Top.Mail.Ru
CƏMİYYƏT

Deputat əhalini “Qarabağ Dirçəliş Fondu”na yardım etməyə SƏSLƏDİ – “Birlik DİRİLİKDƏDİR”

“Cənab Prezidentimiz İlham Əliyevin 2021-ci ildə imzaladığı ilk fərman da bütün əvvəlkilər kimi ürəyimizdən oldu. Koronavirus pandemiyası ilə əlaqədar dünya üçün pis il olan 2020-ci ili işğal altında olan ərazilərimizi düşmən əsarətindən azad etməklə millətimiz və dövlətimiz üçün yaxşı ilə çevirən Prezidentimiz yeni ilin ən gözəl müjdəsini verərək “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıb.”

KAİM.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Saytların yığılması Saytların yığılması

Deputat bildirib ki, hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə vahid mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində işğaldan azad edilən ərazilərimiz tamamilə yenidən qurulacaq, infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaq. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar özləri ilə parallel olaraq insanlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılmasını gətirəcək.

“Millətimizin və dövlətimizin tarixində örnək olan Fondun yaradılmasının təkcə bu günümüz deyil, bütün gələcək nəsillər üçün qürur duyulası əhəmiyyəti var. Hər şeydən əvvəl, əgər müharibə günlərində millətimizin birlik rəmzi olan dövlət başçımızın dəmir yumruğu hamını birləşdirib, düşmənin başını əzmişdisə, indi bu yumruq dünyanın harasında yaşamasından asılı olmayaraq, millətimizin nümayəndələrini Qarabağın xarabazarlıqdan qurtarılıb dirçəldilməsi və dinc quruculuq işləri ətrafında yenidən birləşdirir. Atalar yaxşı deyib: “Dirilik birlikdədir”.

İnsanlarımızın həmin fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə madiyyatla bağlı olmayacaq, eyni zamanda milli-mənəvi birliyimizi möhkəmləndirəcək, vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Fondun hesabına vəsait köçürənlər bərpada paylarının olması ilə fəxr edəcəklər. Tarixən belə olub: əsgər canı, qanı, digəri əməyi, başqa birisi maddi vəsaiti, sözü ilə vətənə və dövlətə xidmət edib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuz artıq öz sözünü deyib. İndi söz dirçəldənlərin, bərpaçıların, bütün millətindir.Torpaqlarımızın işğaldan azad edilməsi üçün əgər təqribən 30 il gözləmişdiksə, inanıram ki, dövlət başçımızın liderliyi altında Qarabağın dirçəldilməsi çox qısa müddətdə olacaq. Bu prosesin tez başa çatması bizlərin iştirakından asılıdır. Dədə-babalarımızdan qalma gözəl sözlər var: “El gücü sel gücüdür”, “El bir olsa, dağ oynadar yerindən”. Elə isə hamını bu Fondun açılacaq hesabına imkanları daxilində vəsait köçürməyə səsləyirəm. Dirçəlişdən sonra Qarabağ, cənab Prezidentimizin dediyi kimi, dünyanın ən gözəl regionlarından biri olacaq. Ölkəmizin çox gözəl gələcəyi var!”, – deyə Musa Qasımlı vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir