Top.Mail.Ru
DİNİ XRONİKA

Azərbaycan ruhaniləri koronavirusla necə mübarizə aparırlar: – “Hədislərdə deyilir ki…”

Koronavirus (COVID-19) infeksiyasının dünyanı cənginə aldığı bir zamanda, məsələyə dini aspektdən yanaşmaq da maraq doğurur. Deməli, diqqət mərkəzinə dini icmalar, din xadimləri, onların münasibəti gəlir. Məsələn, sual yaranır: Kütləvi xəstəliklərin, bəlaların qarşısının alınması üçün din nə təklif edir, din xadimləri hansı yolu göstərir və ya konkret olaraq nələr edirlər?

AYNA, konkret olaraq Azərbaycanda bu sahədə vəziyyətə aydınlıq gətirmək üçün din xadimləri və dini icma rəhbərlərinə müraciət edib.

Saytların yığılması Saytların yığılması

Hacı Osman məscidi dini icmasının sədri Vasif Əhmədovun sözlərinə görə, bununla bağlı Məhəmməd Peyğəmbərdən (s) bir çox hədislər rəvayət edilir: “Həzrəti Məhəmməd bir çox hədislərində davamlı olaraq “Ya Rəbb, yerdən-göydən, insdən-cinsdən, bütün şər qüvvələrdən gələn xətalardan, bəlalardan, ağır xəstəliklərdən sənə sığınıram. Məni, ümmətimi, bütün insanları qoru” deyərək dualar edib və bizə də necə dualar etməyimizlə bağlı nümunələr verib. Biz də Allahın izni ilə müsəlmanlar üçün, millətimiz üçün, dövlətimiz üçün, Ordumuz üçün, əsgərlərimiz üçün həmin duaları edirik”.

“Mövcud vəziyyətə görə, bu gün camaat namazları qılınmadığı üçün, hətta məscidlərə giriş-çıxışlar da məhdudlaşdırıldığı üçün məscidlərdə ancaq icma sədri, məscidin imamı və müəzzinlər olur. Başqa heç kim olmur. Lakin üç nəfər də olsa, İmam Əbu Hənifənin rəvayət etdiyi kimi, üç nəfər də bir camaat sayılır və biz də camaat halında bu ənənəni, ayini tərk eləmirik. Dualarımızda da həmişə ümməti, millətimizi, dövlətimizi xatırlayırıq. Allah hər kəsin yar və yardımçısı olsun”, – Əhmədov deyib.

Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov isə bununla bağlı fərdi dualar etdiklərini bildirib: “Vətən müharibəsində dünyasını dəyişmiş şəhidlərin anım mərasimləri ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Rəyasət Heyəti belə bir tədbir təşkil elədi və bir neçə nəfərlə məscidlərə gedilərək dualar edildi, “Quran” oxundu. Amma bu, çox cüzi oldu, geniş vüsət almadı. Məsələ burasındadır ki, bu xəstəlik bütün bəşəriyyəti bürüyən bir bəladır. Yəni, kütləvi xəstəlikdir deyə, heç kimə heç nə demək olmur. Daha doğrusu, kiməsə bir təklif irəli sürərsən və birdən sənin təklifinə görə pandemiya daha da sürətlənər, o zaman bunun məsuliyyətini də heç kim daşıya bilməz. Ona görə də bu məsələdə heç kəsi qınamaq olmaz”.

“Lakin alternativ yollar, planlar fikirləşmək və nələrsə etmək olar. Biz də bununla bağı dualar edirik. Məsələ budur ki, kütləvi bəlalar kütləvi cinayətlərin nəticəsində yaranır deyə, kütləvi bəlalardan da xilas olmaq üçün kütləvi dualar lazımdır. Bunu isə ən azından onlayn formada təşkil etmək mümkündür. Amma gərək nüfuzlu bir dairədən bunu təşkil etsinlər. Məsələn, hansısa əlamətdar bir gündə bütün ölkə hansısa duanı oxusun, yəni, bir yğıncaq kimi. Amma bunu da dediyim kimi, təşkil etmək lazımdır”, – deyə Əyyubov vurğulayıb.

Üç Qovaq məscidi dini icmasının sədri Şahin Rəhimli də pandemiya ilə bağlı Məhəmməd Peyğəmbərin hədislərindən sitat gətirib: “Peyğəmbər əfəndimiz hədislərində buyurur: “Bir yerdə yoluxucu xəstəlik varsa, ora girilməsin. Əgər girilibsə, oradan çıxılmasın”. Böyük alim İbn Sinanın da yoluxucu xəstəliklərlə bağlı bir kəlamı var: “Yoluxucu xəstəliklər yayılanda kütləvi ibadət etməyin, kütləvi yerlərdən uzaq durun, evlərinizi, qablarınızı tez-tez təmizləyin və bayıra çıxanda ağız və burnunuzu örtün”. Bunlar mühüm məsələlərdir”.

“Ona görə, biz də fərdi şəkildə bu bəlanın bütün dünyanın üzərindən götürülməsi üçün davamlı olaraq Allaha dualar edirik. Çünki bu bəlanın biz ancaq zərərlərini görmüşük. Düzdür, bu xəstəliyin kimlərəsə xeyri də ola bilər. Məsələn, Allah bu bəla nəticəsində kimlərinsə doğru yola qayıtmasını murad edə bilər, kimlərsə örnək götürər və s. Ən azından, daha diqqətli olmağımızı, təmizliyə riayət etməyin lazım olduğunu artıq daha yaxşı bilirik. Allah da “Bəqərə” surəsində buyurur ki, “Sizin xeyir bildiyinizdə şər, şər bildiyinizdə xeyir ola bilər. Siz bilməzsiz, Allah bilər”. Yəni, biz bəzən nələrinsə şər olduğunu bilirik, amma o şərin içində hansısa xeyir də ola bilər. Lakin səbr və şükr edən möminlər hər iki halda bundan xeyirlə çıxar. Allah bizi də bu müsibətdən xeyirlə çıxanlardan etsin və hər zaman xeyirlə qarşılaşdırsın. Peyğəmbərimiz başda olmaqla, bütün alimlər, övliyalar bəlaların, xəstəliklərin aradan qalxması üçün dualar edib və biz də onlara uyaraq davamlı olaraq bu bəlanın dünyanın üzərindən qalxması üçün dualar edirik”, – deyə Rəhimli fikrini yekunlaşdırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir