Top.Mail.Ru
GÜNDƏM

Qarabağda Cənubi “Osetiya -2” SSENARİSİ? – Şuşa Bəyannaməsi məkrli OYUNLARA QARŞI…

“Rusiyanın verəcəyi qərarları proqnozlaşdırmaq mümkün deyil. Bakının antiterror əməliyyatları sırasına rus sülhməramlıları qarışacaq və 1-2 sülhməramlı öldürüləcək. Ondan sonra rus deyəcək ki, bizim sülhməramlılara qarşı bir fəaliyyət var, biz ora ordu yeridirik”.

KAİM.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Fuad Abbasov “TV Müsavat”ın efirində deyib. Qeyd edək ki, söhbət əslində Osetiya ssenarisindən gedir. Belə ki, 2008-ci ilin avqustundakı “5 günlük müharibə” zamanı Rusiya məhz Cənubi Osetiyadakı bir neçə “sülhməramlı”nın öldürülməsini bəhanə edərək Gürcüstana ordu yeritmişdi. Sonrası məlumdur. Moskva Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” tanıdı, onları faktiki ilhaq elədi. Hərçənd Qarabağın Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq, Rusiya ilə quru sərhədi yoxdur. Hər şey qırağa, Azərbaycanın Türkiyə ilə imzaladığı 15 iyun (2021) və hər iki ölkə parlamentlərinin ratifikasiya etdiyi Şuşa Bəyannaməsi var. Yeri gəlmişkən, İlham Əliyev 25 noyabr tarixli çıxışında “Türkiyənin ordusu bizim ordumuz, bizim ordumuz Türkiyənin ordusudur” ifadəsini işlədib. Yəni Azərbaycana ordu yeritmək istəyən qarşısında Türkiyəni də görəcək. Başqa yandan, Ukrayna bataqlığında uzun müddətə ilişib qalan Moskva az sayda qalan tərəfdaşlarından ikisinin – Azərbaycan və Türkiyənin ona qarşı “İkinci cəbhə” açmasını istəyərmi? Hansı ki, Qərb üçün göydəndüşmə olardı. Biz hələ nüvə dövləti, qardaş Pakistanın, İsrailin, lap elə Qərbin özünün bizə dərhal işə düşəcək hərbi və başqa dəstəyini demirik. Rusiya bütün bunları nəzərə almadan Qarabağda “Osetiya ssenarisi” gerçəkləşdirməyi ağlından necə keçirə bilər?

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşula bilər, bəs Azərbaycan...

Elşən Mustafayev: “Azərbaycana qarşı açıq müharibəyə başlamağa risk etməyəcəklər”

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Putinin hər zaman mövcud olan hədəfinin yenə də qüvvədə qaldığını qeyd etdi: “Qarabağ məsələsində Rusiyanın mövqeyinin dəyişməməsi hər zaman aydın görünüb. Yanaşmalarda dəyişikliklər olsa da, əsas hədəfləri yerindədir. Putin təsadüfən dəfələrlə təkrar edib demir ki, Cənubi Qafqaz yalnız Rusiyanın təsir dairəsində olmalıdır. Əslində dediyi bu ifadə belə onun düşündüklərinin yanında çox yumşaqdır. Çünki hədəfdə siyasi və iqtisadi tərəfdən real olaraq müstəqillikləri məhdudlaşdırılmış bir ittifaqın yaradılması arzusu var. Buna nail olmaq imkanlarının səviyyəsi isə başqa mövzudur. Bu istiqamətdəki planlarını reallaşdırmaq məqsədilə Ukrayna bataqlığında olmasına rəğmən ondan hər şey gözləmək olar. Kimsə deyə bilər ki, tamam başqa istiqamətdə özü üçün yeni qaynar ocaq yaratması Rusiya üçün ağılsızlıq olardı. Zatən ağlı olsa idi, Ukraynada hazırkı durumla qarşılaşmazdı və bütün sahələrdə sürətli çöküşə doğru irəliləməzdi. O səbəbdən təzyiq vasitəsi olan Qarabağ kartından maksimum istifadə etməklə istədiklərinə nail olmağa çalışacaqlar. Bunu Azərbaycanla genişmiqyaslı müharibə vasitəsilə etməyinə inanmıram. Amma 44 günlük müharibədən sonra bölgəyə yeridilən sülhməramlıların əslində strateji hədəflərə xidmət edən bir hərbi baza olduğunu unutmaq lazım deyil. Dövlət rəsmiləri məlum səbəblərdən özləri belə ifadələr işlətməsələr də əksini sübut etməyə cəhdlər göstərmirdilər. Hazırda vəziyyət o yerdədir ki, artıq dövlət başçısı da sülhməramlıların nəzarət etdiyi ərazilərdə missiyalarına uyğun olmayan işlərlə məşğul olduğunu və Rusiya hakimiyyətinin bunun başında durduğunu deyir. Rusiya vətəndaşı olan milyarder Ruben Vardanyanın Xankəndinə göndərilməsi, qısa müddət sonra “dövlət naziri” olması və hazırda sülh müqaviləsinin bağlanması əleyhinə işlər görməsi hər şeyi deyir. Yəni Rusiya hər iki dövlətə təzyiq etmək məqsədilə mövcud olan yeganə vasitəni əlindən verməmək üçün bütün vasitələrdən, o cümlədən təxribatlardan istifadə etməkdən çəkinməyəcək. Bütün bunlara rəğmən regionda ermənilərin əli ilə lokal qarşıdurmalar, qısamüddətli atışmalar və s. təşkil etməyə çalışsalar da, dediyim kimi, Azərbaycana qarşı açıq müharibəyə başlamağa risk etməyəcəklər. Xankəndi və ətraf kəndlərdəki ermənilərə Rusiya pasportu da verə bilər, digər işlərlə də məşğul ola bilər. Lakin bu gün nəzarətində olan torpaqlarımızda Cənubi Osetiya və Abxaziya ssenarisini həyata keçirə bilməyəcəklər. Bunun üçün nə münbit şərait, nə də ki, qarşısında susacaq bir dövlət var. Türkiyə və Azərbaycan arasında mövcud olan hərbi müttəfiqlikdən çəkindiklərini və açıq şəkildə narahat olduqlarını dilə gətirməklə ruslar daha ehtiyatlı davranmağa məcburdurlar”.

