Top.Mail.Ru

GÜNDƏM

Azərbaycan-İsrail əlaqələri yeni MÜSTƏVİDƏ – Regionda ciddi dəyişikliklər OLACAQ…

Azərbaycan İsraildə səfirliyini açacaq. Bu, əslində çoxdan gözlənilən və bəlkə də gecikən bir qərardır. Ancaq bütün hallarda ekspertlər, siyasi şərhçilər Azərbaycanın bu addımını yerində verilmiş qərar hesab edirlər.

İsrail bir müsəlman ölkəsi olmasa da, Azərbaycana heç zaman qonşu müsəlman ölkəsinin etdiyi naqisliyi etməyib. Əksinə, hər zaman bu ölkədən dəstək görmüşük və əməkdaşlığa sadiq olub, sayğıya qüsur etməyiblər.

Məlumat üçün bildirək ki, İsrail və Azərbaycan 30 ildir müxtəlif sahələrdə əlaqələr qurub, 1993-cü ildən Bakıda İsrail səfirliyi fəaliyyət göstərir.

166878553812717622_1000x669.jpg (271 KB)

Ümumilikdə isə Azərbaycan-İsrail münasibətləri 1990-cı illərin sonundan etibarən strateji xarakter daşıyır.

Çox uzağa getməyək, 44 günlük Vətən müharibəsini yada salaq. Yəqin ki, həmin zaman əksəriyyətimiz “İsrail dronları” ifadəsini işlədir, Müdafiə Nazirliyi tərəfindən yayılan erməni tanklarının, texnikalarının məhv edilməsi kadrlarını görəndə qardaş Türkiyə ilə bərabər İsrailin də adını xoş sözlərlə yad edirdik.

Qərb ölkələri Azərbaycana silah-sursat satmaqdan imtina etdiyi bir zamanda İsrail haqq-ədalətin yanında oldu. İsrail bir müsəlman ölkəsi olmasa da, müsəlmanların ibadət yerlərinə, tarixi abidələrinə qarşı edilən vandallığı qəbul etmədi. İsrail bəzi dövlətlərdən fərqli olaraq Azərbaycanın haqq səsini eşitdi və ondan yana oldu.

Bu gün Azərbaycan-İsrail münasibətləri yalnız ikitərəfli deyil, regional əhəmiyyət daşıyır. Bu ilin avqust ayında Türkiyə ilə İsrail uzun sürən danışıqlardan sonra qarşılıqlı olaraq hər iki ölkədə səfirliklərin açılması barədə yekun razılığa gəldilər. Məlumdur ki,  hal-hazırda Yaxın və Orta Şərqdə əsas siyasəti müəyyən edən dövlət Türkiyə və İsraildir. Ancaq bu iki ölkə arasında məlum səbəblərdən münasibətlər gərginləşmişdi. Məhz iki ölkənin əlaqələrinin bərpasında Azərbaycanın böyük rolu oldu. Bunu həm Rusiya, həm Türkiyə, həm də İsrail mətbuatı da dəfələrlə vurğulayıb. Bildiriblər ki, bütün bunlar Prezident İlham Əliyevin necə güclü  lider olduğunun göstəricisidir.

Ötən günlərdə İsrailin baş naziri Yair Lapid bildirib ki, Türkiyə ilə münasibətlərin bərpası regional sabitlik üçün vacibdir. Baş nazir  deyib ki, İsrail və Türkiyə münasibətləri tamamilə normallaşdırmaq qərarına gəlib…

Bəs Bakı nə üçün səfirliyi məhz indi açdı?

Səfirliyin açılmasının məhz indi açıqlanması təsadüf deyil –Azərbaycanın yaxın dostu, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevlə birlikdə iki ölkə arasında strateji tərəfdaşlığın əsasını qoymuş B.Netanyahu İsraildə hakimiyyətə qayıdır.

