Top.Mail.Ru
DÜNYA

Çavuşoğlu: “Əfqanıstanda terror qruplarının artması regional sabitliyə ciddi təsir edə bilər”

Əfqanıstanda yeni reallıqlar ortaya çıxıb. Hazırda bu ölkədə sülh, əmin-amanlıq və sabitliyin bərqərar olmasına diqqət yetirmək lazımdır.

“Kaim” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyanın “Politika” nəşrinə müsahibəsində deyib.

“Əvvəla, ölkə sakinlərinin həyatını və əmlakını qorumaq üçün boşluğa yol verilməməlidir. Bütün Əfqanıstan əhalisini təmsil edəcək bir hökumətin olmasını istəyirik. Bu, Əfqanıstanda davamlı sülhün qurulmasına töhfə verəcək”, – Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Əfqanıstan terror qruplarının, xüsusilə Əl-Qaidə və İŞİD-in sığınacağına çevrilməməlidir və bu kontekstdə “Taliban”ın əvvəlki öhdəliklərini yerinə yetirməsi çox vacibdir.

“Əfqanıstanda terror qruplarının artması regional sabitliyə ciddi təsir edə bilər. Bu baxımdan Əfqanıstan məsələsində beynəlxalq birlik həmrəylik nümayiş etdirməlidir”, – Çavuşoğlu əlavə edib.

Türkiyənin baş diplomatı Əfqanıstana humanitar yardım göstərilməsinin vacibliyini də vurğulayıb:

“Ölkə əhalisinin yarısının təcili humanitar yardıma ehtiyacı var. Beynəlxalq birliyin yardım göstərmək üçün səylərini artırması lazımdır. Əfqanıstan əhalisinə humanitar yardımın çatdırılmasını təmin etmək üçün BMT və digər humanitar təşkilatların fəaliyyətlərini fasiləsiz davam etdirmələri zəruridir”.

Nazir həmçinin qeyd edib ki, Türkiyə Əfqanıstanda sülh və əmin-amanlıq mühitinin yaradılmasına töhfə verməyə hazırdır.

“Türkiyənin Kabildəki səfirliyinin fəaliyyətini davam etdirəcəyi gözlənilir. Əlavə olaraq, Kabil hava limanına texniki dəstək verilməsi üçün danışıqlar aparırıq”, – Çavuşoğlu deyib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button