Top.Mail.Ru
DÜNYA

“Azərbaycan – multikultural bir gələcək” mövzusunda videokonfrans keçirilib – FOTO

Almaniyanın Nürnberq şəhərində fəaliyyət göstərən “Mədinə” Türk-İslam Muzeyinin təşkilatçılığı ilə “Azərbaycan – multikultural bir gələcək” mövzusunda videokonfrans keçirilib.

KAİM.az xəbər verir ki, Svetlana Osmanlının moderatorluğu ilə aparılan konfransda “Mədinə” Türk-İslam Muzeyinin baş direktoru Cəmaləddin Özdəmir, “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun sədri Kəmalə Ceylinova, Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri, xaricdə yaşayan fransızların konsulu Büllurə Bayramova Bernard, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, Bakı Türk Anadolu Liseyinin müdir müavini Meral Bahar, müəllim Sevinc Səfərova, İsmayıllı rayonunun Lahıc qəsəbəsindən müəllim Dadaş Əliyev iştirak ediblər.

Konfransda çıxış edənlər Azərbaycanın multikulturalizm və tolerantlıq baxımından dünyaya nümunə olmasından, ölkəmizdə sülhsevərlik və insanpərvərlik kimi dəyərlərin təşəkkül tapmasından danışıblar. Qeyd edilib ki, ölkəmizdə dini, irqi ayrı-seşkilik yoxdur və bütün millətlərin malik olduğu tarixə, mədəniyyətə, dilinə, dininə və adət-ənənələrinə hörmətlə yanaşılır, çoxsaylı icmalar Azərbaycan Konstitusiyasına riayət edərək dinc və mehribanlıq şəraitində yaşayırlar.

Azərbaycanın multikultural sərvətinin Şuşada keçirilmiş “Xarıbülbül” musiqi festivalında bütün dünyaya nümayiş etdirildiyi, Azərbaycan Prezidentinin bütün dini konfessiyalara, məscidlərin, kilsələrin qorunub saxlanılmasına, yenidən tikilməsinə və ya bərpa olunmasına eyni həssaslıqla yanaşdığı nəzərə çatdırılıb. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini ziyarət etməsi, digər kilsələrin, məktəblərin vəziyyəti ilə maraqlanması, alban dilinin mükəmməl şəkildə öyrənilməsi ilə bağlı dövlət başçısının göstərişləri, alban-udi icmasının işğaldan azad olunmuş torpaqlarda salamat qalmış alban kilsələrini və monastırlarını ziyarət etməsinə şərait yaradılması buna nümunə olaraq göstərilib.

Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri böyük informasiya platformasında birləşərək, yüksək mənəvi və insani dəyərlər mərkəzinə çevrilmiş Azərbaycanı bütün dünyada layiqincə təmsil etməyə və təbliğ etməyə çalışdıqlarını bildiriblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button