizə çox təsir etdi. Yaxşı ki, cəngindən qurtardıq. Çox itkilər oldu. Qardaşımı da itirdim. Yersiz xəstəlik idi.

Maaşlar çoxalsa, bahalaşma insanlara ciddi təsir göstərməz. Mənim 94 yaşım var. Nəvələrimə kömək etməyə çalışıram. Sənətimə hörmət edirlər. Xüsusi qayğı var. Məsləhətim odur ki, gənclər tənbəllik etməsinlər, işləsinlər. İşləmişəm, bəhərini də görürəm”.

Keramika ustası, rəssam və heykəltaraş Mir Teymur bahalaşmanın onun sənət sahəsinə ciddi təsir etdiyini bildirib:

“Keramika ən bahalı sənətdir. Kimyəvi maddələrin də qiymətləri qalxıb. Mən Almaniyadan, tutaq ki, bir-iki kq malı 10 manata gətirirdimsə, indi onu 20 manata gətirirlər. Bahalaşmanın təsiri çoxdur. Bu proses həm ərzaq, həm də qeyri-ərzaq məhsulları üzərində müşahidə olunur. Hər sahədə aydın şəkildə rast gəlmək mümkündür”.

Nəzrin Vahid

Bənzər yazılar

Back to top button