Top.Mail.Ru
CƏMİYYƏT

Qara, şaxtaya təslim olan Bakıda NƏ BAŞ VERİR? – qurumlar niyə ləng çalışır?/FOTO

Kommunal xidmətlər əksər ərazilərdə gözə dəymədi, vətəndaşların köməyinə polislər çatdı…

Qar yağacağı barədə öncədən xəbərdarlıq edilsə də, bir sıra qurumlar vəziyyətin nəzarətdə saxlanacağına dair zəmanət versələr də, bu dəfə də sürücülər və piyadalar ölkə yollarında çətin vəziyyətə düşdülər. Qarı təmizləmək, duz və qum səpmək üçün nəzərdə tutulan texnika əksər hissələrdə gözə dəymədi. Nəticədə qəzaya düşən avtomobillərin sürücüləri, müxtəlif bədən xəsarətləri alan sakinlər əziyyət çəkdilər. Onları yollarda köməksiz qoymayan isə Azərbaycan polisi oldu. Sosial mediada yayılan foto və videolardan bəlli oldu ki, daim vətəndaşların keşiyində duran polis bu dəfə əlindən gələnin daha artığını etdi.

Saytların yığılması Saytların yığılması

Azərbaycan polisi uşaqların əlindən tutub onlara kömək etdi, küçədə yaşayan heyvanlara qayğı göstərdi, yaşlı insanların qoluna girib onları getdiyi yerə qədər müşayiət etdi, yolda qalan avtomobilləri yerindən tərpətməyə kömək etdi, hətta yollara duz səpdi. Azərbaycan polisi işğaldan azad edilən Laçında, Xocalıda hərəkətin təhlükəsizliyini təmin etdi. Bir sözlə, polis əməkdaşları son bir neçə gündə gücləndirilmiş iş rejimində çalışdı.

O ki qaldı qarlı havanın nəticələrinə, buz bağlaması səbəbindən bir çox yollarda hərəkət dayandı. “Yeni Müsavat”ın əməkdaşı  da avtomobillə hərəkət etməkdə çətinlik çəkib. O qeyd edib ki, ən uzun tıxac Bakı-Sumqayıt yolunda, “Şamaxinka” və 3-cü mikrorayon ərazisində yaranıb.

Bəlli olub ki, yollarda saatlarla heç bir qumlama işi aparılmayıb. Əsas yollar buz bağlayıb, hərəkət iflic olub.

Ağ qar kommunal qurumların üzünü qaraltdı - Bakının buzlu yolları - FOTO -  VİDEO - 15.01.2024, Sputnik Azərbaycan

Qarlı-şaxtalı hava Sumqayıtın yollarında da problemlər yaradıb. Sakinlərin sözlərinə görə, şəhərin yolları qardan təmizlənməyib. Bu səbəbdən yollar buz bağlayıb. Piyada və avtomobillərin hərəkəti çətinləşib, xeyli insan işə vaxtında çata bilməyib.

İcra hakimiyyətindən isə bildirilib ki, paytaxtda 14 yanvar gecə saatlarından etibarən təmizlik işləri aparılıb. Xeyli sayda texnika və canlı qüvvə cəlb olunub. Qaz, su və işığın verilməsində problemlərin yaranmaması xüsusi diqqətdə saxlanılıb:”Hər hansı bir fəsad ortaya çıxarsa, dərhal aradan qaldırılacaq, insanların rahatlığı təmin ediləcək”.

Yanvarın 14-də Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 137 nəfər müraciət edib. İnstitutdan Musavat.com-a verilən məlumata görə, onlardan 75 nəfəri hava şəraiti ilə əlaqədar olaraq müxtəlif sınıq və əzilmə xəsarətləri olan vətəndaşlardır. Qeyd olunub ki, xəsarət alanlardan 4-ü travma şöbəsinə, 4-ü isə stasionara yerləşdirilib: “Vəziyyətləri həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Digərlərinə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Əvvəlki günlərlə müqayisədə ciddi fərq olmayıb. Digər günlərdə 140, 127, 114 nəfər müxtəlif travmalarla institutun təcili tibbi yardım şöbəsinə müraciət ediblər”.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, gecə saatlarından etibarən BŞİH-in kommunal strukturları və aidiyyəti qurumlar xüsusi gücləndirilmiş iş rejimində çalışıblar. Səhərə kimi xidmətlər yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metrostansiyalarının qarşısından təmizlənməsini aparıblar. Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə yollara duz səpilməsi həyata keçirilib. İşlər səhər saat 05-00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı şəhər və rayon icra hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar. Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparılıb.

Sabah qar yağacaq, yollar buz bağlayacaq

Hava şəraiti ilə əlaqədar Bakının ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib ki, hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb, bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib. Bildirilib ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir.

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə çalışaraq uçuşların cədvəl üzrə həyata keçirilməsini təmin edib. Texniki park tam təchiz olunub, hava limanında uçuş-enmə zolaqlarının, yolların və təyyarələrin buzlaşma əleyhinə maye ilə təmizlənməsi üçün daima bütün zəruri işlər aparılıb.

Aerodroma cəlb edilən resurslar növbəti gün üçün hava proqnozuna uyğun hazırlanıb ki, bu da dəyişikliklərə tez reaksiya verməyə və mümkün mənfi təsirləri minimuma endirməyə imkan verib. Təyyarələrə texniki qulluq və sərnişinlərə xidmət də planlı şəkildə həyata keçirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə  bildirilib ki, ölkə ərazisində müşahidə edilən hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin etmək məqsədilə tədbirlər davam etdirilir. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti tam nəzarətə götürülüb: “Bakı Beynəlxalq Avtovağzal Kompleksi vətəndaşlara fasiləsiz xidmət göstərir. Yanvarın 14-də 130 reys həyata keçirilib, 3825 sərnişin paytaxtdan regionlara yola salınıb. Yollardakı vəziyyətlə bağlı ötən gün Naxçıvan, Qəbələ və İsmayıllı reysləri təxirə salınmışdır. Artıq həmin istiqamətlərə də reyslər bərpa olunub. Paytaxta gəlincə, şəhərin küçə və prospektlərində yolların tam açıq oluğu müşahidə edilir. Sıxlıq olan yerlərdə ictimai nəqliyyatın üstünlüyü təmin edilir”.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirmişdi. Məlumata görə, bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə olunub. Həmçinin bildirilib ki, yük qatarlarının da sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir.

Son məlumata görə isə şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının endirilmiş sürət həddi bərpa olunub.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bənzər yazılar