Top.Mail.Ru
DÜNYA

Ukrayna üçün son tarix – müharibə bitir, ölkə NATO-ya girir?

Ekspert: “Qərbdə səslənən bu kimi fikirlər Rusiyanı daha da aqressivləşdirir”

NATO-nun ABŞ-da keçiriləcək iyul sammiti yaxınlaşdıqca Vaşinqton daha aydın şəkildə Ukraynanı alyansa qoşulmağa dəvət edə bilər. Bu barədə Qərb mənbələri bildirir. Bayden və administrasiyasının digər mühüm vəzifəli şəxsləri açıq şəkildə deyirlər ki, müharibədən əziyyət çəkən Ukrayna yekunda bloka qoşulacaq.

Saytların yığılması Saytların yığılması

Dövlət katibi Entoni Blinken ötən həftə Kiyevdəki çıxışında bildirib ki, ABŞ Ukraynanı NATO-ya yaxınlaşdırır. Kiyev və onun NATO daxilindəki bəzi müttəfiqləri, xüsusən Şərqi Avropadakı müttəfiqləri Ukraynanın hələ müharibə vəziyyətində olduğuna, NATO-ya daxil ola bilməyəcəyinə baxmayaraq, çoxdan onun dəvət olunmasında israr edirlər. Keçən il Vilnüs sammitində NATO liderləri bildiriblər ki, Ukraynanın gələcəyi alyansdadır, lakin dəvətnamə verməyiblər və ya üzvlük müddətini müəyyən etməyiblər.

Hadson İnstitutunda Avropa və Asiya Mərkəzinin direktoru Piter Ruq deyir ki, Vaşinqtondakı növbəti sammitdə Ukraynaya üzvlük təklif etmək məntiqli olardı. Qoşulma tarixi isə bütün NATO üzvləri şərtlərin buna imkan verdiyini hesab etdikdən sonra müəyyən ediləcək: “2008-ci ildə Buxarest sammitində NATO üzvləri razılaşıblar ki, Ukrayna son nəticədə alyansa qoşulacaq, ABŞ da bunu dəstəkləyib. Lakin təxminən 16 il keçməsinə baxmayaraq, Ukrayna hələ də kənarda qalıb. Rusiya Ukraynada uduzsa, bu, Mərkəzi Asiyada, Qafqazda və Moldovada Rusiyanın nüfuzunu zəiflədə bilər. Buna görə də Qərb ilk növbədə ukraynalıları gücləndirməli və onlara döyüş meydanında uğur əldə etmək imkanı verməlidir”.

Öz növbəsində Pentaqonun rəhbəri Lloyd Ostin qarşıdakı həftələr və ayların müharibənin nəticəsi üçün kritik olacağını söyləyib. “Siz həftədən həftəyə Ukraynaya Amerika yardımının davamlı axınını görəcəksiniz. ABŞ artıq Ukraynanın bir çox təcili ehtiyaclarını qarşılayıb”, – deyə o vurğulayıb.

Bir qrup amerikalı konqresmen isə Ostinə məktub göndərərək, Ukraynanın Rusiya daxilindəki hədəflərə zərbə endirmək üçün ABŞ tərəfindən verilən silahlardan istifadə etməsinə icazə verilməsini tələb edib.

Bu arada (mayın 18-də) Ukraynada səfərbərliyin sərtləşdirilməsi haqqında qanun qüvvəyə minib. KİV-in məlumatına görə, hakimiyyətin məqsədi cəbhədə Rusiyanın hücumlarını dəf etmək üçün səfərbərliyi sürətləndirməkdir. Başqa sözlə, hökumət hərbi xidmətə cəlb olunanlarla bağlı müxtəlif məhdudiyyətləri və tədbirləri gücləndirməklə bu göstəricilərə nail olmağa çalışacaq. Yeni qanuna əsasən, yaşı 18-dən 60-a qədər olan bütün ukraynalı kişilər hərbi qeydiyyat və komissarlıqda məlumatlarını yoxlamalıdırlar. Bunun üçün iyulun 18-nə kimi 2 ay vaxt ayrılıb.

Bəs iyul ayı Ukrayna üçün doğrudanmı kritik ola bilər? Müharibə bitir, Ukrayna NATO-ya alınır? 

Ramil Məmmədli: “Azərbaycan ordusu nəzarət imkanlarını gücləndirdi”  Pravda.az

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, NATO müharibə başlayan gündən Ukraynada mövcuddur: “Əslində Ukraynada müharibə başlanan ilk gündən NATO ölkələri faktiki olaraq müharibənin tərkib hissəsinə çevriliblər. Təminat, təchizat, şəxsi heyətin hazırlanması istiqamətində NATO ölkələri də müharibənin iştirakçısıdır. Ukrayna hərbçiləri həmçinin NATO ordularında təlim keçirlər. Həm də NATO ölkələrinin təlimçiləri Ukrayna ordusunda xidmət aparır. Bu baxımdan NATO-nun Ukrayna müharibəsində iştirak etmədiyini söyləmək doğru olmaz”.

Hərbi ekspert hesab edir ki, Fransanın Ukraynaya qoşun göndərmək təklifi və bəzi NATO ölkələrinin həmin təklifə dəstək olması, sadəcə olaraq, Rusiyaya hərbi-siyasi kontekstdə təzyiq vasitəsidir: “NATO açıq şəkildə müharibəyə qoşularsa, həm müharibənin miqyası böyüyəcək, həm də tələfat, itkilər, dağıntıların miqdarı artacaq. Belədə, dolayısı ilə üçüncü dünya müharibəsinin əsası qoyular. NATO-nun lokomotivi olan ABŞ Rusiya ilə açıq müharibədən çəkinir. Daha doğrusu, Parisin fikrini dəstəkləmir”.

Ramil Məmmədlinin sözlərinə görə, Qərbdə səslənən bu kimi fikirlər Rusiyanı daha da aqressivləşdirir. Halbuki NATO ölkələri hərbi birləşmələrinin Ukraynaya daxil olması hazırkı mərhələdə mümkün deyil: “Amma müharibənin miqyası böyüsə, Rusiya Kiyev istiqamətində irəliləməyə çalışsa, yalnız bu halda NATO ölkələrinin hərbi koalisiyası Ukrayna ərazisinə daxil ola bilər. Lakin bu hadisə müharibənin miqyasını daha da böyüdəcək. Hətta Şərqi Avropa da müharibə poliqonuna çevrilə bilər”.

Bənzər yazılar