Top.Mail.Ru
CƏMİYYƏT

Lahıcdakı yüksək ixtisaslı sənət – VİDEO

Azərbaycanın Lahıc kəndi Niyaldağ silsilələrinin yamacında, Bakıdan qərbdə, avtomobillə təxminən 3 saatlıq məsafədə yerləşir. Onun daş döşənmiş dar küçələri, çay daşlarından tikilmiş evləri, emalatxana və dükanları indi də bir əsr bundan əvvəlki kimi görünür.

Lahıc tarixən sənətkarlar kəndi kimi tanınıи. Burada dəri istehsalı və xalçaçılıqla da məşğul olurlar. Amma o, misgərliklə məşğul olan sənətkarlar sayəsində məşhurlaşıb. Misdən hazırlanan dekorativ məmulatlar balaca kəndin rəmzinə çevrilib.

Kəbləyi Əliyev (misgər): “Bu dükanın 300 yaşı var. Bura 1725-ci ildə açılıb və indiyədək fəaliyyət göstərir. Mənim əcdadlarım, ailəmin hər bir üzvü – ulu babalarım, əmilərim, onların övladları bu dükanda çalışıblar. Mən isə 5 yaşımdan burada işləyirəm. İndi 50 yaşım var. Mənim övladlarım burada çalışan 8-ci nəsildir”.

Misgərlik metallurgiyanın ən qədim sahələrindən biridir. Mis məmulatların istehsalı və bəzədilməsinin tarixi min illərə, yəni insanların ilk dəfə torpaqdan metal çıxarmağı öyrəndiyi dövrə qədər uzanır. Amma bu illər ərzində misgərlik sənətinin üsulları çox az dəyişib. Yerli misgərlər hələ də dəmirçi çəkici və xüsusi metal qələmlərdən istifadə edirlər. Bu, güc, dözüm və səbr tələb edən ağır işdir.

Hacı Əliyev (nəqqaş): “Kəbleyi misdən bu qabı düzəldir, qalaylayır və mənə gətirir. Mən onun üzərinə naxış vururam. Hər qab unikaldır. Müxtəlif qablara eyni naxışı vurmaq olmaz. Mənə qabların forması ilham verir. İstifadə etdiyim yeganə alət metal qələmdir. Qabın üzərinə karandaşla naxış çəkmirəm. Onu vurmazdan əvvəl isə xəyalımda təsəvvür edirəm”.

Lahıcda hazırlanan mis qablar Parisin Luvr muzeyi daxil olmaqla, dünyanın ən məşhur muzeylərində nümayiş etdirilir. Onları yerli əhali də yüksək qiymətləndirir.

Kamal Əliyev (“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru): “Lahıcda mis emalının tarixi əsrlərə uzanır. Biz dəqiq bilirik ki, burada hətta XI əsrdə belə, mis qablar hazırlanıb. Bundan başqa, arxeoloqlar Azərbaycanın müxtəlif yerlərində orta əsrlərdə Lahıcda hazırlanmış mis sikkələr tapıblar. Hələ 1923-cü ildə Lahıcda 200-dən artıq misgərlik emalatxanasının fəaliyyət göstərdiyi məlumdur”.
Misgərlik sənəti 2015-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.

(İngilis dilindən tərcümə – WorldMedia.Az)
Mənbə: Euronews

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button