Top.Mail.Ru
DÜNYA

Həştərxan qubernatoru: “Xəzəryanı mədəni-təhsil klasteri regionun statusunu artıracaq”

Unikal coğrafi mövqeyə malik və özünü Rusiyanın Xəzərdəki qapıları hesab edən Həştərxan vilayəti üçün regionun turizm cəlbediciliyini artırmaq və humanitar sahədə iri layihələr həyata keçirmək çox vacibdir.

“Kaim” xəbər verir ki, bunu Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Həştərxanda keçirilən VI Xəzər Media Forumunda çıxışı zamanı bildirib.

“Rusiya və regionumuz bütün Xəzəryanı ölkələrdə qədim mehriban qonşuluq münasibətlərinə malikdir. Biz ticarət dövriyyəsini artırır, iqtisadiyyat sahəsində birgə layihələr həyata keçirir, təhsil, səhiyyə, idman və mədəniyyət kimi sahələri birlikdə inkişaf etdiririk. Otellərimiz milli və dini xüsusiyyətlərini nəzərə almaqla, Xəzəryanı ölkələrdən olan turistləri qəbul etməyə hazırdır. Əminik ki, turizm Həştərxan vilayətində iqtisadiyyatın ən qabaqcıl sahəsi ola bilər və olmalıdır”, – Babuşkin deyib.

Onun sözlərinə görə, sərmayədarlar üçün prioritetlərdən və cəlbedici istiqamətlərdən biri dəniz kruiz turizmi ola bilər.

“Sovet dövrü çox populyar olmuş Volqa kruizləri çoxlarına yaxşı tanışdır. Hazırda onlara yenidən tələbat yaranıb. Hər il Rusiyanın müxtəlif şəhərlərindən 12 minədək turist teploxodlarda Həştərxana gəlir. Bu səbəbdən biz regional marşrutlarla məhdudlaşmayaraq turizm və gəmiçilik sahəsini bundan sonra da inkişaf etdirmək istəyirik. Əsasən də regionun rahat mövqeyi trans-Xəzər səyahətlər üçün əla imkan yaradır. Hazırda Həştərxan verfində “Birinci Pyotr” adlı kruiz layneri hazırlanır. Gəminin Volqa və Xəzərdə üzərək turistləri qonşu ölkələrin sahillərinə çatdırması planlaşdırılır”, – vilayətin qubernatoru qeyd edib.

O 2020-ci ildə Rusiya hökuməti tərəfindən təsdiq edilmiş Sərhədyanı əməkdaşlıq konsepsiyasının ən vacib prioritetlərinin RF-nin sərhədyanı əraziləri ilə həmsərhəd ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, iqtisadi və humanitar əlaqələrə dəstək, infrastrukturun inkişafı olduğunu xatırladıb. Onun sözlərinə görə, Həştərxan vilayətində mədəni-təhsil klasterinin yaradılması nəzərdə tutulur.

“Bu cür layihələr artıq Rusiyanın 4 regionunda həyata keçirilir. Biz daha genişmiqyaslı regional layihə başlatmaq istəyirik. Rusiyanın ən böyük teatr və muzeylərinin filiallarının yaradılması ilə yanaşı, klasterin tərkibinə həm də Xəzəryanı ölkələrdən yüksəkixtisaslı mədəniyyət və incəsənət mütəxəssislərinin hazırlanması üçün universitetlərarası elmi-təhsil kampusu da daxil olmalıdır. Nəticədə regionumuz humanitar əlaqələrin ən böyük inkişaf mərkəzinə çevrilə, həmçinin prioritet və geostrateji region statusunu möhkəmləndirə bilər. Bu, beynəlxalq layihələri fəal şəkildə həyata keçirməyə, bununla da beynəlxalq turizm mübadiləsi imkanlarını genişləndirməyə, Xəzər regionu xalqlarının milli-mədəni və dini müxtəlifliyinə hörməti artırmağa imkan verəcək”, – Babuşkin əlavə edib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button