Top.Mail.Ru
CƏMİYYƏT

“Lalın dilini anası bilər, qazinin anası isə Vətəndir, dövlətdir, Tolik yox…”

Müharibə bitib və dövlət tərəfindən savaşın nəticələrinin aradan qaldırılması prosesinə başlanılıb: Şəhid ailələrinin çətinlikləri, qazilərin məişət problemləri, yaralıların müalicə məsələləri və s. Və belə bir həssas dönəmdə Tarix Əliyev ad-soyadlı prodüser, tele-aparıcı müharibə iştirakçısını, qazini özünün dərk edib-etməməyindən asılı olmayaraq, ictimai səviyyədə alçaldır.

Görəsən, nə üçün ən xırda xeyirxahlıqlar da ictimailəşdirilir, axı niyə “gərək sağ əlin verdiyini sol əl bilməsin” əxlaqı daha yox kimidir? İbrət dərsi vermək, başqasını da köməkdarlığa həvəsləndirmək marağı ilə, sizcə, bəzi hallarda özümüzü həddən artıq xırdalamırıqmı? 100 manat yardım edənin də ürəyi soyumur, illah ki təqdir umur.

Saytların yığılması Saytların yığılması

Tolikin gündəm yaradan videosuna baxmamış olmazsız; Əli adlı dili batmış, danışıq qabiliyyətini itirmiş qaziyə son nəsil telefonunu göstərib soruşur:

– Bilirsən, bu nədir?

Qazi Əli də markanı görmədiyi üçün başını yox mənasında yelləyir və yarıciddi-yarızarafat sərt cavab alır:

– “Kül təpənə”.

Sonra Tolik “ıPhone 12” markasını göstərir. Və şərt qoyur ki, filan vaxta qədər hansısa sözü desən, bu təzə telefon sənin olacaq.

Belə bir fikir var ki, əgər aldığın əşyalara baxanda ilk olaraq onların qiyməti yadına düşürsə, deməli, görməmişsən. Bu, görməmişliyi üzə çıxarmaq üçün sınanmış üsullardandır. Türkiyənin ucqar kəndində doğulan, filmi ancaq İstanbula gələndən sonra izləyən və illər keçəndən sonra kino haqqındakı yazılarından ibarət kitabının adını “Sonradangörmüş” qoyan, bununla da təkəbbürdən nə qədər uzaq olduğunu göstərən şair Haydar Ergülenin var olduğu dünya təəssüf ki, toliklərdən də xali deyil…

Bütün zamanlarda qiymətləndirilən insanlar üçün mükafatların həqiqi dəyəri onu nəyə görə və kimin əlindən, kimin təltifi ilə almaqlarında olub. Üzü qara olmuş zəmanəmiz isə qəhrəman qaziyə mükafatı Tolik vəd edir. “Hərçi-pətərinə lənət, belə dünya”.

Sonda isə bir atalar sözünü xatırlatmaq istəyərəm: “Lalın dilini anası bilər”. Qazinin anası isə Vətəndir, dövlətdir, Tolik yox…

Fərid Hüseyn
Demokrat.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir