Top.Mail.Ru
CƏMİYYƏT

“Ölkələrin uğurlarını fərqləndirən onların mədəniyyətidir”

Oktyabrın 28-i sammit çərçivəsində “Baku Marriott Boulevard Hotel”də “Gələcək sərmayələrdə mədəniyyət müstəvisi” mövzusunda daha bir panel iclası gerçəkləşdi.

Giriş sözü ilə çıxış edən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İCYF) baş məsləhətçisi Fadila Grine qonaqları salamladı, məruzəçiləri təqdim etdi.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd etdi ki, mədəniyyət bizi beşikdən məzara kimi müşayiət edən faktordur: “İnanırıq ki, mədəniyyət, sadəcə, mahnı, şeir, ədəbiyyat, teatr, kinodan ibarət deyil. Bunlar mədəniyyətin konkret bir təzahürüdür. Bugünkü iclasın əsas məqsədi mədəniyyətlə iqtisadiyyatın əlaqəsini vurğulamaqdır. Hər bir ölkənin iqtisadi uğuru həm də onun mədəniyyəti ilə bağlıdır. Çünki ölkənin iqtisadiyyatı şirkətlərdən, banklardan ibarətdir. Şirkət və bankların fəaliyyəti isə öz növbəsində orada dominant olan mədəniyyətə bağlıdır. Demək olar ki, bütün ölkələr bu sahə üzrə eyni qaydanı tətbiq edir. Lakin eyni qaydaları tətbiq edən ölkələrin uğurları fərqlidir. Çünki bu qaydalar müxtəlif mədəniyyətlər çərçivəsində tətbiq olunur. Bu ölkələrin də uğurlarını fərqləndirən onların mədəniyyətidir. Bu baxımdan Azərbaycan Mədəniyyət Nazirliyi olaraq istəyərdik ki, mədəniyyətimiz də daha geniş anlamı ifadə etsin. Azərbaycan cəmiyyəti bizi Qələbəyə aparan mədəniyyəti yalnız müharibə zamanı yox, gündəlik həyatda da tətbiq etsin. Biz istəyirik ki, yalnız müharibə vaxtı öz bayrağımız, dəyərlərimiz, mədəniyyətimiz ətrafında səfərbər olmayaq. İndi sülh zamanında dəyərlərimiz ətrafında səfərbər olmalıyıq. Biz Azərbaycanın uğurlu gələcəyini təmin etməliyik. Yeganə çıxış yolu məsuliyyətli mədəniyyəti tətbiq etməkdir. Bunu tətbiq etmək üçün kifayət qədər dəyərli mədəni irsimiz var. Özümüz dahilərimizə, dəyərlərimizə sahib çıxsaq, ölkəmizi gələcəkdə də uğurlu edə bilərik. Biz heç kimin gözləmədiyi halda Qələbə qazandıq. Bu, demək olar ki, bizim mədəniyyətimizin qələbəsidir. Bizim mədəniyyətimizdi ki, belə Ali Baş Komandan, Vətən uğrunda canını fəda edən oğullar yetişdirib. İstəyirik ki, cəmiyyət olaraq bu işdə vətəndaşlarımız Mədəniyyət Nazirliyinə dəstək versinlər”.

“Türk Hava Yolları” (THY) baş direktorunun insan resursları üzrə köməkçisi Abdulkərim Çay bildirdi ki, təmsil etdiyi qurumun ən böyük uğuru insan resurslarıdır: “Biz dünyada uçuş üçün ən çox istifadə edilən hava yolu şirkətiyik. Şirkətimizdə 140-dan çox fərqli millətdən olan insan çalışır. Pandemiya dövründə bütün dünyada qazanc əldə edən yeganə hava yolu şirkəti Türk Hava Yolları oldu. Bunun ən böyük səbəbi insan resursları və onların sahib olduğu mədəniyyətdir”.

Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Elməddin Mehdiyev agentlik haqqında məlumat verdi. Bildirdi ki, ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə beynəlxalq əməkdaşlığın, sülhün və bərabərliyin gücləndirilməsi məqsədilə xarici dövlətlərə Azərbaycan xalqının yardımını çatdıran AİDA respublikamızın xarici siyasət prioritetlərinin uğurla həyata keçirilməsinə xidmət edir.

Keçmişdə insanların fərqli sahələrə investisiya yatıranda ola bilsin ki, mədəni aspektlərin gözardı edildiyini vurğulayan E.Mehdiyev iqtisadi səbəblərdən fərqli olaraq mədəni səbəblərin investisiyanın uğur qazanmasına mütləq təsir edəcəyinə inamını bildirdi.

Tatarıstan İnvestisiya İnkişafı Agentliyinin (Rusiya) nümayəndəsi Alina Ravzutdinova ölkəsinin mədəni həyatı haqqında danışdı. O, Tatarıstanda 170-dən dövlətin vətəndaşlarının sülh şəraitində yaşadığını bildirdi.

Sonda mövzu ətrafında tədbir iştirakçılarının sualları cavablandırıldı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button