Top.Mail.Ru
GÜNDƏM

Bütün dünyanın gözü Şuşada: Tarixi səfər hansı mesajları verəcək?

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Ərdoğan 27 il sonra Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərinə də gedəcək. Böyük maraqla gözlənilən Şuşa səfərinin proqramına əsasən orada iki qardaş ölkə – Azərbaycan və Türkiyə liderləri arasında görüş keçiriləcək.

Bəs Şuşa səfərinin nəticələri nədən ibarət olacaq? Şuşadan dünyaya hansı mesajlar ötürüləcək?
“Şuşa görüşü iki qardaş dövlətin birliyinin rəmzidir”
KAİM.az-ın məlumatına görə, bu barədə Bakupost.az -a danışan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Şuşa görüşü iki qardaş dövlətin birliyinin rəmzidir:
“Görüşün dünyaya verəcəyi ən əsas mesaj “Qarabağ Azərbaycandır” olacaq. Şuşa görüşü tarixi əhəmiyyət daşıyır. Çünki 27 ildən sonra düşmən tapdağı altından azad edilən torpaqlarda ilk dəfə iki qardaş ölkənin liderləri görüşəcək. Əlbəttə, bu xüsusda bütün dünya Şuşa görüşünü izləyəcək”.
“Ərdoğan bu səfər vasitəsilə bəzi dövlətlərə mesaj verəcək ki…”
Politoloq Qabil Hüseynli isə qeyd edib ki, bu gün Şuşada Azərbaycan və Türkiyə arasında mühüm əhəmiyyət kəsb edən sənədlər imzalanacaq:
“Bu sənədlər Azərbaycan və Türkiyəni strateji əməkdaşlığın ən yüksək mərhələsinə aparacaq. Zənnimcə, Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində Türk Hərbi Hava Qüvvələrinin (HHQ) bazası yaradılacaq. Orada sürətlə tikilən hava limanı isə Türkiyə HHQ-nin sərəncamına veriləcək. Bu, çox gözəl bir addım olacaq. Çünki bununla Azərbaycanın Cənubi Qafqazdakı rolu daha da artacaq.
Türkiyə Şuşadan demək istəyir ki, “mən Qafqazdayam, Qafqazda varam”. Ərdoğan bu səfər vasitəsilə bəzi dövlətlərə mesaj verəcək ki, biz burdayıq və artıq oyunlara son qoyulur”.
“Ərdoğanın Milli Qurtuluş Günündə baş tutan Şuşa səfəri təsadüfi deyil”
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə deyib ki, bu gün bütün dünyanın gözü iki liderin Şuşa görüşünə fokuslanıb:
“Cənab Prezidentin Türkiyə liderini məhz Şuşada qəbul etməsi, həmçinin orada iki ölkə arasında imzalanacaq sənədlər onu göstərir ki, yeni reallığı və yeni həqiqəti bütün dünya ictimaiyyəti başa düşməlidir. Başa düşülməlidir ki, Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan öz ərazi bütövlüyünü təxminən 30 ildən sonra bərpa edib. Ərdoğanın Azərbaycana səfəri bir neçə ay idi ki, gözlənilirdi. Tərəflər arasında çox vacib sənədlərin imzalanmasına görə bir müddət ertələnmişdi. Yəni may ayında nəzərdə tutulan səfər iyun ayında, 15 iyun günü Azərbaycan tarixində çox vacib olan Milli Qurtuluş Günü baş tutur. Düşünürəm ki, bu təsadüfi deyil. Türkiyənin son zamanlar ümumən bütün dünyada artan nüfuzuna şahidlik edirik. Birmənalı olaraq təbii ki, bu Azərbaycan üçün vacibdir. Çünki güclü Türkiyə, həm də güclü Azərbaycan deməkdir.
Tərəflər arasında hərbi, iqtisadi və siyasi sahədə bir çox vacib addımların atılması gözlənilir. Türkiyə Azərbaycan münasibətləri bu sənədlərlə artıq yeni müstəviyə keçəcək. Yəqin ki, dünyada ikinci belə dövlət olmayacaq ki, bugünkü sənədlərin imzalanması ilə bu qədər strateji, əhəmiyyətli, dərin münasibətlərə sahib olsunlar. Bu gün bütün dünyanın gözü iki liderin Şuşa görüşünə fokuslanıb. Şuşadan bütün dünyaya eyni zamanda, Ermənistan havadarlarına göndərilən ismarıcların şahidi olacağıq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button