Top.Mail.Ru
DÜNYA

Avropada kəndli üsyanı

Həmkarlar ittifaqları işçi ilə hökumət arasında ideal körpüdür, sovet hökuməti vaxtında  “fəhlə-kəndli”nin hüquqlarını qorumasa da, heç olmasa ildə bir dəfə SSRİ-nin müxtəlif sanatoriyalarına pulsuz və ya cüzi xərclə putyovkalar verirdi

Biz Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara adətən, kəndlilər və ya kəndçi deyirik. Çünki o adamların yaşayış yeri kənd(rayon), dolanışığı isə torpaqdan, onu əkib-becərməkdən çıxır. Bizi kəndlərdən və torpaqlardan uzaqlaşdıran səbəblər haqda danışmağın indi yeri deyil, amma bu sırada insanlardakı tənbəllik də var, “əli qabarsız” yaşamaq istəyi də. Mənim xalamgil kənddə yaşayırdı, günün hansı saatı getsəydin süfrən bol olardı. Çünki həyətində toyuq-cücəsi, təndirində çörəyi, həyətində kartof-soğanı vardı.  İndi kənddə yaşayanlar “kənd yumurtası” da tapmırlar. Mövzuya giriş üçün hələlik kifayətdir…

Avropa isə inkişafına görə həm də aqrar sahəsinə borcludur və indi bu qitəni bürümüş kəndli üsyanlarının səbəbləri də kifayət qədər ciddidir.

Saytların yığılması Saytların yığılması

esas foto.jpg (124 KB)

Almaniya, İtaliya, Polşa, Fransa fermerləri indi Avropanı peyin tüstüsündə boğur.  Amma etirazlara indi kəndlilər deyil, şəhərlilər də- müəllimlər, dəmiryolçular, hava nəqliyyatı və s. sahənin narazı işçiləri də qoşulub. Avrozona fermerlərinin etirazlarının iki mühüm səbəbi var. Birinci səbəb fermerlərə verilən subsidiyalardır ki, indi Avropanın bəzi hökumətləri bunları ya kəsmək, ya da azaltmaq istəyir. Bu subsidiyalara yanacaq və məhsul  üçün qatqılar daxildir. Rusiyaya tətbiq edilmiş sanksiyalar bu qatqıları ucuz almaq imkanından məhrum edib, üstəlik, məhsullarını satdıqları böyük bir bazar üzlərinə bağlanıb.  Vəziyyəti qəlizləşdirən Ukraynanın kənd təsərrüfatı mallarına bir sıra üstünlüklər saxlamaqdır ki, bu da avropalı fermerlərin işini lap çətinləşdirir.

Avropada etiraz aksiyalarında aparıcı rolu əlbəttə ki, həmkarlar ittifaqları oynayır. Həmkarlar ittifaqları  ideal mexanizmdir ki, sovet hökuməti vaxtında da var idi, fəhlə-kəndlinin hüquqlarını qorumasa da, heç olmasa ildə bir dəfə SSRİ-nin müxtəlif sanatoriyalarına pulsuz və ya cüzi xərclə putyovkalar verirdi. SSRİ çoxdan dağılıb, amma deyəsən, elə Azərbaycanda həmkarlar adında nələrsə var, nə işlə məşğul olduqlarını yalnız özləri bilir. Bu mexanizmi niyə tərifləyirəm? Həmkarlar ittifaqları hökumətlə-işçi sinfi(fərqi yoxdur müəllimdir, alimdir, yoxsa dəmiryolçu)arasında körpüdür. Bu mexanizm işlək olarsa, kimlərsə narazılıqlarını küçələrdə deyil, kabinetlərdə həll edər. Məsələn, Türkiyədə bu sistem ideal işləyir, işverən-işçi-hökumət arasında vasitəçiliyi qurur və bundan hökumət də qazanır, işçi də. Əvvəla istənilən sahədə sosial (məvacib, iş saatı və sairə) problemi ağızdan-ağıza deyil, birbaşa həmkarlar ittifaqlarından öyrənilir. Bu da hər hansı sahədə sosial gərginliyi(hətta partlayışı) vaxtında önləməyə imkan verir.

dddfffoooo.jpg (238 KB)

Avropada baş verən etirazların təşkilatçıları həmkarlar ittifaqlarıdır. Avropa Həmkarlar İttifaqları Konfederasiyasının 45 milyon üzvü var və buraya həm ixtisaslaşmış birliklər, həm də hökumətlərlə danışıqlar aparan yüzlərlə sənaye ittifaqı da daxildir. Bu baxımdan indi etirazçılar və hökumətlər arasında vasitəçi kimi həmkarlar ittifaqlarının ön planda olması təəccüblü deyil. Təəccüblü olan budəfəki etirazların miqyasıdır. Bu xüsusda indi ən pis vəziyyət fermerlərdən sonra nəqliyyatçıların da etiraz aksiyaları keçirdiyi Almaniyadadır. Aksiyalar fonunda hakimiyyət yanacaq subsidiyalarını birdən deyil, mərhələli şəkildə ləğv etmək qərarı verib. Amma bu etirazçıları razı salmayıb, fermerlər əvvəlki bütün güzəştləri saxlamağı tələb edirlər.   Almaniya hökuməti ölkənin 2024-cü il büdcəsindəki maliyyə kəsirini qismən bağlamaq üçün kəndilərin subsidiyasına göz dikib. Söhbət 17 milyard avro kəsirdən gedir. Fermerlərə verilən güzəştlərin ləğvi büdcəyə hər il 480 milyon avro qənaət edə bilər. Eyni proses aşağı-yuxarı Avropanı bürüyən  bütün etiraz aksiyalarının səbəbidir.

6-9 (1).jpg (193 KB)

Avropanın bu vəziyyətə düşməsinin əsas səbəbi də bəllidir- Ukrayna müharibəsi. Avropa İttifaqının ABŞ-ın planladığı bu müharibədə ciddi “qan itirdiyi”də  göz önündədir. Almaniya kimi sənaye nəhəngi indi büdcəsinin doldurmaq üçün kəndlinin puluna göz dikir. Avropa İttifaqında hər sahədə ciddi geriləmə var, ekologiya və yaşıllıqlar siyasəti bitir, kömür mədənlərini və AES-ləri işə düşmək zorundadır. Fevralın 1-də Aİ ölkələri Ukraynaya məqsədi bəlli olmayan daha 50 milyard avro ayırdı. Siyasətçilərinin göyə sovurduğu pulun yükünü isə  fermerə və digər işçilərin “dərisindən” çıxarmağa çalışarsansa, onlar da bir gün ayağa qalxar və səni belə sınağa çəkər…

Nazim SABİROĞLU,
Musavat.com     

Bənzər yazılar