Top.Mail.Ru

CƏMİYYƏT

“Qaydalara əməl etməyənləri böyük cərimələr gözləyir, saxta COVİD pasportu SATANLAR İSƏ…”

Operativ Qərargahın növbəti brifinqi oldu; DİN rəsmisi: “Sentyabrın 1-dən birinci doza, oktyabrdan 2-ci doza vaksinə tələb vətəndaşı cəza tədbirindən qoruyur”

Avqustun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə son günlər koronavirusa yoluxma hallarında artım və növbəti aylarda tətbiq olunacaq yeni qaydalar haqqında məlumat verilib. Brifinqdə ilk çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib ki, son günlər ərzində Azərbaycanda koronavirusa yoluxmada yüksək rəqəmlər açıqlanır: “Cəmiyyətdə də son günlər bununla bağlı çoxlu suallar verilir. Sentyabrın 1-dən böyük ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacaq. Eyni zamanda, bu, ali təhsil müəssisələrində tələbələrdən də istəniləcək”.

Ş. Mövsümov əlavə edib ki, Azərbaycan az ölkələr sırasındadır ki, ölkədə çoxçeşidli vaksinlər mövcuddur: “Bu gün üçün ölkənin kifayət qədər vaksin ehtiyatı var: ”Bununla bağlı hər hansı bir sıxıntımız da yoxdur”.

Loading...
Yazının davamı reklamdan sonra

.az xəbər verir ki, TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva da bildirib ki, son günlər  virusa yoluxma hallarında kəskin artım müşahidə olunur: “Bizim üçün önəmli olan yoluxma əmsalıdır. 1 avqustda yoluxma əmsalı 7 faiz idisə, bu göstərici 23 faizdir. Bu gün 18 pandemiya xəstəxanası fəaliyyət göstərir ki, onların 11-i Bakıda, 7-si regionlardadır. Ümumilikdə, bu günədək respublikamızda 40-a yaxın pandemiya müəssisəsi fəaliyyət göstərib. Əgər avqustun 1-də xəstəxanalarda 808 xəstə var idisə, hazırda bu say 2458-ə çatıb. Sürətli artım göstərir ki, qaydalara ciddi şəkildə riayət etməliyik. Ehtiyat tibb müəssisələrinin mövcudluğu bizi rahatlaşdırmamalıdır. Bəzən bir region daxilində 2-3 pandemiya xəstəxanası olduqda, digər xəstələr xəstəxanaya yaxınlaşmaqda çox ciddi əziyyət çəkir. Buna görə də digər xəstəxanaların pandemiya müəssisəsinə çevrilməsi doğru deyil. Nəzərə alaq ki, personal bir ildən artıqdır ki, çox ciddi rejimdə çalışır”.

Y.Qarayeva deyib ki, COVİD-ə yoluxan şəxsin hansı simptomları yaşayacağı haqqında artıq məlumatlar var: “Mart ayından bu günə qədər yoluxan insanlar arasında statistik araşdırma aparılıb. Bu statistika göstərir ki, yoluxan insanlar arasında 96 faiz şəxs peyvənd olunmayan xəstələrdir. Bu, çox ciddi rəqəmdir. Süni tənəffüs aparatına qoşulan xəstələrin 97 faizi peyvənd olunmayanlardır. Vəfat edənlərin arasında isə 99 faizi vaksin olunmayan şəxslərdir”.

Qarayeva qeyd edib ki, vaksinasiya 100 faiz effektiv deyil: “Bu gün ölkəmizdə peyvənd olunanların sadəcə 0,6 faizində yoluxma nəticəsində qospitalizasiya müşahidə olunub. Ölkəmizdə 6 milyon vətəndaş birinci doza vaksini vurdurub. Lakin hər iki dozanı vurduran vətəndaşların sayı bu göstəricinin 4 faizini təşkil edir. Ehtiyat tibb müəssisələri mövcuddur. Amma bu bizi rahatlaşdırmamalıdır. Regionlarda iki-üç pandemiya xəstəsi olanda çatdıra bilmirik”.