Ekspert daha bir vacib məqama da toxundu: “Son vaxtlar Rusiya tv-lərində baş tutan verilişlərdə məhz bu aspektə ciddi yanaşmaları və bunun onları çox qıcıqlandırdığı da açıq görünür. Amma Rusiyanın tez-tez adekvat olmayan addımlar atması təcrübəsi olduğundan Azərbaycan və Türkiyə hər şeyə hazır olmalı və daha doğrusu, hər şeyi qabaqlayan və qarşı tərəfin planlarının həyata keçməsinə əngəl olan işləri gücləndirməlidir. Hesab edirəm ki, Türkiyə hərbiçilərinin Azərbaycan əsgərləri ilə birlikdə istənilən ad altında təmas xəttinə yaxın ərazilərdə yerləşdirilməsinin və bu istiqamətdə digər işlərin görülməsinin zamanı çatıb”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi - ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu: “Rus hərbçilərin Qarabağda qalmasına cəhdlər olacaq”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan üçün çox təhlükəli olan bir məqama toxundu: “Nə qədər ki, rus hərbçilər Qarabağdan getməyib, müxtəlif təxribatlarla üz-üzəyik. Separatçılara yenə də silah ötürülür, tikinti işləri aparılır. Sosial obyektlər də tikilir. Azərbaycan əleyhinə Rusiya hərbçiləri açıqlamalar verirlər. Bəyanatdakı açıqlamalarında erməni ifadələrinə yer verirlər. Bütün bunların hamısı ölkəmizə qarşı təxribatdır. İstisna etmirəm ki, Qarabağda ermənilərə rus pasportları da paylanılır ki, bu da Azərbaycan üçün böyük təhlükə mənbəyidir. İndi vəziyyət gərgindir. Hər an Azərbaycan Ordusu yenə də haqlı olaraq, antiterror əməliyyatı həyata keçirə bilər. Bu zaman da rus hərbçiləri ilə üz-üzə qalmaq riski var. Əlbəttə, əgər hər iki tərəfdən itkilər olarsa, bizə qarşı sərt açıqlamalar verəcəklər. Düzdür, Azərbaycan Gürcüstan deyil. Rusiyanın Gürcüstanla əvvəllər də münasibətləri pis idi. Toqquşmalar olarsa, Rusiya tərəfindən itkilər baş verərsə, rus hərbçilərin Qarabağda qalmasına cəhdlər olunacaq, daha çox qoşun yeritməyə çalışacaqlar. Bu da Azərbaycan-Rusiya münasibətlərini obyektiv səbəblərdən gərginləşdirəcək”. //Yeni Müsavat

Bənzər yazılar

Back to top button