Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycanlılar Xankəndidə necə yaşayacaqlar – QARABAĞA QAYIDIŞ

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində uğurlu hərbi əməliyyatları, noyabrın 8-də Qarabağın əsas strateji şəhəri olan Şuşanın işğaldan azad edilməsi Ermənistanı atəşkəsə razılaşmağa məcbur etdi. Noyabrın 10-u gecə saatlarında Ermənistan tərəfinin müraciəti əsasında müharibənin dayandırılması haqqında atəşkəs bəyanatı imzalandı. Rusiya, Azərbaycan və Ermənistanın liderləri arasında üçtərəfli sənəd qəbul olundu.

9 maddədən ibarət sənəddə Qarabağ münaqişə zonasında atəşkəsin dərhal bərpa olunması, Azərbaycan Ordusunun işğaldan azad etdiyi nöqtələrdə dayanması, 44 günlük müharibə nəticəsində işğaldan azad edilməmiş Ağdam, Kəlbəcər və Laçın rayonlarının qrafik əsasında erməni silahlıları və əhalisi tərəfindən boşaldılması, əsir, girov və cəsədlərin dəyişdirilməsi və bölgəyə Rusiya sülhməramlılarının gətirilməsi razılaşdırıldı.

Bəyanatda razılaşdırılan əsas məqamlardan biri məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsinin təmin olunmasıdır. Əlbəttə, işğaldan azad olunan ətraf rayonlara və Qarabağın dağlıq inzibati ərazisinə aid olan Şuşaya, Hadruta, Xocavəndin, Xocalının azad olunan bir çox kəndlərinə azərbaycanlıların qayıdışında problem olmayacaq.

Amma Xankəndiyə, Xocavəndə, Xocalıya qayıdış məsələsində suallar var. Çünki Azərbaycanın Xankəndi şəhərində yaşamış erməni vətəndaşlarımız hazırda rus sülhməramlılarının vasitəçiliyi ilə şəhərə qaytarılırlar. Bu, üçtərəfli bəyanata uyğun olsa da, uyğun olmayan separatçı rejimin terrorçubaşı Arayik Arutunyanın yenə də özünü “prezident” adlandırmasında, həmçinin, Xankəndidə hələ də, separatçıların “bayraq” dedikləri əski parçasının dalğalanmasındadır.

Eyni zamanda, məlumdur ki, vaxtilə Xankəndinin 25 faizində, Xocalıda və Xocavənddə isə demək olar ki, bütöv şəkildə azərbaycanlılar yaşayıblar. Amma hazırda Qarabağın dağlıq hissəsinə azərbaycanlı məcburi köçkünlərin qaytarılması haqqında heç nə deyilmir. Bu da cəmiyyətdə haqlı suallar yaradır.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da AYNA-ya açıqlamasında deyib ki, sözügedən suallara aydınlıq gətirilməsi vacibdir: “Bu gün azərbaycanlı məvburi köçkünlərin Xankəndiyə, Xocalıya, Xocavəndə qayıtmalarında problemlər var. Rusiyanın hərbçilərinə axrayın olan ermənilər Azərbaycan pasportunu almırlar, hələlik bayrağımız həmin 3 şəhərdə dalğalanmır. Azərbaycanın İnterpol xətti ilə axtardığı terrorçular bizə təhvil verilmir. Bütün bu məsələlər həllini tapmadan, məcburi köçkünlərimizin həmin bölgələrə qayıtması çətin olacaq”.

“Xocalıda, Xocavənddə, Xankəndində suverenliyimiz təmin olunmayıbsa, oraya nə azərbaycanlıların, nə də ermənilərin qayıtmasının anlamı var. Rusiya hərbçiləri də özlərini sülhməramlıdan daha çox tərəf kimi aparırlar. Düşünürəm ki, Türkiyənin müdaxilə etməsi vacibdir. Ermənilər həmişə deyirdilər ki, “Dağlıq Qarabağın statusu tanınsın, ətraf rayonları qaytaraq”. İndi Azərbaycan Ordusu öz gücünə ətraf rayonları işğaldan azad edib, amma Dağlıq Qarabağla bağlı qeyri-müəyyənlik var”, – partiya sədri bildirib.

“Bu gün Xankəndidə, Xocalıda, Xocavənddə hansısa kommunal təsərrüfata ziyan dəyibsə, onu Azərbaycan dövləti həll etməlidir. Laçın dəhlizi ilə xüsusi yol nə deməkdir? Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, nəyə görə işğalçı ölkə ilə Azərbaycanın bir bölgəsi arasında xüsusi yol olmalıdır?! Orada yola kim nəzarət edəcək? Əgər belədirsə, Türkiyə də prosesin tam içərisində olmalı, Xankəndi, Xocalı və Xocavənddə sülhə nəzarət funksiyasını həyata keçirməlidir. Əks təqdirdə, düşmən yenidən təxribatçı davranışlara əl ata bilər”, – Cəlaloğlu vurğulayıb.