Prezident köməkçisi Şahmar Mövsümov isə deyib ki, pandemiyadan çıxış yolu peyvəndlənmədir: “Peyvəndin də təhlükəsiz olması haqqında kifayət qədər məlumat verilib. Bu gün 6 milyon dozaya qədər vaksin vurulub və hər hansı əks təsir müşahidə edilməyib. Peyvəndləməyə başlayanda elmi işlərə, məqalələrə əsaslanaraq başlamışdıq. Artıq bizim əlimizdə olan rəqəmlər nəzəriyyə deyil. Vaksinin təhlükəsiz olması da heç kəsdə şübhə doğurmamalıdır. Bu gün COVİD-19-dan ölənlərin 99%-i vaksin olunmayanlardır”.

Prezident köməkçisi saxta COVİD pasportu alanlarla bağlı məsələyə də fikrini bildirib: “Təəssüf ki, belələri var. Ağır vəziyyətdə olan xəstələr var ki, əllərində COVİD pasportları var. Araşdırılandan sonra məlum oldu ki, pul verib saxta Covid pasportu alıblar, hazırda onlar reanimasiyada ağır vəziyyətdədirlər. Həkimlər və kiçik tibbi personal arasından insanlar tutulub. İnsanlar nəinki öz həyatı ilə oynayır, həm də dövlətin siyasətinə xələl gətirirlər. Buna hansısa əsas gətirmək qeyri-mümkündür. Müvafiq dövlət orqanları bununla mübarizəni davam edəcək. Həmin şəxslərə buradan da müraciət edirik ki, onlar çox ciddi cəzalandırılacaqlar.

Ş.Mövsümov onu da əlavə edib ki, sentyabrın 15-də məktəblərin bərpa olunması nəzərdə tutulub: “Sentyabr ayında bu məsələyə yenidən baxılacaq. Valideynlər üçün vaksin tələbi qoyulmayıb. Lakin məhdudiyyət qoyulan sahələrin 80 faiz əməkdaşının peyvənd olunması nəzərə tutulub”.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə bildirib ki,  COVİD-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi artıq hazırlanıb: “Nazirlər Kabinetinin qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində – qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər. Yaşı 18-dən yuxarı olan şəxslərin COVİD-19 pasportunun olub-olmaması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan ”ASAN İcazə” mobil tətbiq vasitəsilə yoxlanılacaq. Yalnız COVİD-19 pasportu olduğu təqdirdə şəxs qeyd olunan məkanlara buraxılacaq”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə deyib ki, xırda tutumlu ticarət obyektlərində COVID-19 pasportu tələb olunmur: “Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir. Bu, həm vətəndaşın tibbi sağlamlığını, həm də vətəndaşı qanunu pozmadan qoruyur”.

DİN rəsmisi qeyd edib ki, metroda indiki vəziyyət sabitdir: “Orada vaksinasiya ilə bağlı hər hansı bir tələb yoxdur. Sentyabrın 1-dən birinci doza, oktyabrdan etibarən 2-ci doza vaksininə tələb vətəndaşı cəza tədbirindən qoruyur. Hazırda metroda risk təhlükəsi yoxdur. Vətəndaşlardan COVID pasportunun tələbi nəzərdə tutulmur”.
O xatırladıb ki, qarşıdan tədris ili gəlir, dərslər başlayacaq: “Tədrisin əyani formada davam etdirilməsi üçün hər bir vətəndaş məsuliyyətli olmalıdır. Heç bir məsələdə güzəştə getməməliyik”, – deyə DİN rəsmisi vurğulayıb.
Hacıyev qeyd edib ki, toy, nişan və digər kütləvi şənliklərin təşkilində hər hansı məhdudiyyət tətbiq edilmədiyi üçün monitorinqlər davam etdiriləcək: “Respublikada 4865 toyda monitorinq aparılıb. Müəyyən sahibkarlıq subyektləri və vətəndaşlar tərəfindən qaydaları pozma müşahidə edilib. 38 nəfər həbs edilib, 27 nəfər barəsində materiallara baxılması üçün məhkəməyə göndərilib, 31 nəfərə cinayət işi başlanılıb. Monitorinq keçirilən ünvanlarda 46 899 nəfər COVID pasportu olmayan şəxs məclisdə iştirak edib. Onlar arasında COVID daşıyıcıları, risk qrupuna daxil şəxslər olub”

