Top.Mail.Ru
CƏMİYYƏT

Hacıbala Abutalıbov dəfələrlə eyni sərəncamlarını niyə ləğv edib? — Sabiq aparat rəhbərinin işində YENİ FAKTLAR |

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Rasim Quliyev prokuror Eldar Həmzəyevin suallarını cavablandırıb.

O bildirib ki, tikinti və söküntü işləri ilə bağlı sərəncam Bakı şəhər icra Hakimiyyətinin Baş memarlıq və şəhərsalma idarəsi tərəfindən hazırlanıb: “Tikinti və sökürəntü il işlərin aparılması üçün hansı dövlət qurumlarından icazə alınmasından xəbərsiz idim. Mənə sənədlər hazır şəkildə gəlirdi. Mən də etibar edib, imzalayırdım. Çünki həmin sənədləri hazırlayanlar peşakar mütəxəssislər idilər”.
Rasim Quliyevin sözlərinə görə, 2017-ci ildə ona müavin səlahiyyətlərini icra etmək üçün həvalə olan sənəddə qeyd edilib ki, Bakı şəhər icra hakimiyyəti başçısı sərəncamı nəzarəti özündə saxlayıb: “Mən 7 ay ərzində həmin vəzifəni müvəqqəti icra etmişəm. Bu 7 ay ərzində mənim haqqımda Hacıbala Abutalıbov Prezident Adminstrasiyasına təqdimat verə bilərdi. Bunu rəsmiləşdirmək olardı. Sual olunur ki, bu niyə olunmayıb. Burada iki səbəb ola bilər. Dediyim odur ki, bu işi bacarmırdımsa, niyə müavin təyin olunmuşam. Yox, əgər bacarırdımsa, niyə haqqımda təqdimat verilməyib”.
Rasim Quliyev qeyd edib ki, 9 noyabr 2015-ci ildə Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Mədəniyyət Nazirliyinin Mədəni İrsin qorunması inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəisi Zakir Sultanova məktub göndərib: “Məktubda göstərilib ki, Dilarə Əliyeva küçəsindəki 145 saylı bina sökülüb. Bu səbəbdən 141 saylı ünvanda da yerləşən tarixi binanın bir hissəsi uçub. 145 saylı bina sökülən zamanı 141 saylı binanın materialları da köhnə materiallar olduğu üçün orada da uçqun olub”.
Rasim Quliyev qeyd edib ki, sözügedən 141 və 145 saylı binaların tarixi mədəniyyət abidələri olduğunu göstərən fərqləndirici nişan olmayıb. Onun sözlərinə görə, həmin ərazidə işlərin aparılması üçün Hacıbala Abutalıbov bir neçə dəfə sərəncam verib, daha sonra isə həmin sərəncamları ləğv edib.
Növbəti proses sentyabrın 13-də davam edəcək.
İttihama görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının,habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılıb.
Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.
Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura İdarəsi zərərçəkmiş qismində tanınıb./Demokrat.az

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button