Top.Mail.Ru
GÜNDƏM

Səbail RİH-in müavini Xalidə Bayramova VƏZİFƏDƏN AZAD EDİLDİ

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.

KAİM.az-ın əldə etdiyi məlumata görə, bu barədə Səbail RİH başçısı Vüqar Zeynalov əmr imzalayıb.

X. Bayramovanın işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edildiyi bildirilir.

Səbail RİH-dən APA-ya məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Xalidə Bayramovanın qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib “COVID-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq, bu barədə tibbi sənədin verilməsini tələb edib.

Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilib və intizam məsuliyyətinə cəlb edilməsindən ötrü Səbail Rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilib.

Əlavə edək ki, X. Bayramova Prezidenti Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxınlığı ilə tanınır.

Onun adı 2019-cu ildə Səbail rayonu ərazisində yerləşən 162 nömrəli orta məktəbdə baş verən intihar hadisəsində də hallanıb. O vaxt məktəbli Elina Hacıyevanın intihar etməsində məktəb direktoru ilə bərabər X.Bayramovanın da günahkar olduğu iddia edilirdi. Lakin onun barəsində hər hansı hüquqi tədbir görülməyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button