Ölkədə keçirilən növbədənkənar parlament seçkisinin nəticələri cənab Netanyahu üçün düşərli oldu, belə ki, “Likud”, “Dini Sionist” Partiyası, Birləşmiş Tövrat Yəhudiliyi və “Şas”ın daxil olduğu Netanyahu bloku 61 yerlik həddi keçib və növbəti koalisiyanı qura bilmək hüququnu qazanıb. İsrail-Azərbaycan dostluğu kimin hakimiyyətdə olduğundan asılı olmayaraq inkişaf tempinə malikdir. Amma o da faktdır ki, Azərbaycan-İsrail münasibətlərinin bünövrəsini əsasən Netanyahunun zamanında qurulub. Enerji təhlükəsizliyi məsələsində, hərbi təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq məsələlərində daha yüksək nəticələr əldə edilib. İndi də əməkdaşlığın daha da güclənəcəyi şübhə doğurmur.

Kimlərsə İsrail-Azərbaycan münasibətlərində yenə də bir alət kimi dindən istifadə edib, bu siyasi proseslərə müxtəlif don geyindirməyə cəhd edə bilər. Ancaq bu cür qara fikirlər Azərbaycanın siyasətinə yaddır. Azərbaycan heç zaman dindən nə alət kimi istifadə edib, nə də hər hansı bir oyunlara qoşulub. Azərbaycan İsraillə eyni gündə Fələstində də diplomatik nümayəndəliyin açılmasını bəyan etdi. Bunun özü  Azərbaycanın  islam həmrəyliyi prinsiplərinə və dəyərlərinə sadiqliyinin göstəricisidir.

“İsrailin hər zaman beynəlxalq təşkilatlarda bizə dəstəyini görmüşük. Xüsusilə indi dost ölkə ilə, o ölkə ki, 44 günlük Vətən müharibəsində Azərbaycana yardım göstərib, Azərbaycanın haqq səsinə səs verib, bu ölkə ilə əlaqələri genişləndirməliyik”.

Bunu Milli Məclisin iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın İsrailin Tel-Əviv şəhərində səfirliyinin açılması ilə bağlı sənədi Prezident İlham Əliyev təqdim edib: “Bununla Azərbaycan-İsrail münasibətləri daha yüksək, yeni müstəviyə keçir. Xalqlarımız arasında əlaqələr daha da inkişaf edəcək”.

Bu kimi açıqlamalara ötən gün İsraildən də reaksiya verilib. Belə ki, sözlər İsrail Təhlükəsizlik Akademiyasından bildirilib ki, Milli Məclisin Azərbaycanın İsraildə səfirliyinin açılması qərarını qəbul etməsi çox sevindirici haldır.

Qeyd edilib ki, qardaş Azərbaycan hökumətini və xalqını bu tarixi və əlamətdar qərarın qəbul edilməsi münasibətilə təbrik edirik: “İsrail dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Azərbaycan müstəqilliyini qazandığı gündən məhz İsraillə çox yüksək əlaqələrə malikdir. Bu əlaqələr zamanla qardaşlıq müstəvisinə və müttəfiqliyə yüksəlib”.

Qeyd olunub ki, azərbaycanlılarla yəhudilərin dostluğu və qardaşlığı minilliklər öncəyə gedib çıxır: “Əsrlərdir Azərbaycan və Yəhudi xalqı arasında sarsılmaz dostluq və qardaşlıq bağları var. İsraillə əlaqələrin daha da genişlənməsində və inkişaf etməsində xalqların qardaşlığı böyük rol oynayıb. Bu dostluq və qardaşlıq bağları daha da möhkəmlənməli və dərinləşməlidir. İsraildə Azərbaycanın səfirliyinin açılması hər iki ölkə‚ dövlət və xalq üçün uğurlu və düşərli olacaq. Həmçinin münasibətlərin daha da dərinləşməsinə təkan verəcək. Bu‚ hər iki ölkənin siyasi‚ strateji və təhlükəsizlik maraqlarına xidmət edəcək”.

Ekspertlər bildirirlər ki, bu əlaqələr ümumilikdə region üçün faydalıdır və müsbət nəticəsini yaxın gələcəkdə hər kəs görəcək. //Musavat.com

Bənzər yazılar

Back to top button