Top.Mail.Ru
GÜNDƏM

Azərbaycanda soğan ixracına müvəqqəti qadağa qoyulması təklif edilir

Rusiya-Ukrayna münaqişəsi, dünyada soğan tədarükündə önəmli yer tutan Pakistanda təbii fəlakətlər, hazırda Avropa bazarının soğana olan təlabatını ödəyən Niderlandda ciddi quraqlığın müşahidə edilməsi dünyada soğana olan tələbatı artırıb, qiymətini isə kəskin bahalaşdırıb. Eskpertlər hesab edirlər ki, artıq Avropada və Mərkəzi Asiyanın bir sıra ölkələrinin bazar iştirakçıları soğanın topdansatış qiymətini hər kiloqram üçün 1,5-2 ABŞ dollarına təklif edəcəklər.
Kaim.az dünyada baş verən proseslərin Azərbaycan bazarına təsirini araşdırıb. Hazırda yerli bazarda soğanın pərakəndə qiyməti hər kiloqram üçün 0,90-1,10 manat atrafındadır. Halbüki bir neçə həftə əvvəl 0,50 manata təklif edilirdi. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə vəziyyəti şərh edərkən “Report”a bildirib ki, 2022-ci ilin dekabr ayı və cari ilin yanvar ayında soğanın qiyməti son 5 ilin müvafiq dövrləri ilə müqayisədə ən maksimum həddə (0,70 AZN/kq) yüksəlib: “Qiymət artımı əsasən region bazarlarında, xüsusilə də MDB ölkələri bazarlarında qeyri-sabitliyin yaranması ilə izah olunur. Ölkədə soğan istehsalı yazlıq və payızlıq olmaqla, əsasən iki mövsümdə həyata keçirilir. Yazlıq soğanın əkini yanvar-fevral aylarında, məhsul yığımı isə həmin ilin avqust-sentyabr aylarında aparılır. Payızlıq soğanın əkini isə avqust-sentyabr aylarında, məhsul yığımı növbəti ilin aprel-may aylarında aparılır”. F.Fikrətzadə deyib ki, Ukraynada kommersiya məqsədləri üçün soğan istehsalının təxminən 80 %-nin cəmləşdiyi cənub rayonlarının işğalı dünya bazarına ən azı 20 min ton soğanın çıxarılmasını məhdudlaşdırıb. Digər tərəfdən Ukrayna Polşa, Rumıniya, Moldova, Azərbaycan, Qazaxıstan və Türkiyədən soğan idxal etməyə məcbur olub ki, bu da həm regionda, həm də ölkə daxilində soğanın qiymətinin qalxmasına səbəb olub. Yeni ilin əvvəlində qiymətlər dekabr ayının sonu ilə müqayisədə 12 % artıb”. O qeyd edib ki, Rusiyada soğan ötən ilin sonu ilə müqayisədə 6,3 % bahalaşıb: “Hazırda bu ölkədə soğanın orta topdansatış qiyməti 0,32-0,35 ABŞ dolları/kq arasında dəyişir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanda ilin əvvəlində müşahidə olunan anomal şaxtalar izolyasiya edilməmiş anbarlarda saxlanılan böyük soğan ehtiyatını məhv edib. Pakistanda 2022-ci ilin ortalarında baş verən daşqınlar soğan əkinlərinin əhəmiyyətli hissəsini məhv edib. Nəticədə dünyanın ən böyük ixracatçılarından olan Pakistan idxalçıya çevrilib, İrandan, Özbəkistandan, Türkiyədən, hətta Əfqanıstandan soğan tədarük etməyə başlayıb. İranda mövsümi amillərlə yanaşı ölkənin cənubunda yağan yağışlarla əlaqədar olaraq daşınmada fasilə yaranıb, eləcə də Pakistana və İraqa soğan ixracı artıb. Türkiyədə soğanın topdansatış qiyməti 0,60 ABŞ dolları/kq-a yaxınlaşır. Gürcüstanda soğanın topdansatış qiyməti 0,60 