Elşad Hacıyev bildirib ki, təhsil müəssisələrində əyani tədrisin başlaması üçün monitorinq qruplarına Təhsil Nazirliyi nümayəndələri, rayon nümayəndələri dəvət olunacaq: “İri ticarət mərkəzlərində beynəlxalq təcrübə əsas götürülməklə obyektlərin qarşısına polis nümayəndələrinin dayanması nəzərdə tutulmur. Obyekt nümayəndələri tərəfindən obyektlərə daxil olan şəxslərin pasportları yoxlanacaq. Lakin qəfil şəkildə həmin mərkəzlərdə polis yoxlanışı keçiriləcək. Əgər qanun pozuntusu aşkarlanarsa, obyekt sahibi barəsində inzibati tənbeh tətbiq ediləcək. Fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaq, hüquqi şəxslər barəsində həbs qəti imkan tədbiri tətbiq olunacaq.  Obyektlər, təhsil müəssisələrinə daxil olacaq şəxslər xidməti formada olmayacaq. Buna görə də 18 yaşdan yuxarı şəxslərin COVID pasportu olmayacaqsa, həmin şəxslər yox, obyektin rəhbəri və müvafiq yoxlayıcılar məsuliyyət daşıyacaq”.

Elşad Hacıyev qeyd edib ki, əgər sözügedən mütəxəssislər norma pozulması aşkarlandıqdan sonra qaydalara riayət etməyəcəksə, həmin ünvanın fəaliyyətinin dayandırılması nəzərədə tutulur.
Sonda jurnalistlərin sualları cavablandlandırılıb.

Ş. Mövsümov deyib ki, həftə sonu qadağası vətəndaşların hərəkətinin aktivliyi ilə bağlıdır: “Hazırda həftə sonu qadağasının aradan qaldırılması ilə bağlı məsələ müzakirə olunmur. Ola bilər ki, sentyabr ayında bu məsələyə yenidən baxılsın. Eyni zamanda, teatr, kinoteatr və konsert zallarının fəaliyyəti hələ ki məhduddur. Epidemioloji vəziyyət bərpa olunduqdan sonra bu məsələyə də baxılacaq”.

Qarayeva “CoronaVac” vaksinin effekt verməməsi ilə bağlı suala cavab verib. O deyib ki, bu yanlış məlumatdır: “Mən üçüncü dozanı Sinovac vurdurmuşam. Ancaq seçimlər müxtəlifdir. Vətəndaşlar istədiyi vaksindən istifadə edə bilər”.

Y.Qarayeva buster vaksinlərdən də söz açıb: “Epidemilogiyada əlavə doza əvvəlki təcrübələrdə də olub. Bu, əldə olunmuş immunitetin daha uzun müddət davam etməsi üçün tövsiyə olunur. Ən böyük ehtimal vaksinin effektivliyinin 6-8 ay müddətində təsdiqlənməsidir. Ona görə də bütün elm aləmi düşünür ki, 6 aydan sonra əlavə doza verilsin. Artıq bu haqda ”Sinovac” şirkəti rəsmi məlumat da yayıb. Xüsusilə yaşlı insanlara vacib sayılır. Yaşlı insanlar əlavə dozanı vurduqda qanda olan immunoqlobin sayı artır. Ona görə də tövsiyə edirik ki, yaşlılar, immun problemi olanlar, tibb işçiləri 6 ay keçəndən sonra əlavə 1 doza da vurdursalar, daha effektiv olar”.

TƏBİB rəsmisi qeyd edib ki, hər bir vaksinin effektivliyi onun istehsalçısı tərəfindən ÜST-ə təqdim olunan sənəddən məlumdur: “”Sinovac” vaksininin təsirinin Türkiyədə aparılan araşdırmalarda 88 faiz olduğu təsdiqlənib. Əgər ÜST vaksinin istifadəsinə icazə verirsə, deməli, onun effektivliyi var. Bu gün ölkəmizdə istifadə olunan vaksinlərin effektivliyi ÜST standartlarına uyğundur.

Eyni zamanda, virus infeksiyalarında mutasiyalar adətən mövsümü xarakter daşıyır. Delta ştammı aşkarlandıqdan sonra epidemioloji xarakter daşıdığı üçün ölkədə yayıldığı məlum olur. Mutasiya növünün tibbi əhəmiyyəti yoxdur”. //Yeni Müsavat

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button