Top.Mail.Ru
CƏMİYYƏT

70 yaşımı təbrik edənlərə TƏŞƏKKÜR ƏVƏZİ-“Mən əsas mükafatımı Təbrizdə alacam”

Martın 3-də 70 yaşım tamam oldu. Yəqin həmyaşıdlarım olmayanlara bu çox görünər. Amma Tanrıdan arzu edərdim ki, hər bir soydaşımız bu səddi adlasın, 100-ə doğru addımlasın.

Sizlərə bir maraqlı fakt açıqlayım. Valideynlərimin dünyaya göz açdıqları Ərdəbil ətrafındakı Nünəkəran kəndində 80-90 yaşında ömrünü başa vuranlara hamı acıyır, “binəva cavan getdi” deyirlər. Mən də 1990-cı ilin yanvarın 18-də Biləsuvar istiqamətində sərhəd tellərini yandıranlara qoşulub ata-baba yurduma min bir əziyyətlə çatdıqdan sonra həmin yaşda olan insanların necə cavanlara xas cıvraqlıqlarını müşahidə etdikdə təəccübüm qürur hissi ilə əvəzləndi. Demə, bu kəndə təyinatı verilən həkimlərə yerli camaat nadir halda müraciət etdiklərindən onlar cəmi iki-üç il burda duruş gətirə bilirlər. Ona görə də özümün də şübhəm yoxdur ki, ürək namərdlik etməsə ideyalarımızın təntənəsinin şahidi olacağımız Təbrizdə də rahat gəzəcəyəm.

Keçək təbriklərə. Mənə ürək sözlərini, xoş duyğularını yetirənlərin sayı yüzlərcədir. Coğrafiyası da genişdir – İsveç, Norveç, ABŞ, Fransa, Almaniya, Danimarka, Post-Sovet məkanı… Əlbəttə, Vətənimin bir parçası, bütün dünya azərbaycanlılarının ümidgahı, qibləgahı olan müstəqil Azərbaycan Respublikası bu sırada öndədir. Həyatımda əldə etdiyim uğurlara görə 1946-cı ilin dekabrında fədai başçısı atamın anam, böyük bacım və qardaşımla birgə pənah gətirdikləri, daim doğmaların əhatəsində yaşadıqları, hərtərəfli qayğı ilə əhatə olunduqları bu torpağa, onların rəhbərlərindən tutmuş sıravi adamlarınadək hər bir şəxsə borclu sayıram. Düzü ömür yoluma nəzər saldıqda hiss edirəm ki, gənc nəslə örnək ola biləcək illəri yaşamışam. Belə də davam etməliyəm, çünki insan 50 yaşdan sonra istəsə də xarakterini dəyişə bilməz. Mən isə bu Vətəni, onun böyükdən tutmuş kiçiyinədək hər bir sakininə dəyər verirəm, onları bağrıma basır, özüm kimi müstəqil dövlətdə yaşayan, bütün bilik və qabiliyyətini təsdiqləmək imkanına malik olan məsləkdaşlarımızın, uzun illərin mübarizəsindən usanmayan yoldaşlarımızın adından hamıya təşəkkürümü bildirirəm. Və deyirəm ki, biz də borclu qalmağı sevmirik: İnşallah hamımızın görmək istədiyi Təbriz mühitində sağollarımızı eşidəcəksiniz.

İndi pandemiyadır, bütün bəşəriyyət koronavirusa qarşı imtahan verməkdədir. Odur ki, uşaqlıq, tələbəlik yoldaşlarım, jurnalist cameəsi və məsləkdaşlarım məndən inciməsinlər ki, onların yubiley keçirmək istəyinə imkan verməmişəm. Elə bilirəm ki, bu baş tutacaq. Amma arzularımın oylağı olan Təbrizdə. Elə mükafatınızı da orada alacağam.

Rəhim Hüseynzadə
Azərbaycan Demokrat Firqəsinin sədri
Əməkdar jurnalist

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button