Top.Mail.Ru
CƏMİYYƏT

“Elə bu ağılda olduğunuza görə…” – Əli Kərimli yalanı növbəti dəfə İFŞA OLUNDU

Əli Kərimli “Paşinyanın Azərbaycanı şoka salacaq səs yazısı” adlı status paylaşıb. AXCP sədri o statusda iddia edib ki, İlham Əliyev Qarabağı ermənilərə və ruslara satıb. Guya Azərbaycan rəhbəri iqtidarda qalmaq üçün Azərbaycanın dövlət maraqlarına ayaqlar altına atıb və xalqı aldadaraq Moskva tərəfindən əvvəlcədən cızılmış ssenariyə uyğun hərəkət edib.

Eləmədim tənbəllik, Paşinyanın səs yazısı ilə bağlı materialı orijinaldan oxudum. Şərh bölümündə Əli Kərimlinin statusunu olduğu kimi, yəni nöqtəsinə, vergülünə toxunmadan təqdim edəcəm (Bax: Elbəyi Həsənlinin Facebookdakı statusuna). Eyni zamanda, Paşinyanın səs yazısının linkini də şərh bölümünə atacam. Hər iki mətni müqayisə edəndə aydın görünür ki, Əli Kərimli gözünün içinə kimi yalan danışır.

Səs yazısının mətni göstərir ki, Paşinyan ona deyilən “Lavrov planı”nı yalan və tələ hesab edir. Putin, Nazarbayev və Lukaşenkonun onu aldatmaq istədiklərini başa düşür. Əli Kərimli isə öz siyasi maraqları naminə Paşinyanın yalan və tələ hesab etdiyi şeyi Azərbaycan xalqına həqiqət kimi sırıyır. Bu məqsədlə mətnin orijinalını məqsədli şəkildə təhrif edir. Mətnin əsas hissəsini isə ümumiyyətlə, silib atır.

Əli Kərimli utanıb çəkinmədən saxtakarlıq edir. Azərbaycan xalqının gözünün içinə baxa-baxa yalan danışır. Mən buna çox təəssüf edirəm. Eyni zamanda qəti etirazımı bildirirəm. Yəni siz siyasətçilər ağlınıza gələni edə bilməzsiniz. Belə özbaşınalıq olmaz ki.

İlham Əliyevi tənqid etməkdən asan bir şey yoxdur. Bunun üçün Əli Kərimliyə, yaxud da hər hansı siyasi opponentə “gözünün üstündə qaş var”, deyən yoxdur. Üstəlik, müharibədən çıxmış Azərbaycanda kifayət qədər problem də var. İstəyən hər kəs rüşvət, korrupsiya, məmur qudurğanlığı, seçki saxtakarlığı, senzura, siyasi məhbuslar, qazi və şəhidlərə biganə münasibətlə bağlı iddialarına kifayət qədər arqumentlər tapa bilər…

Yəni Əli Kərimli, sən real problemləri bir kənara qoyub özündən niyə yalanlar uydurursan?

Kimsə bizim müxalifət liderlərini inandırıb ki, İlham Əliyevi Qarabağ məsələsi üzərindən vurmaq lazımdır. Cəfəngiyyatdır. Qarabağ məsələsi İlham Əliyevin ən güclü yeridir. Ağıllı siyasətçilər öz rəqiblərinin ən zəif yerini nişan alırlar. Bizim “ağıllı” müxalifətimiz də İlham Əliyevin ən güclü yerindən yapışaraq onu yıxmaq istəyir.

Ümumiyyətlə, Qarabağ məsələsində Azərbaycanda ən radikal mövqedə duran siyasətçi məhz İlham Əliyevdir. Bu barədə Robert Köçəryan öz xatirələrində açıq yazır. Qeyd edir ki, Ki Uest anlaşması ərəfəsində mərhum prezident Heydər Əliyevi anlaşmaya imza atmağa qoymayan oğlu İlham Əliyev olub. Əli Kərimli, sən bunu bilirsən axı. Adam Qarabağ məsələsinə görə prezident olan atasına etiraz edib. İndi sən deyirsən ki, yox e, elə deyil: “İlham Əliyev Qarabağı satıb…”

Özünüzə çəki-düzən verin. Xalqı ələ salmayın. Bu kimi yalanlarla hara qədər gedəcəksiz? Sizin kimi siyasətçilərin ucbatından Azərbaycan düzəlmir ki, düzəlmir…

Elə bu ağılda olduğunuza görə də 30 ildir ki, yerinizdə sayırsız. Bu gedişlə siyasi həyatınızın sonuna kimi də durduğunuz yerdə təpik döyəcəksiz…

P.S. Qarabağı işğaldan Azərbaycan Ordusu qurtarıb. Canı-qanı hesabına. Əli Kərimli isə iddia edir ki, bunlar hamısı boş şeydir. Ssenaridə belə yazılmışdı…

Məlumat üçün buraya klikləyin.

Elbəyi HƏSƏNLİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button