Büdcənin şərhi: Devalvasiya qərarı niyə gözlənilmir? – VİDEO

2021-ci ilin dövlət və icmal büdcəsinin layihələri artıq Milli Məclisə təqdim edilib. Layihədə dövlət büdcəsinin gəlirləri 25 mlrd 427,0 milyon manat, xərcləri 28 mlrd 543 milyon manat nəzərdə tutulub. Büdcə kəsirinin yuxarı həddi isə 3 mlrd 116 milyon manat məbləğində nəzərdə tutulub.
Keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifov büdcə layihəsini “MediaPost”a şərh edərkən bildirdi ki, 2021-ci ilin büdcə layihəsi parametrlər baxımından pozitiv layihədir: “Sənəddən görünür ki, hökumət növbəti ildən postpandemiya dövrünə keçiləcəyini gözləyir”.
İqtisadçı ekspert Rəşad Həsənov isə hesab edir ki, büdcə layihəsi gözləniləndən daha mühafizəkardır: “İşğaldan azad olunan ərazilərdə infrastrukturun bərpasına daha çox xərc çəkiləcəyi proqnozlaşdırılırdı. Lakin bu xərcin aşağı olması, büdcə kəsirini də aşağı salıb”.
Ekspert büdcə layihəsinin devalvasiya ehtimalını aşağı endirdiyini bildirib. Həmçinin əlavə edib ki, layihə tələsik hazırlanıb və növbəti ilin ortalarında yenidən dəqiqləşdirilə bilər.