ABŞ dolları/kq-a qalxıb ki, bu da ötən illə müqayisədə 2 dəfə yüksək qiymətdir. Bahalaşmanın Türkiyə, İran və Misirdə təzə məhsul çıxana – may ayına qədər davam edəcəyi ehtimal olunur”. F.Fikrətzadə hesab edir ki, bir sıra ixracatçı ölkələrdə daxili bazarı tənzimləmək üçün ixraca qoyulan qadağalar yaxın gələcəkdə soğana tələbatı artıracaq, qiymətlərin bahalaşmasına təkan verəcək: “Həmçinin martın 23-dən başlayaraq aprelin 22-dək davam edəcək Ramazan ayında bir çox ölkələrdə soğana tələbatın artması da qiymətlərin yüksəlməsinə səbəb olacaq. Artıq Şərqi Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində bazar iştirakçıları soğanın topdansatış qiymətlərinin 1 ABŞ dolları/kq səviyyəsinə çatmaq perspektivindən açıq şəkildə danışırlar. Bu isə o deməkdir ki, pərakəndə satış qiymətləri görünməmiş həddə – 1,5-2 ABŞ dolları/kq-a qalxa bilər”. Mərkəzin direktoru qeyd edib ki, soğan istehsalında yeni məhsul aprelin sonu-mayın əvvəlində çıxır: “Məqsədə uyğun olardı ki, yeni məhsulun çıxdığı dövrə qədər soğanın ixracına məhdudiyyət qoyulsun, idxalına isə güzəştlər tətbiq edilsin. Azərbaycandan köhnə soğan ixrac edilmir, yalnız yazlıq faraş soğan ixrac edilir. Lakin region bazarlarındakı qeyri-sabit vəziyyəti nəzərə alsaq bizdən də köhnə soğan ixrac edilə bilər”. Qarabağ-Aran Soğan İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Vüqar Babayev qeyd edib ki, hazırda Azərbaycanda soğanın pərakəndə satış qiyməti 0,70 manatdır:” Soğan Azərbaycanda başqa ölkələrə nisbətən elə baha deyil. Bir ay bundan əvvəl soğanın topdan satış qiyməti 0,43 manat təşkil edirdi. Hazırda soğan ehtiyatı anbarlarda azalıb, həmçinin ölkəyə idxal da azalıb. Bazarda qış mövsümü ilə bağlı tələbat var və bu, mövsümüdür. Yəqin ki, 40 gündən sonra qiymətlər düşəcək. Çünki aprel ayının əvvəlində Qarabağ regionunda soğan yığımı başlayacaq. Təzə soğan çıxan kimi köhnə soğanın qiyməti düşəcək”. Bununla yanaşı, V. Babayev hesab edir ki, soğanın bahalaşması fermerləri qane edir. O vurğulayıb ki, soğana çəkilən xərcləri, həmçinin mineral gübrələrin, pestisidlərin dünya bazarlarında kəskin bahalaşmasını, soğan istehsalı zamanı sərf edilən insan əməyini nəzərə alsaq soğan ölkədə ucuzdur: “Bütün bu xərcləri maya dəyərinə əlavə edəndə fermerə 0,70 manata soğanı satmaq sərf etmir. Azərbaycan bazarında soğanın qiyməti 3-5 qəpiyə, 20 qəpiyə, 1-2 manata da satılıb. Heç satılmayıb sahədə də qalıb. Azərbaycan öz istehsal etdiyi soğan hesabına daxili bazarı təmin edə bilər. Ona görə də Azərbaycan bazarında soğan idxalına bir o qədər ehtiyac yoxdur”. V. Babayev bildirib ki, 2022-ci il mövsümündə Qarabağ bölgəsində 27-30 min ton arası soğan istehsal edilib: “Daxili istehsal həcmlərini tam dəqiqliklə bilmək olmur, çünki xırda fermerlər də bazara məhsul çıxarırlar. Əsas odur ki, biz daxili bazarımızı ödəməklə yanaşı ixracda edirik”.

:

Bənzər yazılar

Back to top button