Top.Mail.Ru

CƏMİYYƏT

Paşa Talıblı: “Ayrılıqlar hələ uzun çəkəcək”

(Yeni şeirlər)

Dünya, sən qalansan…

…yığışdırım nəyim varsa,
barxanamı yığım gedim.
…dünya, sən qal, sən qalansan,
burax məni çıxım gedim!

Mənim şəkərim-balım yox,
mənim yaşılım-alım yox.
Sənnən davalıq halım yox,
dünya, burax çıxım gedim!

…əlimdə əlin olmadı,
yanımda dilin olmadı,
getməli yolun olmadı,
dünya, məni burax gedim!

***
Bu dünyanı mən beləcə yaşadım…
…ac qarına ümid olan təhnələr.
…qürbət yerin qubarına düşmüşəm,
qərib könlüm təkləndikcə təklənər.

…qəza-qədər qəhr elədi qəddimi!
…həsrət çəkən iki gözüm dörd olar.
…qürbətçiyə qürbət ömür ya Hələb
ya “İrəvan çüxuru” tək dərd olar.

Qürbətçinin qana dönən qazancı
qar-qubarı üstünəcə çökəcək.
Bu dünyanı mən beləcə yaşadım…
…ayrılıqlar hələ uzun çəkəcək!

Çöküntü…

Hər addım tilsimdi, çox qırıb atdım…
Bir addım qalırdı o damlara da!
Necə yaradıbsa məni Göydəki…
Qarışa bilmirəm adamlara mən.

…dönüb hər addımda özümə baxdım!
Bilmirəm heç niyə belədi baxtım…
…ayrıca yerim var, ayrıca vaxtım!
Qarışa bilmirəm adamlara mən.

Allah verməyə nə mümkündü verir…
Bilir ki dərd mənim yükümdü-verir!
Mənim qarışığım çöküntü verir…
Qarışa bilmirəm adamlara mən.

Paşa Talıblı

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button