Top.Mail.Ru
CƏMİYYƏT

Prezidentin göstərişi dəstəkləndi – “Dil insan beyninin açarıdır”

Prezident İlham Əliyev yeni mədəniyyət naziri Anar Kərimovu videoformatda qəbul edən zaman çox mühüm məqamlara toxunub. O, bildirib ki, Azərbaycan dili çox zəngindir:

“Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır. Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük.

Saytların yığılması Saytların yığılması

Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Biz əsrlərboyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq.

Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”.

Əlbəttə, bu, hamının ürəyindən xəbər verən nitqdir. Çünki dil bizim hər birimizin milli kimliyini, varlığını qoruyan sərvətdir.

Dilçi-alim Adil Babayev dövlət başçısının yeni nazir qarşısında qoyduğu əsas vəzifəni “Sherg.az”a qiymətləndirib:

“Dil mədəniyyəti insan mədəniyyətinin tərkib hissəsidir. İnsanın nitqi nə qədər gözəldirsə, o qədər çox axtarılır. Elə adam var ki, bilikli və gözəldir, amma nitqi təmiz deyil.

Eləsi də var ki, əksinə. Bəzən bircə söz ən böyük gözəllikləri sıfra endirə bilər. Dediyim kimi, nitqi sərrast olan adama həmişə ehtiyac var.

Abbasqulu Ağa Bakıxanovun “Danış, bilim, sən kimsən” ifadəsi bu baxımdan çox səciyyəvidir. Hz. Əli isə deyirdi ki, hər kəs öz dilinin altında gizlidir. Dil insan beyninin açarıdır.

Amma, əlbəttə, hər təbəqənin öz nitq mədəniyyəti var. Eyni məzmunlu ifadəni hərə bir cür səsləndirə bilər. Məsələn “uşaq doğmaq” və “ana olmaq” eyni mahiyyət daşıyır.

Fəqət görürsünüzmü, ikinci qulağa daha xoş gəlir. Biz bu məqamları bilməli, detallara bələd olmalı, ara sözlərdən, mənasız səslərdən uzaq qalmalıyıq.

Elə ona görə də dövlət başçısının toxunduğu məsələni taleyüklü və zəruri hesab edirəm”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir