Top.Mail.Ru
CƏMİYYƏT

Gənc soydaşımız Türkiyədəki milli rəsm müsabiqəsinin QALİBİDİR

Qardaş ölkədə keçirilən XIX Türkiyə milli rəsm müsabiqəsində həmyerlimiz Orxan Orucov birinci yeri tutub.

KAİM.az xəbər verir ki, İzmir Özəl Türk Kollecinin təşkil etdiyi müsabiqədə Türkiyənin 81 bölgəsində fəaliyyət göstərən bütün incəsənət yönümlü liseylərin və kolleclərin tələbələri iştirak ediblər. Ümumilikdə müsabiqəyə 872 rəsm əsəri təqdim edilib. İşılay Sayğın adına İzmir Dövlət İncəsənət Liseyinin builki məzunu, hazırda İzmir şəhərində yaşayan həmyerlimiz Orxan Orucov müsabiqəyə “Leylanın portreti” əsəri ilə qatılıb. Əsərin qəhrəmanı Orxanın 15 yaşındakı bacısı Leyladır. Leyla Orucova İzmir Dövlət Konservatoriyasının liseyində musiqi təhsili alır.

Münsiflər heyətinin açıqladığı nəticəyə görə, birinci yeri “Leylanın portreti” əsəri tutub. Gənc soydaşımızın mükafatı 3 min lirə təşkil edir. Orxan Orucov bu milli müsabiqədə qalib gələn ilk azərbaycanlıdır.

Gənc rəssamımız 2003-cü ildə Azərbaycanın Naxçıvan şəhərində doğulub, amma 14 il ailəsi ilə birlikdə Ukraynanın Xarkov şəhərində yaşayıb, rəsm və animasiya dərnəklərində təhsil alıb. 2013-cu ildə fin animator Maiki Kantolanın rəhbərliyi ilə animasiya filminin çəkilişlərində iştirak edib. Bu film Ukraynadakı “Dityatko” film festivalında mükafat qazanıb.

2014-cü ildə ailəsi ilə bərabər Türkiyənin İzmir şəhərində köçüb. Təhsilini İşılay Sayğın Dövlət İncəsənət Liseyində davam etdirib və lisey tələbəsi kimi qatıldığı müxtəlif rəsm müsabiqələrində birinci yeri tutub. Onun əsərləri liseyin rəsm qalereyasında nümayiş etdirilir. Orxan ali təhsilini Türkiyə universitetlərinin birində animasiya ixtisası üzrə davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, Orxan Orucovun atası Elçin Orucov beynəlxalq “Tartoniks” animasiya layihəsinin rəhbəri, babası Sabir Məmmədov isə Naxçıvanın tanınmış peşəkar rəssamlarından biridir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button