Top.Mail.Ru

CƏMİYYƏT

“Gələn həftədən gün ərzində koronavirusdan 40-50 nəfərin ölməsi halı adiləşəcək…”

“Ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət yaxşı deyil. Viruslu xəstələrin sayının daha da artacağı gözlənilir. Demək olar ki, artıq hər evdə koronavirusa yoluxmuş xəstə var. Hər gün yoluxan xəstələrin 10 faizinin ağırlaşdığını nəzərə alsaq, gələn həftədən gün ərzində 40-50 nəfərin ölməsi halı adiləşəcək. Hesab edirəm ki, vəziyyətin nə qədər belə davam edəcəyini infeksionistlər dəqiqləşdirəcək. Gözlənilir ki, gələn həftədən etibarən xəstələrin sayı daha da artacaq”.

Bunu Azərbaycan Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev bildirib.

O təəssüflə qeyd edib ki, artıq xəstəxanalarda yer məhdudluğu yaranıb:

Loading...
Yazının davamı reklamdan sonra

“Xəstəliyin bu qədər geniş yayılmasına baxmayaraq, hələ də bu virusa inanmayanlar var. Əvvəl “hər evdə koronavirusa yoluxan xəstə olacaq” deyə iddia edirdiksə, indi artıq deyə bilərik ki, hər evdə ölüm ola bilər. Peyvənd tapılana qədər, maska, məsafə və təmizliyə riayət etmək bizim həyat tərzimizə çevrilməlidir. Bütün bunlara əməl etsək, müəyyən qədər qarşısını ala bilərik. Vacib olmadığı halda, çölə çıxmamaq və kontaktda olmamaq lazımdır”.

Şöbə müdiri son həftələrdə koronavirusa yoluxmanın bu qədər artmasının səbəbini də izah edib:

“İki həftə əvvəl – sərtləşdirilmiş karantin rejiminə qədər, demək olar ki, heç kəs maskadan istifadə etmirdi. Hər halda bu da son 1-2 həftədə yoluxma sayının bu qədər artmasına səbəb olub. Əslində, yoluxmanı artıran səbəblərdən biri də qələbə münasibətilə hər kəsin küçələrə axışmağı, görüşməsi, daha sıx ünsiyyət qurması oldu. Müharibənin başladığı ilk günlərdə də mən “Facebook” səhifəmdə COVID-19-la bağlı özümüzü qorumaq məqsədilə bir post paylaşmışdım və qeyd etmişdim ki, yoluxmanın artması gözlənilir. Nəticəsi budur ki, gün ərzində 13 min test edilir və 3-4 min yoluxma faktı qeydə alınır. Bu hələ yalnız testlərin nəticələridir. Nəzərə alsaq ki, testlərin informativliyi 70%-dir, deməli bu say bir az da çoxdur”.

C.Paşayev xəstəliyin gedişatı barədə də danışıb. Qeyd edib ki, bu virus mövsümlə olacaq:

“Yəni yaz və payız aylarında orqanizm müqaviməti düşür, fəsil dəyişikliyi olur. Həmin vaxt xəstəliyə yoluxma sayı artacaq. Hazırda kimin COVID, kimin qripə yoluxduğunun bilinməməsi də problemdir . Ona görə peyvənd olması vacibdir. Bununla biz həkimlərin də işi azalır. Şikayətlər gəlir. Məsələn, kimsə qrip peyvəndi olduğu halda xəstələnsə, biləcəyik ki, bu, COVID-dir”.

Şöbə müdiri deyib ki, hazırda reanimasiyada olan xəstələr yaydakından daha çoxdur və reanimasiyaya yerləşdirilən xəstələrin 99 faizində tənəffüs çatışmazlığı olur. Onun sözlərinə görə, reanimasiyada olanlarda əsas problemi tənəffüs çatışmazlığının dərinləşməsidir:

“Bu virusa yoluxanların 80 faizi xəstəliyi ayaqüstə keçirir. 10 faizində simptomlu olur, qalan 5-10 faizində ağırlaşma olur. Bizdə problem odur ki, əksər xəstələrə antibiotik yazırlar. Artıq pasiyent xəstəxanaya gələndə bizim edəcəyimiz bir şey qalmır. İmmun sistemi zəifləmiş xəstəyə antibiotik verib, immun sistemini daha da çökdürürlər. Xəstə gəlir, amma ediləcək bir şey qalmır. Xəstəyə deksametazon yazmaq elə-belə şey deyil. Hazırda simptomu olana da, olmayana da hər şey edirlər. Şikayəti, temperaturu olmadığı halda, fərq qoymadan, virusun bakterial və ya viral olma səbəbini tapmadan antibiotikə başlamaq düzgün deyil. Antibiotikin göstərişi olmadan verirlər. Bu da vəziyyəti daha da pisləşdirir. İnsanlar simptomlar hiss etdikdə ilk olaraq sahə həkiminə müraciət etməlidirlər. Bu zaman onlar sahə həkiminin müşahidəsində olurlar. Ondan sonra xəstəyə müalicəyə yazılır. Hər kəsi xəstəxanaya gətirməyin də bir adı yoxdur. Evdə o qədər antibiotik qəbul edirlər ki, mikrobla gəlib, xəstəxanadakıları da yoluxdururlar”. (APA)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button