Top.Mail.Ru

CƏMİYYƏT

Kiyevdə diasporlararası mini-futbol turniri təşkil edilib – FOTOLAR

Kiyev şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə diasporlararası mini-futbol turniri keçirilib.

Ukrayna Azərbaycanları Radası (UAR) və “Ze!Molodyojka” gənclər təşkilatının birgə təşkilatçılığı ilə REJO İdman Kompleksində baş tutan turnirdə Ukrayna, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və ərəb gənclərdən ibarət “Dostluq” komandaları iştirak ediblər.

Azərbaycan və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan turnirin final mərhələsinə Azərbaycan və “Dostluq” komandaları çıxıb. Azərbaycanlı gənclər Özbəkistan komandasına 8:1, Qırğızıstan komandasına 10:2 hesabı ilə qalib gəliblər. “Dostluq” komandası isə Türkiyə və “Ze!Molodyojka” komandalarını məğlub edib. Maraqlı və çətin mübarizədə keçən final oyunu Azərbaycan komandasının üstünlüyü ilə keçib. Gənc soydaşlarımız 7:0 hesabı ilə qələbə qazanaraq turnirin birincisi olublar. Turnirdə II yeri “Dostluq”, III yeri isə “Ze!Molodyojka” komandaları tutub.

Loading...

Çempion komandamıza kuboku və qızıl medalları Azərbaycanın və SSRİ-nin əməkdar idman ustası və məşqçisi, veteranlar arasında sərbəst güləş üzrə Dünya və Avropa çempionu, “Bakinets” klubunun prezidenti, UAR həmsədri Oleq Krapivin, “Dostluq” komandasına gümüş medalları hüquq elmləri doktoru, UAR həmsədri Hikmət Cavadov, “Ze!Molodyojka” komandasına bürünc medalları Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov təqdim ediblər.

Azarkeşlərin və hakimlərin ortaq qərarı ilə azərbaycanlı gənclərin hücumçusu Orxan İbadov turnirin “Ən yaxşı futbolçusu” nominasiyasının qalibi olub. Ona mükafatı UAR baş katibi Ceyhun Məmmədov təqdim edib.

Təltif mərasimində çıxış edənlər həmrəylik günü münasibətilə xalqımızı və dünya azərbaycanlıların təbrik ediblər. Turnirdə qardaşlığın, dostluğun və həmrəyliyin qalib gəldiyi, UAR-ın hər zaman gənclərə, xüsusilə də idmançılara dəstək olduğu, “Fair Play” qaydalarına uyğun keçən belə yarışların diasporları daha da yaxınlaşdırdığı, diasporlararası əlaqələrin möhkəmləndirilməsi və inkişafı naminə turnirlərin davamlı təşkilinin önəmi nəzərə çatdırılıb.

Turnir iştirakçıları adından UAR həmsədrləri Oleq Krapivin və Hikmət Cavadova, təşkilati dəstəyə görə “Ze!Molodyojka” gənclər təşkilatının rəhbəri, Ukrayna Ali Radasının deputatı Aleksandr Sançenkoya, beynəlxalq əlaqələr departamentinin rəhbəri Alina Poddubnaya və UAR aparat rəhbəri Elşad İbrahimova minnətdarlıq bildirilib. Türkiyə (kapitan Evren bəy), Özbəkistan (kapitan Fərhad Abdullayev), “Dostluq” (kapitan şeyx İmadı), “Ze!Molodyojka” (kapitan Vaqif Nağiyev), Qırğızıstan (kapitan Mirlan bəy) və Azərbaycan (kapitan Yaşar Məmmədov) komandalarının üzvlərinə davamlı uğurlar qazanmaq arzu edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button