Top.Mail.Ru

CƏMİYYƏT

Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə seminarı – ƏTRAFLI

Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə nəzəri-praktiki seminar keçirilib

2020-ci ilin 17 noyabr tarixində Azərbaycan Texniki Universiteti (AzTU) və
Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Azərbaycanda rəqəmsal ödənişlərin tətbiqi: reallıqlar və perspektivlər” mövzusunda nəzəri-praktiki seminar
keçirilib.

“ZOOM” platforması üzərindən online formatda təşkil olunan seminarı açan MDU-
nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın böyük
qətiyyəti və Azərbaycan Əsgərinin rəşadəti sayəsində əldə edilmiş möhətəşəm qələbə
münasibətilə tədbir iştirakçılarını təbrik edib. Böyük sevinc və fəxarət hissləri ilə
əlamətdar tarixi günlər yaşadığımızı qeyd edən rektor Allahdan bütün şəhidlərimizə
rəhmət və yaralılarımıza şəfa diləyib.

Birgə seminarın Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2018-ci il
tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan
Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası
üzrə müvafiq Tədbirlər Planı çərçivəsində təşkil olunduğunu vurğulayan Ş.Bayramov
rəqəmsal ödənişlərin inkişafı sahəsində görülən işlər barədə ümumi məlumat verib.
2019-cu ildən MDU-nun ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan AzTU ilə
əməkdaşlığa start verdiyini bildirən Ş.Bayramov seminarın sözügedən əməkdaşlıq
çərçivəsində baş tutduğunu diqqətə çatdırıb

Əldə etdiyimiz böyük qələbə münasibətilə səmimi təbriklərini çatdıran AzTU-nun
rektoru, professor Vilayət Vəliyev qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı
qalibiyyətlə başa vurduğumuz Vətən Müharibəsində hər iki universitetin tələbə və
məzunlarının da iştirak etdiyini bildirib.

AzTU ilə regionda yerləşən ali təhsil müəssisələri arasında qarşılıqlı faydalı
əməkdaşlığa mühüm önəm verdiyini vurğulayan V.Vəliyev birgə layihələrin həyata
keçirilməsində MDU-nu əsas tərəfdaşlardan biri olaraq dəyərləndirib. Nəzəri-praktiki
seminarın mövzusunun aktuallığından bəhs edən V.Vəliyev rəqəmsal ödənişlərin
əhəmiyyəti, bu sahədə həyata keçirilə biləcək tədqiqat istiqamətləri barədə fikirlərini
bölüşüb.

Sonra, MDU-nun İqtisadiyyat kafedrasının müdiri dos.Cəmilə Musayeva “Rəqəmsal
ödənişlərin tətbiqinin iqtisadi inkişafa təsiri” mövzusunda, AzTU-nun İqtisadiyyat
kafedrasının baş müəllimi, i.f.d. Xəyaləddin Tağıyev “Bank sistemində rəqəmsal ödəniş
texnologiyaları” mövzusunda və MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri
dos.Vüqar Mustafayev “Rəqəmsal ödənişlərin genişləndirilməsində “ASAN xidmət”in rolu” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə rəqəmsallaşmanın önəmi,
nağdsız ödənişlər, rəqəmsal ödəniş infrastrukturunun inkişafı, ölkəmizdə mövcud olan
ödəniş sistemləri, elektron bankçılıq, elektron ticarət, mümkün risklər, mövcud
beynəlxalq təcrübə, sözügedən Dövlət Proqramı çərçivəsində reallaşdırılan tədbirlər,
müzakirə olunan sahənin inkişafında “ASAN xidmət”in rolu və digər məsələlər haqqında
ətraflı məlumat verilib.

Hər iki universitetin müəllim və tələbə kollektivi tərəfindən maraqla qarşılanan birgə
seminar mövzu ilə bağlı sualların cavablandırılması ilə başa çatıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button