Top.Mail.Ru

DİNİ XRONİKA

İslamın sülh dini olmasına rəğmən Peyğəmbərimizi(s) savaşa vadar edən 3 SƏBƏB

Rəsulullah Allahın inayəti ilə on illik Mədinə dövründə düşmənlərlə mübarizəni və hadisələri elə idarə etdi ki, İslam cəbhəsində şəhid olanların sayı yüzü keçmədi…

 

İslam adından da göründüyü kimi, sülh və əmin-amanlıq dinidir. Bu dində bir insanın öldürülməsi bütün bəşəriyyətin öldürülməsinə bərabər sayılır. İslam Peyğəmbəri Hz. Məhəmməd Mustafanın (sallallahu əleyhi və səlləm) həyatı buna ən gözəl nümunədir. Sülhün əsas olmasına baxmayaraq Peyğəmbər və müsəlmanlar döyüşə qatılmışsa, başqa çıxış yolunun olmamasından və məc­buriyyətdən irəli gəlir. Onsuz da, ilk döyüşlə bağlı ayələrə baxanda müsəlmanların döyüşə məcbur olduğunu və buna görə izn verildiyini görürük. Müsəlmanlar on üç il Məkkədə zülm altında inləsələr də, heç vaxt müharibə etməmişlər. Mədinə dövründə məcbur qalanda döyüşə girmişdilər. Sonrakı döyüşlər yer üzündə əmin-amanlığı bərqərar etmək qayəsi daşımış və xalqın haqlarına təcavüz edilmədən həyata keçirilmişdir…
Rəsulullahın (sallallahu əleyhi və səlləm) iştirak etməyə məcbur olduğu döyüşlərə baxanda aşağıdakı səbəbləri görürük.
1. Müdafiə.
İslama görə Allah bir millət və ya fərdin varlığı üçün təhlükə törədən, onu yox etməyə, öldürməyə çalışan düşmənə qarşı döyüşməyi qanuni haqq sayır, hətta bəzi hallarda bunu əmr edir. Biri sizin malınızı, canınızı, dininizi, namusunuzu təhdid edərsə, onunla üz-üzə gələr, döyüşər və haqq-hesab çəkərsiniz. Məsələn, deyək ki, düşmən ölkə sərhədini keçib vətəninizə daxil oldu. Nə edərsiniz? Ölkənizdə bəzi insanları qızışdırıb üstünüzə qaldırsa, nə düşünərsiniz? Bir yerdə soydaşlarınız haqsızlığa mə­ruz qalsa, necə davranarsınız? Hər halda bu suallara “heç nə” ca­vabını verməzsiniz!..
Bunları nəzərə alan Allah Rəsulu on dörd əsr əvvəl gücdən is­tifadəni bir prinsip kimi götürmüş və müsəlmanın müsəlman kimi yaşaması üçün hikmətlə birlikdə qüvvətin, irşadla birlikdə gücün olması zərurətini qəbul etmiş və şərəfli, heysiyyətli yaşama yollarını göstərmişdi. Bəli, güclü olacaq, gücü haqqın əmrinə verəcək, sözünüzü dinlədəcək və bəzi səsləri kəsəcəksiniz ki, yer üzündə dünya müvazinətinin təmsilçisi ola biləsiniz…
2. Zülmün qarşısını almaq.
Rəsulullahın (sallallahu əleyhi və səlləm) döyüşə girmək məcburiyyətində qalmasının ikinci səbəbi zülmlərin qarşısını almaqdır. İslamda məzlumun, yazığın, məhkumun, sahibsiz və qəribin imdadına çatmaq üçün müharibə etmək halal buyurulmuşdur…
3. Hürriyyət.
Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) döyüşlərə girməsinin digər səbəbi isə haqq və həqiqəti, doğruluq və doğru yolu yaymaq azadlığını əldə etmək və onu qoruyub saxlamaqdır. Ən təbii haqq olan iradə azadlığı insanların əlindən alınanda Allah Rəsulu döyüşə girmək məcburiyyətində qalmışdır. Amma heç bir döyüşdə haqsızlıq etməmiş, günahsız insanlara, hətta digər canlılara xətər yetirilməməsi üçün dəfələrlə xəbərdarlıq etmişdir. Məsələn, Rəsulullah (sallallahu əleyhi və səlləm) müsəlman əsgərlərinə bu əmrləri vermişdi: “Yaşlılara, qadınlara, uşaqlara, özünü ibadətə həsr etmiş rahiblərə və məbədlərə xətər yetirməyin! Ağacları yandırmayın! Heyvanlara toxunmayın! Evləri dağıtmayın!”
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Məkkə dövründə  müşriklərin bütün zülmlərinə təmkin və səbirlə cavab vermiş, bunu Müsəlmanlara da tövsiyə etmişdi. Yalnız Quranın almaz düsturlarından istifadə etmiş, on üç il könülləri fəth etməyə çalışmışdı. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) kömürü almaz, qara torpağı qızıl edən o gözəl sözləri ilə düz on üç il: “Döyənə əlsiz, söyənə dilsiz gərək”, – demişdi.
O, bu qədər səbirli və qətiyyətli olsa da, kafirin ürəyi heç cür soyumurdu. Üstəlik bütün möminləri Məkkədən köçməyə məcbur edəcəkdilər. Bəli, müsəlmanları doğulub boya-başa çatdıqları, daşına-torpağına alışdıqları evlərindən, yurdlarından, ailələrindən ayıracaqdılar. Nəhayət, bütün müsəlmanlar hicrət etməyə başladı. Hər kəs el-obasını atıb getməyə məcbur edilirdi.
Peyğəmbərimiz Allah-Təalanın əmri ilə hərəkət edir, heç vaxt hissi davranmırdı. Amma əfsuslar olsun ki, qarşı tərəfdə qisas hissi get-gedə alovlanırdı. Bəli, müsəlmanları yurd-yuvalarından çıxarmışdılar, hər cür zülmü rəva görmüşdülər, ancaq yenə də ürək­ləri soyumamışdı. Məhz bu məzlumların, məhkumların, kim­səsizlərin haqqını qorumaq üçün bu qədər iztirab görmüş, bu qədər sinəsinə dağ çəkilmiş müsəlmanlara baiskarlarla haqq-hesab çəkməyə izin verilirdi.
Beləliklə, düz on dörd əsr əvvəl Allah Rəsulunun zülmətləri yaran əli ilə zülm və istibdad yox edilir, insanlara azadlıq gətirilirdi. Bununla yanaşı, Rəsulullah Allahın inayəti ilə on illik Mədinə dövründə düşmənlərlə mübarizəni və hadisələri elə idarə etdi ki, İslam cəbhəsində şəhid olanların sayı yüzü keçmədi…
Səadət əsri insanlıq duyğusunun, düşüncəsinin, insana sayğı və hörmətin inkişaf etdiyi bir dövrdür. Onun dünyasında mömin döyüşər, amma sülh rüzgarları dayanmaz və insani dəyərlər ayaq altında tapdaq olmaz. Nahaq yerə insan öldürülməz, ölkələr işğal edilməz və başqa xalqlar istismara məruz qalmaz…
Mənbə: Meneviyyat.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button