Siyasətçinin sözlərinə görə, bölgədə ermənilərin də, yurdlarına qayıdacaq azərbaycanlı məcburi köçkünlərin də təhlükəsizliyinə Azərbaycan dövləti təminat verməlidir: “Xankəndinin əhalisinin 25 faizi azərbaycanlılardan ibarət olub, eləcə də Dağlıq Qarabağın inzibati ərazisindəki yüzlərlə kənddə azərbaycanlılar sayca üstün olublar. Həmin azərbaycanlılar kəndlərinə qayıdırsa, orada yaşayışa Azərbaycan təminat verməlidir, Rusiya əsgərləri deyil. Bu gün rus əsgərləri özlərini elə aparırlar ki, məhəttəl qalırsan. Xankəndiyə qayıdan ermənilərə su çəkməkdən tutmuş, çörək bişirməyə qədər… Elektrik xətti çəkirlər, müharibə zamanı zərər görmüş evləri təmir edirlər. Bunlara deyən lazımdır ki, sən sülhməramlısan, sosial təminat işləri ilə məşğul olmalı deyilsən. Bu işləri Azərbaycanın müvafiq qurumları həyata keçirəcək”.

“Çıxış yolu odur ki, qısa zamanda Rusiya əsgərləri oradan uzaqlaşdırılsın. Ermənistanla Azərbaycan arasında qarşılıqlı tanıma protokolu imzalanmalıdır. Bundan sonra bütün problemlər öz axarı ilə həllini tapacaq. Rusiya, Ermənistanı deyə bilmərəm, amma heç zaman Azərbaycana qarşı xoş niyyətli ola bilməz. Odur ki, Azərbaycan diplomatiyası var gücü ilə çalışmalıdır ki, Rusiya hərbçiləri ərazilərimizdən uzaqlaşsınlar”, – deyə ADP sədri fikrini tamamlayıb.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə səbrli olmağı tövsiyə edir. O, AYNA-ya şərhində deyib ki, qayıdış planı üzərində ciddi işlənilməlidir: “Öncə Xankəndiyə, Xocalıya, Xocavəndə qayıdacaq insanlarımız mübariz olmalıdırlar. Dövlət orqanları tərəfindən də oraya qayıdacaq insanlara kömək edilməlidir. Üçtərəfli bəyanatda açıq göstərilib ki, azərbaycanlı məcburi köçkünlər oraya qayıtmalıdırlar”.

Analitik rus sülhməramlılarının fəaliyyətini də tənqid edib: “Əlbəttə, Rusiya bu gün erməniləri Xankəndiyə qaytarmaqla məşğuldur, bu istiqamətdə missiyasına uyğun olmayan hərəkətlərə də yol verirlər. Amma azərbaycanlılar oraya qaytarılanda, kimsə qarşısında dayanmayacaq, kimsə deməyəcək ki, siz buraya gələ bilməzsiniz”.

“Görünür, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə başlanılması gözlənilir. Çünki Xankəndiyə qayıdacaq azərbaycanlıların təhlükəsizliyi baxımından Türkiyə hərbçilərinin orada olması şərtdir. Biz erməni ilə rusa o qədər də bel bağlaya bilmərik. Hələlik etimad mühiti o dərəcədə deyil”, – Hüseynli bildirib.

Müsahibimiz hesab edir ki, azərbaycanlıların Xankəndiyə, Xocalıya, Xocavəndə qaytarılması prosesi daha ciddi həyata keçirilməlidir: “O zaman bizim bayrağımız Xankəndidə dalğalanacaq. Təxmini hesablamalar deməyə əsas verir ki, Qarabağda 70 min erməni var idi, yəni, son müharibəyədək. 44 günlük müharibədə onlar çıxıb getdilər, indi Rusiya onları qaytarmağa çalışır. 30 min erməninin qaytarıldığı deyilir, amma bir qədər şişirdilmiş rəqəm ola bilər”.

“Məlumdur ki, son müharibədən sonra oradan gedən ermənilərin 70 faizi oraya qayıtmayacaq. Biz Xankəndiyə, Xocalıya, Xocavəndə qayıtsaq, yüzminlərlə adam oraya köçsə, o zaman Rusiya sülhməramlılarına da bir müddətdən sonra ehtiyac qalmayacaq. Hələlik biz Xankəndidə suverenliyimizi tam bərpa etməmişik. Bərpa, biz oraya qayıdıb, say çoxluğu ilə idarəçiliyi ələ aldıqdan sonra mümkün olacaq”, – deyə politoloq vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button