Top.Mail.Ru
DÜNYA

Qərb Gürcüstanı niyə şantaj edir: Siyasi terror Avropa Birliyi məkanına da sıçrayır

Beynəlxalq sanksiyalarla təhdid olunan rəsmi Tiflis hazırda ABŞ və Qərbin ən sərt təzyiqlərinə müqavinət göstərmək məcburiyyətində qalıb… Avrokomissarın Gürcüstan baş nazirinə qarşı sui-qəsd xəbərdarlığı isə Avropa məkanında siyasi-diplomatik çərçivələrin artıq önəmini itirdiyi anlamına gəlir…

ABŞ və Qərbin Cənubi Qafqaz siyasəti artıq iflasa uğramaq üzrədir. Hər halda, bütün regiona nəzarət planları quran ABŞ və Qərb hazırda yalnız elə bir ciddi geopolitik əhəmiyyəti olmayan Ermənistanla kifayətlənmək məcburiyyətində qalıb. Üstəlik, Qərbin Ermənistana təsir imkanlarının da uzun müddət qüvvədə olacağı qətiyyən inandırıcı görünmür. Və böyük ehtimalla yaxın vaxtlarda Paşinyan hakimiyyəti devrilməsə belə, Ermənistanın xarici siyasət vektorunu yenidən əks istiqamətə dəyişməyə üstünlük verə bilər.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ və Qərb Gürcüstanı da tamamilə itirmək təhlükəsi ilə üzləşib. Belə ki, uzun müddətdən bəri Qərbyönümlü dövlət kimi qəbul edilən Gürcüstanla ABŞ və Avropa Birliyinin qarşılıqlı münasibətlərində böhranlı mərhələ başlayıb. Qərb rəsmi Tiflisin “xarici agentlər” barədə qanunu qəbul etməsinə kəskin reaksiya verir. Və bununla da, əslində, Gürcüstan hakimiyyətinə dolayısı ilə “Qərbin agentlərinə toxunmayın” tələbini irəli sürmüş olur.

Saytların yığılması Saytların yığılması

a153d969-5e72-411a-90c9-ab7b2dd42d85_w1597_n_r1_st_s.jpg (266 KB)

Məsələ ondadır ki, Ağ Ev ABŞ-Gürcüstan münasibətlərinə yenidən baxmaq qərarına gəlib. Bu barədə açıqlama verən ABŞ-ın dövlət katibi Entoni Blinken rəsmi Tiflisin davranışlarının Ağ Evin Gürcüstana münasibətini ciddi şəkildə dəyişdiyini vurğulayıb. Onun fikrincə, belə davam edirsə, Ağ Ev rəsmi Tiflislə əməkdaşlığı məhdudlaşdırmaq məcburiyyətində qalacaq və nəticədə ABŞ-Gürcüstan münasibəti pozulmuş olacaq. Və bu, müəyyən mənada, Ağ Evin Gürcüstan hökumətinə siyasi ultimatumu da hesab oluna bilər.

Maraqlıdır ki, Avropa Birliyinin reaksiyası da ABŞ-ın mövqeyini təkrarlayır. Avropa Burliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali təmsilçisi Jozep Borrel bildirib ki, rəsmi Tiflisin “xarici agentlər” barədə sənədə hüquqi qüvvəyə mindirməsi Gürcüstanın Qərblə inteqrasiya yolunu tamamilə qapada bilər. Və ona görə də, rəsmi Tiflis bu qanundan vaxtında imtina etməyi bacarmalıdır.

Ancaq Gürcüstan hökuməti hələlik ABŞ və Avropa Birliyinin bu təzyiqlərinə müqavimət göstərməyə çalışır. Rəsmi Tiflis israrla vurğulayır ki, ABŞ və Avropa Birliyinin Gürcüstana qarşı sansiyalar və təhqiramiz mesajlarla mübarizə aparmaq cəhdləri qəbuledilməzdir. Eyni zamanda, Gürcüstan hökuməti “xarici agentlər” barədə qanuna veto qoymuş ölkə prezidenti Salome Zurabişvilini ABŞ və Qərbə casusluq etməkdə, gürcü xalqının maraqlarına zərbə vurmaqda suçlayır. Prezident Salome Zurabişvilinin Qərbə xidmət göstərmək üçün “xarici agentləri” dəstəklədiyini vurğulayır. Və bu, o deməkdir ki, Gürcüstan prezidenti hazırda Qərbin əsas agenti olaraq, təqdim edilməkdədir.

Untitled-design-2024-04-30T145936.074.jpg (254 KB)

Göründüyü kimi, rəsmi Tiflisin ABŞ və Qərblə ziddiyyətləri dərinləşməyə doğru inkişaf etməkdədir. Xüsusilə də, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin prinsipial mövqe tutması situasiyanın daha da qəlizləşə biləcəyindən xəbər verir. Hər halda, Gürcüstan baş naziri son vaxtlar ABŞ və Qərbi yalnız Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham etmir. Eyni zamanda, Qərbi əsl beynəlxalq qalmaqal yarada biləcək davranışda suçlayır. Və bu, qarşıdurmanın davam etməsinə elə əvvəlcədən tam təminat verir.

Məsələ ondadır ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze avrokomissarlardan birinin onu ölümlə təhdid etdiyini bildirib. Gürcüstan baş nazirinin dediyinə görə, adını çəkmədiyi həmin avrokomissar telefon söhbəti zamanı ona Slovakiya baş naziri Robert Fitsoya qarşı sui-qəsdi xatırladıb və dolayısı ilə ona qarşı da eyni hadisənin təkrarlana biləcəyinə eyham vurub: “Avrokomissar mənə “xarici agentlər” barədə qanuna reaksiya olaraq, Qərbin ata biləcəyi bir sıra addımları sadaladı. Sondasa, Slovakiya baş nazirinə sui-qəsdi xatırladaraq, mənə daha ehtiyatlı olmağı məsləhət gördü”.

weded.png (1.50 MB)

Belə anlaşılır ki, ABŞ və Avropa Birliyi rəsmi Tiflisin prinsipial mövqeyindən və “xarici agentlər” barədə qanundan ciddi şəkildə narahatdır. Qərbdə anlayırlar ki, əgər, bu qanunun tətbiqi reallaşarsa, Gürcüstanda ABŞ və Avropa Birliyinə xidmət göstərən casusların fəaliyyət məkanı və imkanları ciddi şəkildə məhdudlaşmış olacaq. Ona görə də, Qərb rəsmi Tiflisə təzyiq göstərərək, öz “qrant agentirası”nı qorumağa cəhd edir. Və bu məqsədlə də ən radikal addımlara hazır olduğunu sezdirir.

Hər halda, Gürcüstan hökuməti hazırda ABŞ və Qərbin sərt təzyiqlərinə müqavinət göstərmək məcburiyyətində qalıb. Gürcüstan baş naziri rəsmi Tiflisin müxtəlif təhdidlərlə şantaj olunduğunu da açıq şəkildə etiraf edir. Şəxsən ona qarşı sui-qəsd xəbərdarlığı isə bütün siyasi çərçivələrin aşılması anlamı daşıyır.

Hər halda, bu xəbərdarlıq əslində, həm də, siyasi terror məzmunu daşıyır. Avropa Birliyinin təmsilçisi tərəfindən belə bir xəbərdarlığın edilməsi bu qurumun yolverilməz metodlara meyl göstərməsindən şübhələnməyə əsas yaradır. Və bu baxımdan, siyasi terror metodunun artıq Avropa Birliyi məkanına da sıçramaqda olduğunu düşünmək olar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bənzər yazılar