Top.Mail.Ru
DÜNYA

BMT Baş Assambleyasının rəhbəri fəaliyyəti və Azərbaycana səfərindən danışıb

BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti olan ilk türk diplomat Volkan Bozkır fəalliyyətini başa vurub.

“Kaim”un ABŞ bürosu xəbər verir ki, V.Bozkır jurnalistlərə açıqlamasında fəaliyyət müddətinin pandemiyaya təsadüf etməsinə baxmayaraq, keçən bir il ərzində BMT Baş Assambleyasının uğurlu qərarlar qəbul etdiyini deyib: “COVID-19 fəaliyyət üsulumuzu dəyişdirdi və bu çətin müddətdə çalışdım ki, vacib görüşlərin internet üzərindən deyil, üzbəüz olmasına şərait yaratdım. Fikrimcə, diplomatiyada üz-üzə görüş çox vacibdir və göz-gözə baxaraq nəticələr əldə etmək olar. Bunu internet üzərindən reallaşdıra bilməzsiniz.

Yetmiş beşinci sessiyaya rəhbərlik etdiyim müddətdə BMT-nin Nyu-Yorkdakı əsas binasının normal çalışma şəkilinə dönməsi mənim üçün prioritet idi.

BMT Baş Assambleyası təşkilatın plenar iclasları və görüşləri internet üzərində deyil, birbaşa reallaşdırmasının yeganə platforması idi. Bundan qürur hissi keçirirəm.

Bu müddət ərzində 67 ölkənin nümayəndələri 100-dən çox birbaşa görüşlər təşkil edərək, 220 qətnamə qəbul etdik. Keçən müddət ərzində mövcud olmuş çətin pandemiya şəraitinə baxmayaraq, bizimlə müştərək olub, öz tövhələrini verən bütün ölkələrə təşəkkür edirəm”.

V.Bozkır fəaliyyəti müddətində BMT-nin bir çox sahələrində ciddi islahatlar apardığını bildirib: “Mən BMT-yə gəldiyim vaxt burada ən sürətli sistemin işlədiyini düşünürdüm. Ancaq elə olmadığını gördüm. BMT-nin fövqəladə vəziyyətlərdə hazır hala gətirilməsi üçün ciddi işlər gördük. Bu, sadəcə pandemiya deyil, başqa fövqəladə vəziyyətlər də ola bilərdi. BMT daxilində elektron səsvermə sistemini formalaşdırdıq və proseslərin daha çevik şəkildə icrası üçün bir çox qərarlar qəbul etdik. BMT-yə ümid qapısı kimi baxan ölkələri gündəmdə saxlamaq mənim üçün prioritet idi. Bunlar təbii ki, yetərli deyil, ancaq çox böyük yol qət etdik.

BMT-nin Suriyada, Myanmada ehtiyacı olanlarla ciyin-ciyinə olması bizim üçün çox önəmli idi. Hazırda BMT-nin dünyanın hər yerində 200 000-dən çox əməkdaşı var. Onlar təhsil, humanitar, sülhməramlı, bir sözlə, vacib olan məsələlərdə öz həyatlarını riskə atırlar və uğurla fəaliyyət göstərirlər”.

Diplomat prezidentliyi müddətində etdiyi səfərlərdən və qarşılaşdığı hadisələrdən də bəhs edib: “Azərbaycana, Qətərə, Türkiyəyə, Karib dənizi sahili ölkələrinə, Rusiyaya, Banqladeşə, Pakistana gedişim zamanı insanların bizim həmin ölkələrdə səfər etdiklərini gördükləri üçün nə qədər xoşbəxt olduqlarının şahidi oldum. BMT-nin bayrağı dünyanın harasında olursa-olsun, insanlara etibar, güvən verən yeganə simvoldur. Getdiyim ölkələrdə BMT bayrağı ilə hərəkət etdiyim avtomobildə insanlar məni alqışlayırdı.

BMT-nin üstünlüyü ondadır ki, insanlar onu sevir və inanırlar. Çünki onların dəstəyə etiyacı var. Dünyada BMT kimi heç təşkilat bir yoxdur, o, dünyanın ən güclü və mükəmməl qurumudur”.

Qeyd edək ki, V.Bozkır sentyabrın 21-də səhaliyyətlərini BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti, Maldivin xarici işlər naziri Abdulla Şahidə təhvil verəcək.

Vüsalə Abbasova

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button